08:35 18 Noyabr 2017
Canlı yayım
torpaq sahəsi

Torpaqlardan təyinatı üzrə istifadə etməyənləri 8 ilədək cəza gözləyir

allsat.ucoz.ru
İQTİSADİYYAT
Qısa URL
7101

Azərbaycanda torpaqları qeyri-qanuni zəbt edənləri və onlardan təyinatı üzrə istifadə etməyənləri 8 ilədək cəza gözləyir.

BAKI, 25 may — Sputnik. Azərbaycanda torpaqları qeyri-qanuni zəbt edənləri və onlardan təyinatı üzrə istifadə etməyənləri 8 ilədək cəza gözləyir.

Sputnik xəbər verir ki, Milli Məclisin Aqrar siyasət Komitəsinin bu gün keçirilən iclasında Cinayət Məcəlləsi və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər müzakirə olunub.
Məcəllədə nəzərdə tutulan dəyişkilik əsasən vəzifəli şəxs tərəfindən dövlətin müstəsna mülkiyyətində olan və özününküləşdirilməsi qanunla qadağan edilən torpaq sahələrinin bələdiyyə mülkiyyətinə və ya xüsusi mülkiyyətə verənlər 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

Belə ki, torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma, yəni torpaq sahəsinin hasarlanması, becərilməsi, üzərində tikinti və ya quraşdırma işlərinin aparılması, yaxud həmin torpaqdan istifadə edilməsinə başqa üsullarla maneə olmaya görə cəzalar sərtləşdirilir.

Məcəlləyə edilən dəyişikliyə görə, yuxarıda qeyd olunan hallar baş verdikdə həmin şəxslərin 1500 manatdan 3 min manata qədər cərimə və ya 240 saatdan 400 saata qədər ictimai işlər və ya 1 ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılması təklif edilir.

Eyni zamanda bu əməllər kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədildikdə qanun pozucularının 3 min manatdan 5 min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılması təklif edilir.

Dəyişikliyə əsasən qeyd olunan əməllər təkrar və ya şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə qanunu pozanların 5 min manatdan 7 min manatadək cərimə və ya 1 ildən 3 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılması təklif edilir.
Bundan başqa məcəllənin 314-1-ci maddəsi aşağıdakı redaksiyada verilir.

314-1-1. Vəzifəli şəxs tərəfindən dövlətin müstəsna mülkiyyətində olan torpaq sahələrinin bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya onlara icarəyə verilməsi haqqında qanunsuz qərar qəbul etmə — 3 ildək vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, 2 ildən 5 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

314-1-2. Vəzifəli şəxs tərəfindən dövlətin müstəsna mülkiyyətində olan və özünkiləşdirilməsi qanunla qadağan edilən torpaq sahələrinin bələdiyyə mülkiyyətinə və ya xüsusi mülkiyyətə verilməsi haqqında qərar qəbul etmə — 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə, 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Bundan başqa Məcəlləyə 314-2.1-1-ci maddə əlavə edilib.

Qanunvericiliklə müəyyən olunmuş qaydaları pozmaqla vəzifəli şəxs tərəfindən kənd təsərrüfatı təyinatlı torpaq sahələrini ayırma, yaxud həmin torpaq sahələrində tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə — 1 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 1 ildən 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 

Teqlər:
qeyri-qanuni zəbt, azadlıqdan məhrum etmə, islah işləri, ictimai işlər, cərimə, məcəllə, torpaq, torpaq üzərində mülkiyyət, vəzifəli şəxs, cəza, İclas, Milli Məclisin Aqrar siyasət Komitəsi, Azərbaycan

Əsas mövzular