22:14 12 Dekabr 2017
Canlı yayım
İlham Əliyev

"Cənub" qaz dəhlizi bu gün Avropada ən böyük infrastruktur layihəsidir

© AZƏRTAC
İQTİSADİYYAT
Qısa URL
5111

Azərbaycan Avropaya yaxın zamanlarda nəql edilə biləcək qazın yeganə yeni mənbəyidir.

BAKI, 22 may — Sputnik. "2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft boru kəməri istismara veriləndə biz artıq Avropanın enerji təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm bir addım atmışdıq. Bu gün Azərbaycandan daxil olan neft bəzi Avropa ölkələrinin enerji balansında 30-40 faiz təşkil edir".

Bunu "The Business Year" jurnalına müsahibəsində Azərbaycan prezidenti İlham Əliyev deyib.

Prezident qeyd edib ki, uzun illər Azərbaycan tərəfindən təşəbbüs olaraq irəli sürülmüş layihələr həm də "Cənub" qaz dəhlizinin reallaşmasına xidmət göstərib: "20 ildir ki, Azərbaycan öz enerji resurslarının dünya bazarlarına müxtəlif yollarla çıxarılması ilə bağlı gərgin iş aparır və geniş şaxələndirilmiş nəqliyyat infrastrukturuna malikdir. "Cənub" qaz dəhlizi bu gün Avropada ən böyük infrastruktur layihəsidir. Azərbaycan isə Avropaya yaxın zamanlarda nəql edilə biləcək qazın yeganə yeni mənbəyidir. Bu layihə bir neçə komponentdən ibarətdir. İlk növbədə, "Şahdəniz" qaz yatağının işlənilməsi, Azərbaycanı Gürcüstanla birləşdirən Cənubi Qafqaz kəmərinin genişləndirilməsi, Trans-Anadolu — TANAP layihəsinin icra edilməsi və Trans-Adriatik- TAP layihəsinin tikintisi "Cənub" qaz dəhlizini formalaşdıran seqmentlərdir".

Ölkə başçısı əlavə edib ki, Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trln. kubmetrdir, proqnozlaşdırılan ehtiyatların həcmi isə bundan iki dəfə artıqdır. Prezidentin sözlərinə görə, geniş şaxələndirilmiş infrastruktur imkan verir ki, Azərbaycan qaz ixracını istənilən istiqamət üzrə artırsın. "Hazırda "Cənub" qaz dəhlizinin tikintisi ilə bağlı bütün istiqamətlər üzrə ardıcıl iş aparılır. Keçən il sentyabrın 20-də Bakıda "Cənub" qaz dəhlizinin təməli qoyulmuşdur. Bu tarixin çox böyük rəmzi mənası var idi. Çünki bölgənin enerji xəritəsini dəyişmiş "Əsrin müqaviləsi" məhz 20 il əvvəl bu tarixdə imzalanmışdır. Bu ilin fevralında Bakıda "Cənub" qaz dəhlizi ölkələrini təmsil edən nazirlərin Məşvərət Şurasının iclası keçirilmişdir ki, bu da görüləcək işlərin əlaqələndirilməsi üçün çox önəmli addım olmuşdur. Cari il martın 17-də isə Türkiyənin Qars vilayətində Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin, həmçinin Avropa İttifaqı və ABŞ-ın nümayəndələrinin iştirakı ilə TANAP-ın təməlqoyma mərasiminin keçirilməsi "Cənub" qaz dəhlizinin reallaşdırılması baxımından olduqca əlamətdar hadisədir".

Dövlət başçısı bildirib ki, "Şahdəniz-2" və "Cənub" qaz dəhlizi layihələri Azərbaycanın neft strategiyasına yeni nəfəs verməklə yanaşı, həm də dünyanın enerji xəritəsini dəyişdirəcək və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında yeni vəziyyətin yaranmasına səbəb olacaq: "Çünki "Cənub" qaz dəhlizi enerji təhlükəsizliyi layihəsi kimi Avrasiyada yeni əməkdaşlıq formatının əsasını qoyur. Biz ilk mərhələdə üçtərəfli formatı yaratdıq — Türkiyə-Gürcüstan-Azərbaycan enerji, nəqliyyat, siyasi, iqtisadi, strateji tərəfdaşlıq formatı. Bu gün bu, real bir regional amil kimi özünü göstərir. İndi isə Yunanıstan, Albaniya və İtaliyanın bu prosesə qoşulması həmin formatı daha da genişləndirir. Eyni zamanda, "Nabukko" layihəsinin üzvü — Bolqarıstan artıq bizim layihədə iştirak edir. Rumıniya, Macarıstan da bu layihələrə qoşula bilər. Biz digər Balkan ölkələrinə də Azərbaycan qazının çatdırılmasını istəyirik. Hesab edirik ki, bu ölkələrlə həm istehlakçı, həm tranzit ölkələr kimi tərəfdaşlıq edə bilərik. Beləliklə, yeni əməkdaşlıq formatında iştirak edən dövlətlər həm də təbii müttəfiqlərə çevrilirlər və nəticə etibarilə Avrasiya bölgəsində çox ciddi və yeni bir müttəfiqlik formatı yaranır. Bunun həm siyasi, həm iqtisadi təsiri çox böyük olacaqdır. Buna görə də "Cənub" qaz dəhlizi sadəcə olaraq enerji layihəsi, boru kəməri deyil, bu, ciddi siyasi təşəbbüsdür".

Əsas mövzular