17:23 21 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9944
  • RUB0.0232
MƏDƏNİYYƏT
Qısa URL
1361 0 0

Müğənni Tünzalə Qəhrəman erməni mənşəli musiqiçinin komandasında olduğuna görə onu tənqid edən həmvətənlərinə cavab verib.

BAKI, 7 sentyabr — Sputnik. Caz müğənnisi Tünzalə Qəhrəman bu günlərdə Rusiyanın "Birinci" kanalında yayımlanan "Səs 60+" vokal layihəsinin dördüncü mövsümünün sonuncu mərhələsinə keçib. Münsiflər heyətinin üzvlərinin ifaçının üzünü görmədən səsini qiymətləndirdiyi dinləmələrdə T. Qəhrəman "Autumn Leaves" mahnısını ifa edib. Azərbaycanlı müğənninin ifasına erməni mənşəli Rusiya musiqiçisi Stas Namin (Anastas Mikoyan) dönüb və beləliklə də, Tünzalə onun komandasına düşüb.

Tünzalə Qəhrəman Sputnik Azərbaycana müsahibəsində sözügedən layihədə iştirakı və azərbaycanlıların onun erməni musiqiçisinin komandasına düşməsinə verdikləri reaksiya barədə ətraflı danışıb.

"Səs 60+" müsabiqəsinə necə düşüb?

– Dəqiq yadımda deyil, üç, ya dörd il bundan əvvəl idi, "Səs 60+" layihəsinin yaşı 60-ı keçmiş şəxslərin müsabiqəyə qəbulu barədə elanını görmüşdüm. Kompüterdən çox yaxşı istifadə edə bilmirəm, ona görə də bir tanışımdan xahiş etdim ki, ərizə göndərməyimə yardım göstərsin. Bir neçə dəfə müraciət etdim, axırda qəbul olundum. Müsabiqədə iştirak etmək üçün Moskvaya uçmalı idim, amma həmin vaxt koronavirus pandemiyası başladı.

Bu il yenidən müraciət etmək qərarına gəldim və nəhayət, alındı. Nəticədə iyun ayında Moskvaya seçim mərhələsinə yollandım və keçdim. Sonra Bakıya qayıtdım və məni yenidən Moskvaya dəvət etdilər. Ancaq Rusiyaya getmək üçün əlimdə kifayət qədər pul yox idi. Bir həftəyə lazım olan pulu topladım. Bu işdə mənə Azərbaycan İctimai Televiziyası, Mədəniyyət Nazirliyi və şəxsən Balaş Qasımov (İTV-nin sədri) kömək etdi. Mənə həm bilet aldılar, həm qalmağa mənzil tapdılar, həm də pul verdilər.

Hələ bilmirəm, Moskvada nə qədər qalacağam. İndi müsabiqənin "nokaut" mərhələsinə hazırlaşıram, hər şey ola bilər, ona görə də dəqiq bir söz demək çətindir. Layihənin finalı oktyabrın 1-də baş tutacaq. Əgər "nokaut"ları keçə bilsəm, hələ bir müddət burada qalacam.

İlk uğur

Açığını desəm, münsiflər heyətinin iştirakçıların üzünü görmədən ifasına qiymət verdikləri mərhələni keçəcəyimi gözləmirdim. Böyük məsuliyyət hissi var idi, çünki Azərbaycanı təmsil edirdim. Üstəlik, peşəkar müğənni də deyiləm. Sonuncu dəfə Bakıda Ayaz Salayevin dəvəti ilə Çarli Çaplinin yubileyindi səhnəyə çıxmışdım. Əsasən canlı deyil, fonoqramma ilə oxuyurdum.

Münsiflər heyətinin iştirakçıların üzünü görmədən ifasına qiymət verdikləri mərhələdə oxumağım üçün layihənin prodüserləri mənə "Autumn Leaves" mahnısını seçmişdilər. Ümumiyyətlə, mənim ifa etdiyim mahnıları prodüserlər seçirlər. Düzünü desəm, bu mahnını oxumaq istəmirdim...

Niyə erməninin komandasında?

Əslində mən Layma Vaykulenin komandasına düşmək istəyirdim. Ancaq biz əvvəlcədən münsiflər heyətində kimlərin olacağını bilmirdik, bunu yalnız dinləmələrə bir gün qalmış öyrəndik. Məlum oldu ki, Stas Naminin yerinə Andrey Makareviç olmalı idi, ancaq nədənsə alınmadı. Stas Namin isə bu layihədə iştirak etmək istəmirdi, bununla belə, onu yola gətirə bildilər. Bütün gecə Allah yalvardım ki, Naminin komandasına düşməyim, ancaq təəssüf ki, bizim arzularımız həmişə həyata keçmir. Mənim ifama yalnız Stas Namin geri döndü. O bildirdi ki, mən öz istedadımı lazımınca qiymətləndirmirəm. Mən ondan yalnız milliyətinə görə ehtiyat edirdim...

Dinləmələrdən sonra mənə çoxları yazmağa başladı ki, onun komandasında iştirak etməkdən imtina etməliyəm. Ancaq imtina etsəydim, zəiflik göstərmiş olardım. Axı mən onu yox, o məni seçmişdi. Stas Namin millətçi deyil. O həmişə deyib ki, erməni olsa da, Rusiya vətəndaşıdır, dörd arvadının dördü da rus olub. Namin mənə dedi ki, Rüstəm İbrahimbəyovla yaxşı münasibətləri var. Sən demə, bacısının yoldaşı da azərbaycanlıdır, sadəcə bunu hər yerdə açıb demirlər.

Yeri gəlmişkən, Stas Naminin komandasına düşdüyüm üçün bütün iştirakçılar mənə qibtə eləyirlər. Sonradan dedilər ki, mənim ifama Oleq Qazmanov da, Layma Vaykule də dönmək istəyiblər, amma guya Stas onları saxlayıb. Mən bütün bu səhnəarxası söz-söhbəti xoşlamıram. Bura Azərbaycanı təmsil etməyə gəlmişəm. Həmişə demişəm ki, azərbaycanlıyam və bununla fəxr edirəm. Düzünü desəm, bütün bu söz-söhbətlərdən yorulmuşam.

Yaxınları necə qarşıladı?

"Səs" müsabiqəsində çıxış edəcəyimi qızım bilmirdi. Xəbər tutanda sakit qarşıladı, amma çox da sevinmədi. Onu mən boya-başa çatdırıb tərbiyə versəm də, xasiyyətcə çox fərqlidir. Bütün tanışlarım məni dəstəklədi, amma heç kim pul vermədi (gülür). Düzünü desəm, heç istəməmişdim də. Üç yüz manatlıq pensiyamla dolanıram, hərdən qızım da kömək eləyir. Hərçənd, müsabiqədəkilər elə bilir, varlıyam. (Gülür).

Oxumaq həvəsi

Uşaqlıqdan musiqi həvəskarı idim, caz kompozisiyalarını daha çox sevirdim, radiodan dinləyirdim. Hətta o vaxt mədəniyyət naziri olan Rauf Hacıyev, Vaqif Mustafazadə, Rəşid Behbudov valideynlərimə zəng vurmuşdular. Ancaq onlar mənim müğənni olmağımı istəmirdilər. Həmişə deyirdilər ki, səhnə çirkabdır. Heç vaxt səhnəyə çıxmaq həvəsi ilə alışıb-yanmamışam. Sadəcə, yaxşı orkestrin müşayiəti ilə oxumaq istəmişəm.

Ailə qurduğum vaxt Moskvaya köçmüşdük, yoldaşımla beş il bir yerdə yaşayandan sonra ayrıldıq. Bir qızım var, ixtisasca hüquqşünasdır. Nəvəm də var, onu çox sevirəm!

Uzun illər Azərbaycan Milli Elmlər Akademiyasında işləmişəm, elə oradan da pensiyaya çıxmışam. Dostum Şahin Ağayev hətta AMEA-nın nəzdində "Rast" adlı orkestr də yaratmışdı. 1977-78-ci illərdə "Qızıl payız" müsabiqəsində birinci yeri tutduq. Eləcə də, 1979-cu ildə AzTv-də "Gənclik estradası" adlı proqramda qalib gəlmişdik. Təəssüf ki, sonradan orkestrimiz dağıldı.

Niyə müğənni olmadı?

Heç vaxt yalnız musiqi ilə məşğul olmağı arzulamamışam. İstəmişəm ki, həm işləyim, həm də oxuyum. Mənə dedilər ki, bundan sonra da tez-tez "Səs" layihəsinə fəxri qonaq kimi dəvət edəcəklər. Ancaq mənə bu lazım deyil. Türkiyəyə gedib orada çıxış etmək istəyirəm. Müsabiqə başa çatandan sonra yaxşıca dincəlməliyəm, çünki burada daim stress altında oluram.

Əsas mövzular