01:18 01 Avqust 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0193
  • RUB0.0232
MƏDƏNİYYƏT
Qısa URL
19 0 0

ProRes 4444 formatında çəkilən filmin xronometrajı 52 dəqiqədir. Aşıq Ələsgərin ana vətəni Göyçə mahalı bu gün düşmən əlində olsa da, onun həyatının və yaradıcılığının əhəmiyyətli bir hissəsi bu mahala qonşu Kəlbəcər ərazisi ilə bağlıdır.

BAKI, 8 iyul — Sputnik. Azərbaycan aşıq poeziyasını zirvələrə yüksəltmiş el sənətkarı, aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı, Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş etmiş Aşıq Ələsgərin anadan olmasının 200 illiyi ilə əlaqədar Mədəniyyət Nazirliyinin sifarişilə "Salnaməfilm studiyası" MMC-də "Aşıq Ələsgər 200" işçi adlı sənədli filmi istehsala buraxılıb.

Sputnik Azərbaycan xəbər verir ki, ProRes 4444 formatında çəkilən filmin xronometrajı 52 dəqiqədir. Aşıq Ələsgərin ana vətəni Göyçə mahalı bu gün düşmən əlində olsa da, onun həyatının və yaradıcılığının əhəmiyyətli bir hissəsi bu mahala qonşu Kəlbəcər ərazisi ilə bağlıdır.

Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsindən sonra Kəlbəcər rayonunun işğaldan azad edilməsi, həm də rəmzi olaraq tarixi Oğuz yurdu Göyçə mahalına açılan qapı olub. Bu gün Azərbaycan əsgərlərinin dayandığı mövqelərdən Aşıq Ələsgərin doğma kəndi Ağkilsə arasındakı məsafə cəmi 7 km-dir. Elə filmin finalı da bu notlar üzərində qurulacaq.

Filmin çəkilişləri Bakı, Gəncə, Göygöl, Daşkəsən, Goranboy, Tovuz, Şəmkir, Gədəbəy, Qazax və işğaldan azad edilmiş Kəlbəcər ərazisində, o cümlədən Türkiyə Cümhuriyyətinin Qars və İğdır vilayətlərində aparılacaq, arxiv foto və kino materiallarından, folklorşünas alimlərin və sənətkarların, eləcə də Aşıq Ələsgər ocağının nümayəndələrinin müsahibələri və kadrarxası diktor mətnindən istifadə ediləcək. Filmə bədii səhnələrlə rəng qatılacaq. Filmin çəkilişləri artıq Gədəbəy, Qazax rayonlarında aparılıb. Hazırda filmin çəkilişləri davam edir.

Qeyd edək ki, filmin ssenari müəllifi Füzuli Sabiroğlu, quruluşçu rejissoru Nizami Abbas, quruluşçu operatoru Üzeyir Abbas, montaj rejissoru Mübariz Nağıyevdir. İcraçı prodüser Azad Axundov, prodüser Nazim Hüseynovdur.

Əsas mövzular