04:06 06 Avqust 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0122
  • RUB0.0233
MƏDƏNİYYƏT
Qısa URL
9647 0 0

Valid Sənani və Ofeliya Sənani - onları hər kəs "Leyli və Məcnun" adlandırırdı. Məşhurların ibrətamiz sevgi hekayəsi haqqında milli radiomuzun və televiziyamızın əvəzolunmaz diktoru, Xalq artisti Ofeliya Sənani Sputnik Azərbaycan-a danışıb.

BAKI, 30 iyun — Sputnik. Azərbaycanlıların öz Sevgililər Günü var. 20 Yanvar şəhidi İlham Abdullayevlə xanımı Fərizənin toy tarixini sevənlər özləri üçün and günü seçiblər. 

Belə bir gündə hər kəsin vaxtilə "Leyli və Məcnun" adlandırdıqları Valid Sənani və Ofeliya Sənaninin ibrətamiz sevgi hekayəsini oxucularımızla bölüşmək qərarına gəldik. Milli radiomuzun və televiziyamızın əvəzolunmaz diktoru, Xalq artisti Ofeliya Sənaninin Sputnik Azərbaycan-a danışdıqlarından:

"Validin əməyini itirmək günah olar. O, mənim həm həyat yoldaşım, həm də bu sənətdə arxa-dayağım olub. Bəlkə də Validlə qarşılaşmasaydım, uğur qazanmazdım. Qadın şəxsi həyatında xoşbəxt olmasa, sənətində də uğur qazanması çətin olur. Uğur qazansa belə, xoşbəxt ola bilmir. Bu baxımdan mən xoşbəxt qadın olmuşam".

Ofeliya xanım ömür-gün yoldaşı ilə ilk tanışlığından danışıb: "Mən diktorluğa yeni başlayanda 18 yaşım var idi. Amma Valid öz sözünü demiş, peşəkar bir insan idi. Mən hələ radioda işləyəndə o, gəlib dayanırdı başımın üstündə, deyirdi, "Ofa, sən bunu necə oxudun? Təkrar oxu". Təkrar oxuyurdum onun üçün. O da mənə məsləhətlərini verirdi. Beləliklə, mənə redaktəni də öyrətdi. Sən demə, mənə könlü var imiş. Mənim üçün həmişə narahat olurdu, qorxurdu ki, nəyisə səhv edərəm, məni işdən çıxararlar. Ona görə də həmişə mənim mətnlərimi yoxlayıb sonra məni efirə buraxırdı. Başqa işçilərə və mənə olan münasibətindəki fərqi hiss edirdim. Ağıllı adam idi. Digər oğlanlar kimi tez yanaşıb, evlənmək istəyirəm, demədi. Zamanla mənim sevgimi qazandı – diqqəti ilə, qayğısı ilə. Hiss etdirdi ki, ürəyi mənim yanımdadır. Mən də bunu hiss edirdim".

© Photo : Khazar TV
Ofeliya Sənani

Gözəlliyi ilə çoxlarının qəlbini fəth edən Ofeliya xanıma gələn elçilərin ardı-arası kəsilmirmiş. Amma 18 yaşlı qız Valid Sənaniyə könül verib: "Qonşudan mənə elçi gəlmişdilər. Anamın stolunun üstünə bir boğça qızıl-brilyant gətirib tökdülər ki, biz Ofeliyanı istəyirik. Amma şərt kəsdilər ki, Ofeliyanın bu sahədə çalışmağına icazə verilməyəcək. Dedim, "ana, o qızıl-brilyantı qaytar özlərinə, mənə nə brilyant, nə də qızıl lazımdır. Mənim sənətim özü qızıldır. Nəyimə lazım qır-qızıl? Orada ki sevgi yoxdur, nəyimə lazım o ləl-cavahirat? Üstəlik, mən də artıq Validi sevməyə başlamışdım".

Olduqca kasıb bir ailəyə gəlin köçən Sənani gəlinlik belə, geyinməyib: "Mən Validə ərə gələndə heç nəyimiz yox idi. Heç mən gəlinlik paltarında getməmişəm. Çəhrayi rəngli paltarda gəlin köçmüşəm. Onu da özümüz tikdirmişdik. Çünki imkanı yox idi. Validin anası və atası ayrılmışdılar. Valid də anası ilə birlikdə İçərişəhərdə bapbalaca bir evdə yaşayırdı. Bir dəfə nişanlı vaxtı məni evlərinə çağırmışdılar. Çay qoydular, nə qənd, nə də konfet var idi. Baxdım ki, həddən artıq kasıbdırlar. Çünki təkcə Valid işləyirdi, onun da maaşı az idi. Anam dedi, "ay Ofa, sən bu cür ev-eşikdən çıxıb, belə daxmaya gedirsən? Yəni, sən Valid üçün bu qədər ölürsən? Deyirdim, "ana, mən istəyirəm ki, o, xoşbəxt olsun. Uşaq ikən də o heç gün görməyib. Qonşu nə verib, onu yeyib. Deyirdim, mən onu xoşbəxt edəcəyəm".

"Ev o qədər balaca idi ki, uşağın arabasını qoymağa belə, yer yox idi. Əl-üz yuyanda həm əllərimizi yuyurduq, həm də qabları. Hamam da yox idi, ləyən qoyub çimirdik. Dedim, “Valid, belə olmaz. Antisanitariyadır, gedək İçərişəhərdən ev alaq. Baksovetin sədrinə deyəndə ki, evimiz yoxdur, adam təəccübləndi. Dedi, "Valid müəllim, doğrudan, eviniz yoxdur? İkimiz tanınmış insanlar idik. Valid də dedi, "gəlin gedək, göstərim. Əlimizdə 2 çantayla çıxmaq mümkün deyil". Gəldilər, baxdılar. Dedilər, siz burada yeddi il necə yaşamısınız? Dedim, mən burada yeddi il yaşamışam. Valid yazıq burada anadan olub", - Ofeliya Sənani qeyd edib.

"Övladlarıma həmişə demişəm ki, babanız Mövsüm Sənaniyə, atanız Valid Sənaniyə və mənə görə həmişə atdığınız addımlarınıza fikir verin. Çalışın, cəmiyyət adamı olun", - deyə Ofeliya xanım övladlarına tövsiyəsindən bəhs edib.

"Övladlarınızı da elə tərbiyə edin ki, sonradan utanc hissi keçirməyəsiniz. Oğul nəvəm kino aktyoru olmaq istəyir. Amma valideynləri istəyirlər ki, onu iqtisadiyyat sahəsinə yönləndirsinlər. Deyirəm, mane olmayın, qoyun getsin, öz sahəsində çalışsın. Düzdür, bizdə kino sahəsi zəifdir. Amma getsin Türkiyədə bu sahə üzrə çalışsın. İki saatlıq yoldur. Getsin, oxusun. Təklif elədim ki, gəlin mənim evimə köçün, öz evinizi satın, övladınız üçün Türkiyədən ev alın. Yetər ki, öz istədiyi sahədə çalışsın. Türklərin bir sözü var: "İşini, eşini, bir də evini insan özü seçməli". Evsiz də olar. Mən Validlə sarayda yaşamamışam. Çox kasıb yaşamışıq. Amma sevgi vardı – həm bir-birimizə, həm də sənətimizə", - o bildirib.

Televiziyada, radioda və dublyaj sahəsində çalışan Ofeliya xanım həm də çox işgüzar ev xanımı olub. Dediyinə görə, Valid Sənani onun yeməklərini sevdiyinə görə gecələr yatmayıb yeməklər hazırlayıb: "Qızım burada Xarici Dillər Universitetini bitirib. İngilis dilində mükəmməl danışırdı. Oğlum isə Moskvada oxuyub. Ona burada gecə yatmayıb yemək bişirib göndərirdim. Bütün gecəni yatmırdım. Yeməklər bişirirdim. Bir də baxırdım ki, saat 7-dir. Valid də ev yeməklərini sevirdi. Həm də xoşlayırdı ki, mən hazırlayım. 3-4 günlük yeməkləri hazırlayıb qoyurdum soyuducuya. Yorulmaq bilməzdim".

"Bir dəfə rəhmətlik Rafiq Hüseynovla baş redaktor Fuad gecə restorandan çıxıb bizə gəlmişdilər. Mənim də həmişə qış tədarüklərim olurdu. Bundan əlavə, soyuducuda yeməklərim də həmişə olurdu. Oturub yedilər, içdilər. Rafiq Hüseynov məətəl qalmışdı ki, bu qədər işin arasında mən bunları necə çatdırıram? Validin də həmişə bahalı arağı, konyakı olurdu. Gecə saat 3-də gəlmişdilər, səhər 7-də getdilər", - deyə O.Sənani əlavə etdi.

Sevilən diktor Valid Sənaninin ona olan qayğıkeşliyindən söz açıb: "Mən deyingən idim, Valid isə çox təmkinli, sakit insan idi. Mən nəyəsə əsəbləşəndə deyirdi, "ay Ofa, nə olub, özünə gəl". Deyirdim, paltarları ütüləməmişəm. Deyirdi, narahat olma, paltarını ütüləmişəm, ona uyğun ayaqqabı da seçmişəm. Yemək də qoymuşam ki, ac qalmayasan. Buterbrod da hazırlayırdı, yanında salfet də qoyurdu ki, fasilədə yeyim. Mən cavanlıqda hipertoniyadan əziyyət çəkirdim. Doğuşdan sonra mənim böyrəyim zəifləmişdi. Mənim böyrək çayımı da həmişə ayırıb qoyurdu. Deyirdi, yüksək təzyiqlə efirə girmə. Məni maşınına mindirirdi, aparırdı studiyaya, düşürürdü. Veriliş üçün də gərək şən əhval-ruhiyyədə olasan. Xüsusən də bayram proqramlarında. Mənə deyirdi: “Bu mimikayla bayram verilişi aparmaq olar? Gülümsə”. Hər səhər gimnastikasız buraxmırdı məni. Deyirdi, mən süfrəni hazırlayacağam, xalçanı sərmişəm, get gimnastikanı elə. Sən gimnastikanı edənəcən mən çayı dəmləyəcəyəm. Həmişə qaməti şux idi. Bu, ölənəcən elə oldu. Mən bir az belimi əyən kimi, deyirdi, bu nədir, şux gəz, mənim yanımda şux gəz. İndi heç nəyə fikir vermirəm. Belim bükülülüb, fəqərə sütunum əyilib. Çox mükəmməl insan idi".

Sənani bildirir ki, o, evli ola-ola ona eşq elan edənlər də olub: "Məni Validdən ayırmaq istəyənlər də olub. "Dərdindən dəliyəm", "Sizin üçün hər şeyimdən keçərəm” deyirdilər. Deyirdim, binamusluq etməyin, ayıbdır. Get öz evində televizora bax, öz aləmində dəli ol. Mənə sənin dəliliyin lazım deyil. Sən görmürsən ki, mənim ərim, övladlarım var? Amma elə o vaxt da, bu gün də xoş sözə, var-dövlətə aludə olub ailələrinə xəyanət edənlər var".

"Valid dünyasını dəyişəndən mən heç yerə getmirəm" deyir həmsöhbətimiz: "Heç nədən ləzzət ala bilmirəm. O, çox diqqətli insan idi. Maşının güzgüsündən baxıb bilirdi ki, mənim vəziyyətim necədir. Güzgüdən baxırdı, rəngimdən-ruhumdan anlayırdı, saxlayırdı maşını, təzyiqimi ölçürdü, dərmanımı verirdi, sonra yola davam edirdik. İndi qorxuram yola çıxmağa. Birdən yola çıxsam, vəziyyətim dəyişsə, kimdir mənim qeydimə qalan? Mən onun kimi qayğıkeş ər, ata görməmişəm. Baxmayaraq ki, gecə-gündüz işləyirdi, bir ayağı Rusiyada idi, amma buna baxmayaraq, bizə də qayğı göstərirdi. Yuxuda çox görürəm. Onun üçün hər gün ağlayıram. Heç yerə çıxmıram. Toya çağırırlar, gedib pulumu salıb qayıdıram. Çünki yanımda Validi görmək istəyirəm, yoxdur".

"Evdə də qonaq otağında oturmuram. Çünki Valid həmişə qonaq otağında divanda otururdu. Həm televizora baxırdı, həm də cızma-qara edirdi. O otaqda oturmuram. Evimdə 4 televizor var. Jurnalistlər İttifaqının üzvüyəm. Ona görə də daim televiziyadakı jurnalistlərin diksiyasındakı nöqsanları yazmalıyam. Digər otaqlara keçirəm, qonaq otağından başqa. Çünki orada Validi gömək istəyirəm, görmürəm. O otaqda otururduq. Valid öz verilişini yazırdı, mən də öz verilişimi yazırdım. Bizim çox şən günlərimiz olub. Bizim qəmgin, küskün günlərimiz olmayıb. Validin son günləri idi. Mənə deyirdi: "Səndən nigaran qalacağam, Ofa. Tək necə yaşayacaqsan?" Deyirdim: “Tək olmayacağam, nigaran qalma. Sənin ruhun olacaq burada, onunla yaşayacağam?"

Eləcə də oxuyun:

  • Bütün sevgililərə əbədi örnək - Azərbaycanda Sevgililər Günü

  • Ofeliya Sənani: "Plastik əməliyyat etdirən aparıcının efirdə nə işi var?"

Teqlər:
diktor, məşhurlar, Sevgililər Günü

Əsas mövzular