02:06 19 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
MƏDƏNİYYƏT
Qısa URL
3451

Maliyyə naziri Samir Şərifovun ölkədə kinematoqrafiyanın durumu ilə bağlı səsləndirdiyi ittihamlar böyük rezonans doğursa da, belə görünür ki, məsələ ilə bağlı səslənən yeganə cavab incəsənət xadimlərimizi məmnun edib. Ətraflı Şahpəri Abbasovanın xəbərində. 

BAKI, 9 iyun — Sputnik. Ötən gün maliyyə naziri Samir Şərifovun parlamentdə kinematoqrafiya ilə bağlı səsləndirdiyi fikirlər gündəmi alt-üst edib. Maliyyə nazirinin sözlərinə görə, Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə milli kinematoqrafiyanın dövrün tələblərinə uyğun inkişaf etdirilməsinə dair "Azərbaycan Kinematoqrafiyasının İnkişaf Konsepsiyası"nın layihəsi hazırlanıb: "Azərbaycan kinosunun inkişafı ilə bağlı dövlət büdcəsindən maliyyə ayrılıb. Bununla bağlı sorğuları Mədəniyyət Nazirliyinə göndərmək olar. Konsepsiya layihəsi bir neçə dəfə Maliyyə Nazirliyinə təqdim olunub. Ancaq etiraf edim ki, biz onu qəbul etməmişik, çünki orada hər hansı bir dəyişiklik görməmişik. Vəsaitlər ayrılır, ancaq nəticədə hər hansı bir kino əsərlərini görmürük. Bunu da hamımız bilirik və deyirik. Hesab edirik ki, vəsaitlərin ayrılması konkret nəticələr verməlidir".

Nazirlikdən cavab

Mədəniyyət Nazirliyi maliyyə naziri Samir Şərifovun ötən gün Milli Məclisdəki çıxışı zamanı kino sahəsi ilə bağlı səsləndirdiyi fikirlərə aydınlıq gətirib. Nazirlikdən Sputnik Azərbaycan-a bildirilib ki, "Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında" Sərəncamına əsasən, "Azərbaycan kinematoqrafiyasının inkişaf Konsepsiyası"nın layihəsi Maliyyə Nazirliyi ilə sıx əməkdaşlıq çərçivəsində, sözügedən nazirliyin, eləcə də bu sahədəki ictimai təşkilatların rəy və təklifləri nəzərə alınaraq yenidən hazırlanıb: "Bu istiqamətdə qısa zaman ərzində bir sıra əhəmiyyətli tədbirlər həyata keçirilib. Vətən müharibəsində qazanılmış böyük zəfərə kino vasitəsilə töhfə vermək məqsədilə keçirilən "Böyük Qayıdış" film layihələri müsabiqəsi Mədəniyyət Nazirliyi tərəfindən elan olunub. Dünya təcrübəsinə uyğun olaraq, Mədəniyyət Nazirliyi tərəfindən mərhələli şəkildə təşkil edilən müsabiqədə ölkəmizdə ilk dəfə layihələrin açıq pitçinq yolu ilə seçilməsi mexanizmi tətbiq olunub. Vətən müharibəsinə həsr olunmuş 11 qısametrajlı bədii, sənədli və animasiya filmləri istehsala buraxılmaqdadır".

Təmir, pitçinq və beynəlxalq festivallar

Nazirliyin məlumatında qeyd olunub ki, 1982-ci ildən bu günədək ilk dəfə olaraq 2021-ci ilin əvvəlində C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası üçün kinotexnika avadanlıqları alınıb və "Fəryad 2", "Məryəm" və "Mərmər soyuğu" tammetrajlı bədii filmlərin istehsalına artıq başlanılıb: "Eyni zamanda 1965-ci ildən heç vaxt təmir edilməmiş "Azərbaycanfilm" kinostudiyasının maddi-texniki bazasının yenilənməsi ilə bağlı müvafiq tədbirlər görülür. Ölkəmizdə film sahəsinin modernləşdirilməsi, dünyanın bu sahədə ən qabaqcıl ölkələrinin təcrübəsinə uyğun şəkildə yenidən qurulması, inkişaf etmiş kino sənayesinə malik Türkiyə, ABŞ, Fransa, Almaniya kimi ölkələrlə birgə filmlərin çəkilməsi istiqamətində işlərə başlanılıb. Son illərdə ölkəmizin kino sektoru tərəfindən istehsal olunan filmlərin dünyanın ən nüfuzlu beynəlxalq film festivallarında iştirakı və mükafatlandırılması, habelə film çəkilişinə özəl vəsait qoyuluşunun həcminin artması və tamaşaçı auditoriyasının genişlənməsi kinematoqrafiyamızın keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir".

"Təsadüfi deyil ki, son altı ay ərzində dövlət sifarişi və dəstəyi ilə nəzərdə tutulan film layihələri dünyanın ən nüfuzlu film festivallarında ölkəmizi təmsil edir. Buna misal olaraq, Bakı Media Mərkəzi ilə birgə istehsal olunmuş "Sonuncu" sənədli filminin Rotterdam Film Festivalında, "Təkbətək", "Göy köynəkli adam" və digəri olmaqla 3 film layihəmizin Sarayevo Film Festivalında iştirakını, C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında istehsal olunacaq "Mərmər soyuğu" bədii film layihəsinin Rusiyanın dövlət film təşkilatı "Roskino" və Trieste Film Festivalının (İtaliya) beynəlxalq film marketinə seçilməsini göstərmək olar", - deyə nazirlik bildirib.

Nazirliyin açıqlaması yetərlidir

Məsələ ilə bağlı Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru, rejissor Fariz Əhmədovla əlaqə saxladıq. Kinostudiyanın direktoru suallarımızı səsləndirməkdən boyun qaçırdı. "Bununla bağlı hesab edirəm ki, Mədəniyyət Nazirliyin açıqlaması yetərlidir" cavabı ilə kifayətləndi.

Eləcə də oxuyun:

  • Kinorejissor Eldar Quliyevin şəxsi arxiv fondu yaradılıb

  • "Azərbaycanfilm"in istehsal edəcəyi film beynəlxalq layihə kimi ilk onluqda yer alıb

  • Özbəkistanla Azərbaycan arasında müştərək iş - sənədli və bədii filmlər çəkiləcək

Teqlər:
cavab, ittiham, Mədəniyyət Nazirliyi, maliyyə naziri, film

Əsas mövzular