13:04 18 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0222
  • EUR2.0331
MƏDƏNİYYƏT
Qısa URL
53 0 0

"Mehmandarovla görüşlərində məktəbdarlıqla məşğul olmaq istədiyini dilə gətirdiyindən o da şairi Lənkəranda işləməyə dəvət edib".

Rahim Muradov, Sputnik Azərbaycan

BAKI, 27 mart — Sputnik. Zaman-zaman Lənkəranda çox saylı dəyərli şəxsiyyətlər olub ki, bunlardan biri də Mirzə İsmayıl Qasirdir. Mirzə İsmayıl Qasir haqqında çoxlu məqalələr, elmir əsərlər, monoqrafiyalar, dissertasiyalar yazılıb. Filologiya elmləri doktoru, professor Yədulla Ağazadə ədibin həyat və yaradıcılığı haqqında Sputnik Azərbaycan-a müsahibəsində danışıb. Onun sözlərinə əsasən, Qasir haqqında bir neçə mənbələrdə yazılıb. "Məsələn, Aybəniz Rəhimovanın M.İ.Qasir haqqında yazdığı namizədlik dissertasiyası, o cümlədən rəhmətlik Mirhaşım Talışlının "XIX əsr Lənkəran ədəbi mühiti" kitabında, eyni zamanda "Lənkəran" ensiklopedik kitabında Qasir haqqında çox geniş məlumatlar var. Mirhaşım Talışlıdan başqa Mirzə İsmayıl Qasir haqqında onun nəvəsi, geoloq-mühəndis İshaq Axundov "Xatirələrimdə yaşayan Lənkəran" kitabında Qasirin həyatı, pedaqoji və bədii fəaliyyəti haqqında çox geniş məlumat verib. Bundan əlavə filologiya elmləri namzədi Nəsrəddin Qarayevin XIX əsrdə fəaliyyət göstərən ədəbi məclislər barədə namizədlik dissertasiyası var, həmçinin "Poetik məclislər adlı" bir toplu hazırlayıb ki, orada "Fövcül füsəha" ədəbi məclis haqqında, o cümlədən həmin ədəbi məclisin sədri Mirzə Qasir İsmayıl barədə konkret məlumatlar verib, onun yaradıcılığından nümunələr təqdim edib".

© Sputnik / Rahim Murad
Mirzə İsmayıl Qasirin məzarı

Şairin həyatı

"Mirzə İsmayıl Qasir 1805-ci ildə indiki Ağdaş rayonunun Ləki kəndində dünyaya gəlib. Qasirin əsli Cənubi Azərbaycandandır. Belə ki, onun babası Mülkümxan Cənubi Azərbaycanın Gilanzəmin vilayətindən Şirvan mahalının indiki Ağdaş rayonunun Ləki kəndinə köçüb məşkunlaşıb. Artıq burada məskunlaşandan sonra Mirzə İsmayılın atası Molla Səlim orada məktəbdarlıqla məşğul olub. Mirzə uşaqlıq illərində Ləki kəndində yaşayıb və ilk təhsilini bu kənddə alıb. Qasirin 7 yaşı olanda atası dünyasını dəyişib, anası ikinci dəfə ailə qurduqdan sonra onlar Şamaxıya köçüb və orada yaşayıblar. Daha sonra şair Cənubi Azərbaycanın Əhər şəhərinə bacısının yanına köçüb. Əhər şəhərində yaşadığı müddət ərzində təhsil alaraq ərəb və fars dillərinə mükəmməl şəkildə yiyələnir. Burada 4 il təhsil aldıqdan sonra isə Təbrizə gedir və təhsilini Təbrizdə davam etdirir. Qasir, yeniyetmə yaşlarında,Təbrizdə təhsil aldığı illərdə artıq fars dilində şeirlər yazmağa başlayır. Təhsilini başa vurduqdan sonra isə vətənə qayıdır və sərhəddə gömrük xətti ilə Cəlilabad-Biləsuvar zonasında dilmanc-tərcüməçi vəzifəsində çalışır. 1840-cı ildən 1850-ci ilə qədər sözügedən vəzifədə çalışır və sərhəddə işlədiyi illərdə Həcər adlı xanımla ailə qurur. Bəzi mənbələrə əsasən, bir dəfə sərhəd məntəqələrinin birində İran şahının vəziri ilə görüşüb. Qasir İran vəzirinin şahmat oyununu çox sevdiyini bildiyi üçün onun çadırına gedərkən özü ilə şahmat taxtası aparır. Mirzə Qasir şahmat oynamamışdan öncə vəzirlə şərt kəsir ki, oyunu udsam, mənə bir at bağışlayacaqsınız". Çünki o Biləsuvardan Lənkərana dayısına baş çəkmək üçün dağ yolu ilə piyada gedərdi. Qeyd edim ki, M.İ.Qasirin iki dayısı olub, bir dayısı Hüseynsultan Ərdəbildə, o biri dayısı Əliməmməd Lənkəranın Sütəmurdov kəndində yaşayırdı. Beləcə Qasirə uduzan vəzir ona at bağışlayır və o Lənkəranda yaşayan dayısına baş çəkmək üçün atla gedib-gəlir. XIX əsrin ortalarında Lənkəranda yaşayan tanınmış şəxsiyyətlərdən biri də Sadıq Bəy Mehmandarov olub. S.Mehmandarov Lənkəranda öz dövrünün tanınmış hüquqşünaslarından olub. Mirzə Qasirlə Sadıq Bəy Mehmandarov gömrükxanada tanış olublar. M.İ.Qasir Mehmandarovla görüşlərində məktəbdarlıqla məşğul olmaq istədiyini deyir və o da şairi Lənkəranda işləməyə dəvət edib. Mirzə İsmayıl Qasir Lənkərana gəldikdən sonra S.Mehmandarovun öz mülkünü ona etibar edir. Bu mülkdə isə Mirzə Lənkəranda ilk dəfə "Üsuli cədid" adlı məktəbi yaradır" - deyir Yədulla Ağazadə.

Professor bildirdi ki, Mirzə Qasirin Lənkəranda dərs dediyi uşaqlar üçün Fars-Azərbaycan dili lüğətini hazırlayıb.

© Sputnik / Rahim Murad
Filologiya elmləri doktoru, professor Yədulla Ağazadə

Mirzənin pedaqoji fəaliyyəti, Lənkəranda məktəbin yaradılması

Mirzə "Şərhi hal" adlı fars dilində yazdığı şeirində dərs dediyi fənləri izah edir. "Fars dilindən, şəritədən, bir də şeirü sənətdən, Dərs deyirdim bülbül gülü səsləyərkən astadan". O dövrdə dərslik və başqa vəsaitlər olmadığından özləri vəsaitləri hazırlayırdılar. Şair şagirdləri öz hazırladığı lüğətdən səmərəli istifadə edə bilsinlər deyə, lüğəti şeir üslubunda da yazıb. Artıq XIX əsrin 70-ci illərindən başlayaraq Mirzənin Lənkərandakı pedaqoji fəaliyyəti daha da genişlənir. Çünki 1870-ci illərin əvvəllərində Çar Rusiyasının icazəsi ilə rəsmi olaraq Lənkəranda "Müsəlman məktəbi" yaradılır. Bəzi mənbələrdə Qasir Lənkəran Müsəlman məktəbində XIX əsrin 80-ci və hətta 90-cı illərin əvvəllərində işlədiyi qeyd edilib. Lakin bir neçə dəqiq mənbədə Qasirin 1870-ci illərdən başlayaraq həmin məktəbdə işlədiyi yazılıb. Lənkəran Müsəlman məktəbində Qasirlə bərabər bir neçə müəllimlər də işləyib, o cümlədən Teymur Bəy Bayraməlibəyov da. Mirzə Qasirin çalışdığı Lənkəran Müsəlman Məktəbi çoxsaylı ziyalılar yetişdirib. Mehmandarovun mülkündə yaradılan "Üsuli cədid" adlı məktəb təxminən indiki Lənkəran Pedaqoji Kollecinin yerləşdiyi ərazidə olub. Qasirin dayısı Sütəmurdovda yaşasa da, özü Lənkəranda yaşayıb. Çünki həm "Üsuli cədid", həm də "Müsəlman məktəbi" ovaxtkı Lənkəranın mərkəzində yerləşirdi. Qasirin iki oğlu Mirzə Səbi Axundov və Mirzə Səlim Axundov öz tələbələrindən olublar. Onların hər ikisi şeir yazıblar və Lənkəranda fəaliyyət göstərən "Fövcül füsəha" ədəbi məclisinin üzvləri olublar. Mirzə Ələkbər Qasımov, Mirzə Cəlal Qasımov, Məşədi Əhməd Kazımov, Mirzə İsa Möhsünzadə, Möhsümxan Talışınski, Nurəli Bəy Nəsirbəyov, Ağaxan Talışınski, Əkbərxan Talışınski, Xanoğlan Talışınski və eləcə də Səməd Bəy Mehmandarov Mirzə İsmayıl Qasirin tələbələri olublar" - deyə Ağazadə əlavə edir.

Şairin Lənkərandakı yaradıcılığı

Professorun sözlərinə görə, Mirzə Qasir müəllimlik etməklə yanaşı dərs dediyi tələbələrindən, Lənkəran ürəfasından və ziyalılarından ibarət məsclis toplayaraq ədəbi-şeir məclisləri keçirərmiş: "Həmin dövrdə Lənkəranda özü tərəfindən yaradılan "Fövcül-füsəha" adlı ədəbi məclis digər bölgələrdə yaradılan ədəbi məclislərdən müəyyən dərəcədə fərqlənirdi. Lənkəranda yaradılan "Fövcül-füsəha" ədəbi məclisinin adının mənası Fövc gözəl, Füsəha-dəstə,yəni gözəl və aydın danışanlar dəstəsi deməkdir. Məclisin elə üzvləri də olub ki, onlar şeir və ya hekayə yazmasalar da şeirləri,deyilən sözləri təfsir və təhlil etməyi bacaranlar olub. Odur ki, bu məclis daha geniş olub və 50-dən artıq üzvləri olub. Mirzə Qasirin yaratdığı "Fövcül füsəha" ədəbi məclisinin üzvləri həftədə bir dəfə Cümə günləri yığışardılar. Məhz Cümə gününün seçilməsi Mirzə Qasirin Şəriət qaydalarına riayət edən şəxslərdən biri olduğunu göstərir. "Fövcül füsəha" təkcə ədəbi məclislər üçün keçirilmirdi, burada həmçinin İslami dəyərlər də müzakirə edilirdi. Mirzə İsmayıl da digər ədiblər kimi özünə ləqəb götürüb. Qasir onun ləqəbi olub yəni Allah yanında qüsuru olan şəxs deməkdir. Çünki Mirzə Qasir Allaha bağlı olan şəxs olub. Məclis üzvləri klassiklərin əsərlərini mütaliə edir, şeirlərinə nəzirə yazır, ədəbi-fəlsəfi və dini məsələləri müzakirə edərdilər. Bu məclisin üzvləri 2 üslubda şeirlər yazıblar. Həm klassik üslub; qəzəl, qəsidə, müstəcad, rübai üslublunda və eyni zamanda xalq şeiri üslubunda şeirlər yazılıb. Mirzə Qasirin yaradıcılığında qəzəl janrında yazdığı şeirlərdə məhəbbət mövzusu üstünlük təşkil edib. Qasirin yazdığı şeirləri diqqətlə oxuyanda burada obrazlıq, sənətkarlıq olduqca güclüdür. Deməli Mirzə Qasir Füzuli təsiri altında, lakin özünəməxsus yeni tərkiblər, yeni qafiyələr, yeni obrazlı ifadələrlə öz şeirlərini yazıb. Mirzə İsmayıl öz şeirlərində bütün mütərəqqi ideyaları təbliğ edib və köhnə fikirləri, xüsusən də xürafatı tənqid edib."

© Sputnik / Rahim Murad
Mirzə İsmayıl Qasirin oğullarının məzarı

Yədulla müəllimin sözlərinə əsasən, XIX əsr Azərbaycan Ədəbiyyatında geniş yayılan satira obrazı Mirzə İsmayılın yaradıcılığında da yer alıb.

Mirzə İsmayıl Qasirin satirası

"Məhəmməd Füzulinin yaradıcılığında satiraya rast gəlinir. Lakin XIX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatında satira janrı özünün inkişaf dövrünü yaşayırdı. Çünki o zamanlar çar Rusiyası Azərbaycanı işğal edəndən sonra, digər tərəfdən yerli hakimiyyət orqanlarının məmurları , bəylər xalqa zülm edirdilər. Xalqın da yaradıcı simaları xalqın fikir və düşüncələrini şeirə gətirdilər və beləcə Satira alınd. Odur ki, XIX əsrdə satirik poeziya daha da önə çıxdı. Buna görə də Qasirin yaradıcılığına diqqət yetirsək onun yaradıcılığında çoxsaylı satirik, tənqidi şeirlər var. Bəzən onlar həmin tənqidi şeirlərin əksəriyyətini ayrı-ayrı şəxslərə ünvanlayırdılar. Bəzən də belə şeirlər zarafat şəklində yazılırdı. Onu da deyim ki, Qasirin yaradıcılığına olan bu xarakterik nümunələr onun əhatəsində olan digər şairlərin də yaradıcılığına da güclü təsir göstərib. Lənkəranda fəaliyyət göstərən Qasirin həyat və yaradıcılığı bir növ ləyaqət, insanlıq, şairlik nümunəsi kimi ortaya qoyulmuşdu. Lənkəranda ziyalıların ortaya çıxmasından və inkişaf etməsində Mirzə İsmayıl Qasirin müstəsna xidmətləri olub. Mirzə Qasir məktəbdarlıqla məşğul olduğu illərdə tələbələrə təqaüdlərin verilməməsini və cəmiyyətdə olan nöqsanları öz şeirlərində yazıb. Qasir ətrafında gördüklərini və cəmiətdə olan nöqsanları tez-tez tənqid etdiyindən ona Çar hökuməti tərəfindən güclü təzyiqə məruz qalıb. Şairin yaradıcılığına diqqət yetirdikdə onun da öz dövrünün digər ədibləri kimi çətinliklər yaşadığını görmək olur" - deyə o bildirir.

Y.Ağazadə qeyd edir ki, Mirzə Qasir digər ədiblərlə də daim məktublaşıb: "Mirzə Qasirin Cənubi Azərbaycanla sıx əlaqəsi olub, çünki bacılarından biri orada yaşayırdı, həm də özü orada təhsil alıb. İranda ona dərs deyən müəllimləri ilə yazışmaları olub. Lakin Qasir ən çox Seyid Əzim Şirvani ilə əlaqə saxlayıb. Hətta Seyid Əzim Şirvani bəzi şeirlərində Mirzə Qasiri özündən üstün sənətkar kimi qələmə verib. Seyid Əzim Şirvani Qasirə çoxlu sayda şeirlə məktublar yazıb. Hətta Mirzə Seyid Əzimə yazdığı məktublarında maddi sıxıntılar və Lənkəranda yaşadığı çətin həyatından gileylənib. Bundan əlavə isə Qasir Lənkəranda yaşayan ağsaqqallara və görkəmli şəxslərinə birbaşa şeirlər yazıb. Yazılan bütün bu şeirlərdən bəllidir ki, Qasirin Lənkəran ağsaqqalları və ziyalıları ilə çox yaxşı münasibəti olub. M.İ.Qasirin Lənkəranda qarşılıqlı həcv-yumoristik formada yazdığı məktublar da var. Məsələn Göyşaban kəndində əvvəllər yaşamış Molla Fəttah Səhbana çox saylı həcv məktubları var". 

© Sputnik / Rahim Murad
Mirzə İsmayıl Qasirin heykəli

Xatırladaq ki, 1930-cu illərdə molla, bəy və ya xan titullarını daşıyan bütün insanlar repressiyaya məruz qalıblar. Eləcə də uzun illər hətta Qasirin adını çəkmək belə qadağan edilib. Filologiya elmləri doktoru Yədulla Ağazadənin bildirdiyinə əsasən, bu səbəbdən Qasirin külliyyəti də uzun zaman öyrənilməmiş qalıb: "Yalnız ötən əsrin 50-ci illərindən Stalinin ölümündən sonra şairin yaradıcılığı geniş şəkildə öyrənilməyə başlanıb. Uzun illər Lənkəranda mühasib işləyən İbrahim Xəlil adlı bir kişi olub ki, Qasirin tələbəsi olduğunu gizlətmək məcburiyyətində qalıb".

Məlumat olaraq bildirək ki, Mirzə İsmayıl Qasirin Lənkəranın Sütəmurdov kənd qəbristalığındakı məzarı ötən əsrin 70-ci illərində bərpa olunub və qəbrinin üstünə büstü qoyulub.

Əsas mövzular