CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nyu üslubunda yaradan Onur Əli: "Onların üzlərini çəkmirəm" - FOTO

© Sputnik / Shahperi AbbasovaOnur Əli Həsənov
Onur Əli Həsənov - Sputnik Azərbaycan, 1920, 23.03.2021
Abunə olmaq
"Bəzən izləyicilər atırlar ki, "bax, sənin əsərini öz adına çıxarıb". Mən onlarla mübahisə etmirəm. Əksinə, bu onlara ziyandır".

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 23 mart — Sputnik. Onur Əli Həsənov ixtisasca iqtisadçıdır. Amma uşaqlıqdan rəsmə olan həvəsi onu rəssamlığa gətirib. Sosial şəbəkələrdə ağ-qara rəsmləri ilə məşhur olan rəssamı yaxından tanımaq üçün yollandıq rəssamın emalatxanasına. Rəssam özü və sənəti barədə Sputnik Azərbaycan-a danışdı: "Mənim ana tərəfim Türkiyənin Qars vilayətindən gəlib. Vaxtilə ermənilər orada soyqırım edəndə onlar Gəncəyə gəliblər. Atamın da bir tərəfi Osmanlı türküdür. Amma özüm Azərbaycanda doğuldum, rus sektorunda oxudum. Moskvada İqtisadiyyat üzrə təhsil aldım. Məktəb vaxtlarından rəsmə həvəsim olub. Yeniyetməlik dövründə rəssamlıqdan uzaqlaşdım".

Bir müddət ailəsinin kiçik biznesini idarə edən Onur özünü orada tapmadığını deyir:

"Rəsmi qurumlar o qədər bezdirdilər ki, mənim əsəblərim buna tab gətirmədi və birdəfəlik imtina etdim. Özüm iqtisadçı olsam da, gördüm ki, mənlik deyil. Bütün fikirlərimi rəssamlığa fokuslaşdırdım. Sosial şəbəkələrdə baxırdım ki, kimsə çəkib, camaat da bəyənib. Mən baxırdım, bəyənmirdim. Dedim, mən bundan yaxşı çəkərəm. Çəkdim, sosial şəbəkələrdə paylaşdım, gördüm ki, bəyənirlər. Beləliklə, mən başladım çəkməyə".

Qrafikanı, qələmlə işləməyi daha çox sevdiyini deyən həmsöhbətimiz ağ-qara əsərlərin insan psixologiyasına təsirindən danışdı: "Yağlı boya ilə də işləyirəm. Ağ-qara mənə daha çox psixoloji təsir edir. Əslində insan rəngləri ağ-qara görür. Sadəcə işıq vasitəsi ilə biz onu rəngli görürük. İşıq olmayanda hər şey ağ və qara görünür. Ağ-qara ilə fikrini daha da dəqiqləşdirə bilirsən".

© Sputnik / Shahperi AbbasovaRəssam Onur Əli Həsənov
Nyu üslubunda yaradan Onur Əli: Onların üzlərini çəkmirəm - FOTO - Sputnik Azərbaycan, 1920, 23.03.2021
Rəssam Onur Əli Həsənov

Onur Əlinin izləyiciləri daha çox xaricilər və yerli rusdilli insanlardır: "İtaliyanın, Amerikanın, Rusiyanın və s. ölkələrin məşhur səhifələri mənim işlərimi paylaşır. Hansı ki, onlar milyonluq səhifələrdir. Burada isə mənim izləyicilərim daha çox rusdillilərdir. Çünki mən fikrimi rus dilində daha rahat çatdıra bilirəm. Azərbaycandilli izləyicilər bu məsələyə birmənalı yanaşmırlar. O dəqiqə yazırlar ki, "sən niyə Azərbaycan dilində yazmırsan?" Əslində elə mən əsl türkəm. Sadəcə, fikrimi rus dilində izah edə bilirəm. Fikir vermişəm, hansı rəssam ki Azərbaycan dilində yazır, azərbaycandilli publika onu daha çox dəstəkləyir".

Nyu (çılpaq - red.) janrda da əsərlər yaradan müsahibimiz bildirir ki, əksər hallarda ona qızlar özləri təklif edirlər ki, onların portretini çəksin: "Mənim də hansısa qıza təklif etdiyim vaxtlar olub. Baxıram, qızın naturası zərifdir, mən ona təklif edirəm ki, gəlin sizi çılpaq çəkim, qız da razılaşır. Bu, mənim o sözü necə deməyimdən asılıdır. Təbii ki, mən gedib hansısa dindar, mühafizəkar ailədə böyümüş qıza desəm ki, "mən sənin çılpaq portretini çəkmək istəyirəm", yanlış anlayar, bütün nəsli düşər üstümə. Onların üzlərini çəkmirəm. Bu onunla bağlıdır ki, əsərə tamaşa edən adam onun üzünə yox, bədəninin gözəlliyinə baxsın. Tutaq ki, hansısa bir əsəri oxuyuruq. Əsəri oxuyuruq, amma qəhrəmanın üzünü görmürük. Özümüz üçün beynimizdə bir obraz yaradırıq. Bunda da qadının üzü görünmür, tamaşaçı öz təfəkküründə canlandırır".

© Sputnik / Shahperi AbbasovaRəssam Onur Əli Həsənovun əl işi
Nyu üslubunda yaradan Onur Əli: Onların üzlərini çəkmirəm - FOTO - Sputnik Azərbaycan, 1920, 23.03.2021
Rəssam Onur Əli Həsənovun əl işi

Əsərlərinin oğurlanması ilə çox rastlaşdığını deyən rəssam deyir ki, bu onlara baha başa gəlir. Necə deyərlər, Əli aşından da olurlar, Vəli aşından da: "Bəzən izləyicilər atırlar ki, "bax, sənin əsərini öz adına çıxarıb". Mən onlarla mübahisə etmirəm. Əksinə, bu onlara ziyandır. Mənim əsərimi paylaşırlar, sonra kimsə onlara sifariş verir. Onlar da həmin keyfiyyəti verməyəndə həmin müştəri artıq anlayır ki, reklam etdikləri əsərin müəllifi başqa adamdır. Əziyyət çəkirlər, çəkdikləri rəsm əllərində qalır. Ona görə də heç yerə bununla bağlı müraciət etmirəm".

"Leonardo da Vinçi, Mikelancelo, Frida Kalo və s. texnikanı qoyub gediblər. Onlar rəssamlığı bu səviyyəyə çatdırmaq üçün neçə il sərf ediblər. İndiki rəssamlara qalır həmin texnikanı inkişaf etdirmək. Mən bu dəqiqə sərgi eləmək barədə düşünmürəm. Çəkiliş texnikasını daha da təkmilləşdirməyi düşünürəm".

Onur Əli tək yaşayır. O, tək yaşamasının səbəbini belə izah etdi: "Eqoistlik kimi səslənsə də mən həmişə birinci növbədə özümü düşünürəm. Sənətimin inkişafını düşünürəm. Digər məsələlərə yer ayırsam, sənət qalacaq qıraqda. Məsələn, siz yanımdasınız, mən gedib orada işləyə bilməyəcəm. Fikrimi fokuslaşdıra bilməyəcəyəm. Elə ona görə də çalışıram ki, tək yaşayım".

© Sputnik / Shahperi AbbasovaRəssam Onur Əli Həsənov
Nyu üslubunda yaradan Onur Əli: Onların üzlərini çəkmirəm - FOTO - Sputnik Azərbaycan, 1920, 23.03.2021
Rəssam Onur Əli Həsənov

Milyonları depressiyaya salan pandemiya qəhrəmanımızdan yan keçib: "Pandemiyanın mənə heç bir təsiri olmadı. Çünki mənim həyat tərzim pandemiyadan əvvəl də belə idi. Hərdən elektropianoda musiqi ifa edirəm. Və bir də gəzirəm. Elə olurdu ki, 40 km gəzirdim. Bundan mərrum oldum bir müddət. Amma bütövlükdə təsir etmədi. Sosial şəbəkələrdə belə bir şəkil paylaşılmışdı – Rəssam molbertin qarşısında dayanıb: rəssam pandemiyadan öncə, rəssam pandemiya vaxtı, rəssam pandemiyadan sonra. Yəni heç nə dəyişməyib".

"İnsanlar, yaxşı olar ki, təfəkkürlərini daha da inkişaf etdirsinlər. Demirəm, Amerika, Avropadakı kimi, heç olmasa, bizə yaxın ölkələr qədər sənətə dəyər versinlər. İncəsənətlə, ədəbiyyatla maraqlansınlar. Əslində onları da anlayıram. Maddi rifah o qədər aşağıdır ki, sənəti düşünməyə, hansısa əsərlə maraqlanmağa nə vaxtları, nə də həvəsləri var", - deyə fikirlərini tamamladı.

Xəbər lenti
0