23:34 25 Fevral 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0231
  • EUR2.0697
MƏDƏNİYYƏT
Qısa URL
65 0 0

"İnsan özünə dəyər verəndə yaxşı olur. Siz necə beyninizin məhsulunu satıb, evinizə pul aparırsınız, biz də elə. Deyirsiniz, müğənnini çağıraq, ağzımıza gələni deyək, pulu da özümüz aparaq. Bilirəm ki, sözlərimdən inciməzsiniz, çünki düzünü dedim"

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 22 fevral — Sputnik. Müğənni Xatirə İslam bir müddət öncə efirə pul müqabilində çıxacağına qərar verib. Müğəninin bu qərarı televiziya aparıcıları və prodüserlər tərəfindən heç də birmənalı qarşılanmayıb.

Sputnik Azərbaycan xəbər verir ki, müğənni onun bu fikrini tənqid edənlərə "Instagram" hesabında cavab verib. Sənətçi efirə çıxmaq üçün telekanallardan pul istəməsi barədə fikirlərini tənqid edən teleaparıcı Afaq Gəncəliyə cavab verib: "Afaq, toya 4 min manata gedirsən. Bəs sən ATV-dən maaş almırsan? Aparıcı kimi qonorar alırsansa, oraya gələn sənətçi də pul almalıdır. Verilişində müğənnini istədiyin kimi "sındırıb", istədiyin kimi qaldıra bilirsən. Bir verilişdən istədiyin qonorarı alırsan, sənətçi niyə almasın? Hələ bəlli deyil, sənətçi sənin verilişindən necə çıxacaq. Xoşlayırsansa, qaldıracaqsan, xoşlamırsansa, bir səbəb tapıb iynələyəcəksən. Əgər bizdə birlik olsa, bütün sənətçilər bu cür edərlər. Azərbaycanda toya getməyən müğənni var? Elə bir ad çək, nəyə istəsən, hazıram. Zeynəb Xanlarovadan başqa elə müğənni var? Sən də toy aparıcısı olma.

Dünya ulduzlarından yox, Azərbaycandan danışıram. Səndən Beyonsun, Tarkanın pulunu istəməmişəm. Mən də Xatirə İslamın pulunu istəyirəm. Bizim xarici ulduzlardan nəyimiz əskikdir? Ola bilər, mən Beyons, Şakira deyiləm. Bəlkə, sən də mənə qonorar ayırsan, dünya ulduzları kimi performans göstərəcəyəm?! Xatirə 22 ildir hər şey edib, edəcək də. Nə qədər sevilməyim, sənətkarlar tərəfindən qiymətləndirilməyim göz qabağındadır. Bəlkə, "day-day"ım olmayıb, kiməsə ağız açmamışam. Sənətim haqda heç kim heç nə deyə bilməz.

Afaq, istədiyin kanalda işləyirsən, istədiyin qonorarı alırsan. Amma sən də Leyla Quliyeva deyilsən. Beşdən artıq dil bilir, peşəkar aparıcıdır, savadlıdır, hər şeyi ilə nümunədir. Leyladan da çox qazanırsan".

Xatirə "Soy" prodakşının rəhbəri Oqtay Əliyevin onun haqda tənqidi fikirlərinə də münasibət bildirib: "Oqtay bəy, yadınızdadır, ATV-nin rəhbərinin otağında oturmuşdunuz. Məndən efir üçün pul istədilər. Dedim ki, pulum yoxdur, efirə pulsuz çıxmaq istəyirəm. Dedilər ki, çıx çölə. Orada söylədim ki, pul ödəmirəm, amma bir gün özünüz məni efirə çağıracaqsınız. Siz güldünüz, amma bu gün elədir. İndi mən deyirəm, mənə pul ver.

Sizi çox istəyirəm. Deyirsiniz, müharibə dövründə ortalıqda az müğənnilər göründü. Mən qadınam, evimdə idim. Siz kişisiniz, bəs siz harada idiniz? Sizi görmədim. 44 gün ərzində "Əsgər marşı"m bütün marketlərdə səsləndi. Əsgər ailələrinə baş çəkmişəm. İnsan etdiyini deməz, amma indi məcburam. 20 şəhidin evinə getmişəm, necə lazımdır. Əsgərlərə əlimdən gələni göndərdim. Xankəndiyə aid mahnı oxudum və Azərbaycanı silkələdim. Əgər siz eşitməmisinizsə, deməli, Azərbaycanda olmamısınız. Əlimdən gələni etmişəm, gedib vuruşası deyildim.

Layihə edirsiniz, sms səsvermə olur, milyonlar qazanırsınız. Oradan müğənniyə pul ayırın. Bu, diqqətdir. İnsan özünə dəyər verəndə yaxşı olur. Siz necə beyninizin məhsulunu satıb, evinizə pul aparırsınız, biz də elə. Deyirsiniz, müğənnini çağıraq, ağzımıza gələni deyək, pulu da özümüz aparaq. Bilirəm ki, sözlərimdən inciməzsiniz, çünki düzünü dedim. Müharibə vaxtı Türkiyədə idiniz, yəqin, ona görə gördüyüm işlər haqda bilməmisiniz".

"Verilişə getmək üçün hər sənətçinin özünə görə əziyyəti olur. Fikirləşirəm ki, bunu dəyərləndirmək lazımdır. Özüm üçün bu qərarı verdim, istəyərdim ki, telekanallarımız tərəfindən bütün sənətçilərimiz mükafatlandırılsınlar. Bütün dünyada belədir, istəyirəm, Azərbaycanda da belə olsun. Mənim bu təklifimə, qərarıma aparıcılarımız öz fikirlərini bildiriblər. Dəyərli aparıcılarımız, mən qonorarı sizdən istəməmişəm, televiziya kanallarına müraciət etmişəm. Qərarımı qiymətləndirmək də olar, qiymətləndirməmək də. Həyatımı belə davam etdirmək istəyirəm. Burada küsməyə heç bir səbəb yoxdur", - deyə müğənni bildirib.

Qeyd edək ki, müğənni Qismət həmkarı Xatirənin fikirlərinə dəstək olub. O da efirlərə pul müqabilində efirə çıxacağını bildirib.

Teqlər:
tv, qonorar, efir, müğənni

Əsas mövzular