CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Butulka üzərində rəsm əsərləri yaradan rəssam

© Sputnik / Shahperi AbbasovaButulka üzərində rəsm çəkən rəssam - Gülbəs Ayvaz
Butulka üzərində rəsm çəkən rəssam - Gülbəs Ayvaz - Sputnik Azərbaycan, 1920, 04.02.2021
Abunə olmaq
"Əvvəllər insanlarda yanlış informasiya var idi, xüsusən dindarlardan, yaşlı insanlardan tənqid eşidirdim. Elə zənn etdilər ki, mən bunu lağlağı məqsədilə etmişəm".

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 4 fevral — Sputnik. Gülbəs Ayvaz, Rəssamlıq Akademiyasının məzunu, özünün də dediyi kimi Azərbaycanda ilk butulka üzərində portret çəkən rəssam. 2018-ci ildən sənət yoldaşlarının təkidi ilə fərqli materialların üzərində əsərlər yaratmağa başlayan müsahibimiz sənəti haqqında Sputnik Azərbaycan-a danışıb:

"Dostlarımızla bir emalatxana yaratdıq, başladıq. Azərbaycanda tablo işləyən rəssamlar çoxdur. Amma butulka üzərində rəsm işləyən çox azdı. Butulka üzərində işləyənlər əsasən natürmort, peyzaj çəkirlər. Portret çəkən rəssamla qarşılaşmamışam. Sərgiyə hazırlaşırdıq. Sərgi qeyri-adi sərgi olmalı idi. Qrup yoldaşım mənə təkid elədi ki, butulka üzərində rəsm çəkməlisən. Mənə bir iş tapşırmışdı ki, bunu çək. Mən də onun tapşırdığını yox, başqa bir iş – Van Qoqun avtoportretini hazırladım. Bununla da sənətə butulka üzərində rəsmlər yaratmaqla başladım".

Onun sözlərinə görə, xarici ölklərdə butulka üzərində əsərlər yaradan rəssamlar var. Amma sırf portret hazırlayan çox azdır.

Qəhramanız butulka üzərində işləməyin çətin ölduğunu deyib: "Butulka oval səth olduğuna görə onun üzərində işləmək daha çətindir. Bəzən müştərilərə bunu başa salmaqda çətinlik çəkirəm. Bu işə yeni başlayanda satışını nəzərdə tutmamışdım. Daha sonra insanların marağını nəzərə alaraq başladım. Bizim sənətimiz elədir ki, təkcə yaradıcılıqla məşğul olmaq mümkün deyil.Təkcə yaradıcılıqla məşğul olanların da mütləq büdcəsi olmalıdır".

© Sputnik / Shahperi AbbasovaRəssam Gülbəs Ayvazın əl işləri
Butulka üzərində rəsm əsərləri yaradan rəssam - Sputnik Azərbaycan, 1920, 04.02.2021
Rəssam Gülbəs Ayvazın əl işləri

Hər bir insanın formalaşmasında ailənin rolu böyükdür. Yazıçı ailəsində doğulan Gülbəsin də formalaşmasında da həmçinin. Deyir ki, onu bu sənətə atası, yazar Eyvaz Əlləzoğlu həvəsləndirib:

"Rəhmətlik atam deyərdi ki, mən uşaqlıqda modelyer olmaq istəmişəm. Uşaqlıqda gəlinciklərə fərqli paltarlar tikirdim. Bu da atamın diqqətini çəkirdi. Fikirləşirdi ki, mən gələcəkdə rəssam olacam. Amma sonra sinif rəhbərim məni səhv istiqamətə, texniki fənlərə yönləndirdi. Amma qismətimdə rəssam olmaq var imiş. Universitetə qəbul ola bilmədim. Növbəti il Rəssamlıq Akademiyasına qəbul olundum. Bir növ atamın arzusunu reallaşdırdım".

Pandemiya dövrü müsahibimizin də yaradıcılığına təsir edib. Bu dövrdə boya satışı ilə məşğul olan mağazalar bağlanıb. Dediyinə görə, təkliyi sevir, bu, ona rahatlıq verir. Amma yaradıcılıq üçün emalatxana mühiti daha əlverişlidir. Pandemiya dövründə evdə qalmaq onu çox sıxır. Emalatxanada öz həmkarları ilə birlikdə işləməkdən isə zövq alır.

© Sputnik / Shahperi AbbasovaRəssam Gülbəs Ayvazın əl işi
Butulka üzərində rəsm əsərləri yaradan rəssam - Sputnik Azərbaycan, 1920, 04.02.2021
Rəssam Gülbəs Ayvazın əl işi

Mavi rəngi çox sevdiyini söyləyən rəssam bildirir ki, daim sənət axtarışındadır:

"Çalışıram həmişə fərqliliklər edim. Çünki, alıcı da, tamaşaçı da eyniliyi görəndə sıxılır. Çalışıram daim axtarışda olum, yeniliklər edim. Bir əsərin üzərində işləyəndə həddindən artıq aqressiv oluram. Bitirəndən sonra fərahlıyıram. Ümumən götürdükdə, boyalar insanı rahatlandırır, psixoloqlar da bu fikirdədirlər ki, dincəlmək istəyirsinizsə boyalarla işləyin.

Rəssam bildirir ki, əvvəllər bir qrup insanlar onun əsərlərini qəbul etmirdilər. Onlarda yanlış informasiya var idi. Xüsusən dindarlardan, yaşlı insanlardan tənqid eşidib.

"Elə zənn etdilər ki, mən bunu lağlağı məqsədi ilə etmişəm. Əvvəllər məşhur insanları çəkirdim. Şükür ki, bu fikirlər geridə qaldı. İndi yavaş-yavaş butulka üzərində rəsm yaradan insanlar meydana çıxıb. Butulka sırf şərabı təmsil etmir, mənə görə dekorativ hədiyyədir. Onu güldan kimi də istifadə etmək olar, saxsı qab kimi də", - deyə Gülbəs Ayvaz əlavə edib. 

Xəbər lenti
0