09:52 07 Mart 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0228
  • EUR2.0327
MƏDƏNİYYƏT
Qısa URL
4602

"Bizim reallıqda sadaladıqlarımın heç biri işləmir, bunun obyektiv və subyektiv səbəbləri var. Alternativ fəaliyyət imkanları da yoxdur hələlik, təəssüf".

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 25 yanvar — Sputnik. Xalq artisti Tünzalə Ağayeva TƏBİB-ə müraciət edib. Sputnik Azərbaycan xəbər verir ki, müğənni bu barədə özünün "Facebook" səhifəsində yazıb: "Hörmətli TƏBİB, pandemiya boyu bütün qaydalara riayət edən və "evdə qal" kampaniyasının təbliğatçılarından olan Xalq artisti kimi sizə müraciət edirəm. Qonşu Türkiyə və Rusiya kimi ölkələrin sənətçilərinin pandemiya dövründə bəlli çərçivədə də olsa fəaliyyətlərini görürük. Nə vaxta qədər bizdə mədəniyyət, i̇ncəsənət sahəsinə qarşı qadağalar davam edəcək?! Nəzərinizə çatdırım ki, təəssüf ki, əksər Azərbaycan musiqiçilərinin, eləcə də mənim müəllif hüquqlarımızın qorunması və hər hansı bir gəlir əldə edilməsi mövzusu yox dərəcəsindədir".

Xalq artisti həmkarlarının acınacaqlı vəziyyətindən danışdı: "Belə reallıqda, maddi gəlir və alternativ fəaliyyət şəraiti olmayan vəziyyətdə imkan yaradın ki, biz də digər təcrübədə olduğu kimi, bəlli sayda auditoriyalı konsertlər, tədbirlər edə bilək və bilirsiniz ki, bu təqdirdə minlərlə insan ağır vəziyyətdən çıxa bilər. Minlərlə musiqiçi sadəcə gündəlik qazancla yaşayır, onlardan artıq dünyasını dəyişənlər də oldu, çox yazıq, digərləri də paramparça vəziyyətdədirlər. Bununla Musiqi Mədəniyyəti çox qiymətli sənətçiləri itirə-itirə gedir".

Müğənni əlavə edib ki, Azərbaycan tanınmışları haqqında əksər insanlar tərəfindən olduqca yanlış bir təsəvvür var: "Baxın, başqa ölkələrdə musiqiçi, artist kimi məşhurlaşmaq çox yaxşı qazanmaq deməkdir. Albom, konsert satışı, internetdə rəqəmsal ticarət, müəllif hüquqlarından gələn gəlir həmin məşhurun qazancıdır. Bizim reallıqda sadaladıqlarımın heç biri işləmir, bunun obyektiv və subyektiv səbəbləri var. Alternativ fəaliyyət imkanları da yoxdur hələlik, təəssüf. Bizdə məşhur musiqiçi və artist olmaq iş adamı demək deyil. O, Allahın verdiyi səs telləri, istedadı, sadəcə sənət bacarığı sayəsində fəaliyyət göstərir və 1 ildir tamamən, 100% durğunluq içindədir. Bu vəziyyət musiqi mədəniyyətinə töhfələr verə bilən istedadlı peşəkarların itkisinə aparır".

Teqlər:
müraciət, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, Tünzalə Ağayeva

Əsas mövzular