16:22 18 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0231
  • EUR2.0516
MƏDƏNİYYƏT
Qısa URL
18 0 0

Aşıq Kamandarın ev muzeyinin təmir işləri son tamamlama mərhələsindədir və 2021-ci ilin ilk aylarında mədəniyyət ocağının ziyarətçilərin ixtiyarına verilməsi gözlənilir

BAKI, 26 dekabr — Sputnik. Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev türkiyəli həmkarı Fatma Ceren Yazqanla birgə Marneuli rayonunun Kəpənəkçi kəndində Aşıq Kamandar Əfəndiyevin ev muzeyində təmir işlərinin gedişi ilə yaxından tanış olub.

Sputnik Azərbaycan xəbər verir ki, diplomatlar türk xalqlarına məxsus olan ozan-aşıq sənətinin tarixi, bu sənətin bölgədəki digər xalqlara təsiri barədə fikir mübadiləsi aparıblar.

Onlar muzeylə bağlı öz məsləhət və tövsiyələrini verib, gələcəkdə də bölgədəki bu cür mədəniyyət ocaqlarının fəaliyyətinə əllərindən gələn hər cür dəstəyi verəcəklərini vurğulayıblar.

Bildirilib ki, Aşıq Kamandarın ev muzeyinin təmir işləri son tamamlama mərhələsindədir və 2021-ci ilin ilk aylarında mədəniyyət ocağının ziyarətçilərin ixtiyarına verilməsi gözlənilir.

Aşıq Kamandar Əfəndiyev Azərbaycan ozan-aşıq sənətinin korifey sənətkarlarından biridir. Böyük ustad bu əbədiyaşar sənətin zənginləşməsi və inkişafında misilsiz xidmətlər göstərib. Borçalı aşıq məktəbinin yetirməsi olan Aşıq Kamandar "Azərbaycanın əməkdar mədəniyyət işçisi" (1984) fəxri adına və Gürcüstanın yüksək mükafatı olan "Şərəf" ordeninə (1999) layiq görülüb.

2012-ci ildə sənətkarın 80 illik yubileyi həm Tbilisi, həm də Bakı şəhərində dövlət səviyyəsində qeyd edilib. Elə həmin ildə Aşıq Kamandarın ev muzeyi yaradılıb və 2013-cü ildə orada büstü qoyulub. Gürcüstanda rəsmi qeydiyyatda olan Aşıq Kamandarın ev muzeyinin bu yaxınlarda Türkiyənin Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Gürcüstan nümayəndəliyi tərəfindən dünya muzeyləri standartlarına uyğun olaraq təmirinə başlanılıb. Təmir işlərini TİKA-nın Gürcüstan koordinatoru Necla Demirdağın rəhbərliyi ilə Gürcüstanda muzeylərin bərpası və qurulması üzrə təcrübəli mütəxəssisləri aparırlar. Aşığın ev muzeyinin təmir işlərinin məsləhətçisi folklorşünas, professor Mahmud Kamaloğludur.

Əsas mövzular