18:17 17 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
MƏDƏNİYYƏT
Qısa URL
24 0 0

"Qarabağın musiqi xəzinəsi" layihəsinin növbəti buraxılışı Xalq artisti, görkəmli xanəndə Yaqub Məmmədova həsr olunub.

BAKI, 8 dekabr — Sputnik. Beynəlxalq Muğam Mərkəzinin (BMM) başladığı "Qarabağın musiqi xəzinəsi" layihəsinin növbəti buraxılışı Xalq artisti, görkəmli xanəndə Yaqub Məmmədova həsr olunub.

Sputnik Azərbaycan xəbər verir ki, buraxılışda sənətkarın ömür yolu və ifaçılıq sənətinə geniş yer verilib.

Yaqub Məmmədov 1930-cu ilin mayın 5-də Ağcabədi rayonunda anadan olub. O, Qarabağ xanəndəlik məktəbinin XX əsrin ikinci yarısında yetişmiş orta nəslinin görkəmli nümayəndəsidir. Qarabağ torpağında boya-başa çatmış Yaqub Məmmədov peşəkar musiqi təhsilini Azərbaycan Dövlət Musiqi Məktəbində alıb.

Yaqub Məmmədov görkəmli xanəndə Seyid Şuşinskidən muğam dəstgahları, xanəndəlik sənətinin sirlərini öyrənib, həmçinin musiqi və poeziya sahəsində dərin biliklər qazanıb. Yüksək ifaçılıq mədəniyyətinə malik xanəndə gözəl səsi, təkraredilməz oxuma tərzi ilə diqqəti cəlb edib.

O, bütün muğam dəstgahlarını gözəl mənimsəməklə yanaşı, həm də Azərbaycan poeziyasının bilicisi idi. Yaqub Məmmədov uzun illər Azərbaycan Dövlət Filarmoniyasında solist olub, konsertlərdə çıxış edib. Onun ifasında qrammoafon vallarına yazılmış muğam dəstgahları bütün Yaxın və Orta Şərqdə yayılıb.

Ustad xanəndə kimi püxtələşmiş Yaqub Məmmədov muğamda öz ənənələrini yaradan bir sənətkardır. Öz dövrünün bir çox xanəndələri, eyni zamanda, yeni gələn nəsil onun yaradıcılığından bəhrələniblər.

2002-ci ilin iyunun 5-də dünyadan köçən sənətkar deyib: "Qarabağ şikəstəsi"ni Cıdır düzündə oxuyacağam. Özü də elə oxuyacağam ki, Qarabağsız yaşadığımız illərdə çəkdiyimiz bütün ağrı-acılar yox olsun".

Qarabağa doğru uzanan yolu səsi ilə tutub gedən, amma oraya çata bilməyən Yaqub Məmmədov bu arzu ilə yaşayırdı. Yaşayırdı ki, Qarabağı görsün. Qarabağımızın qayıtdığı gün Yaqub Məmmədov aramızda olmasa da, ruhu şaddır və həmişəyaşar, canlı səsi isə qəlblərdə yaşayır.

Teqlər:
Qarabağ, Yaqub Məmmədov, xanəndə, Bakı Beynəlxalq Muğam Mərkəzi

Əsas mövzular