00:55 30 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
MƏDƏNİYYƏT
Qısa URL
44630

"Ermənilər bizim Şuşadakı binanın yerində park tikiblər. İşğaldan azad olunandan sonra hamılıqla birləşib orada bir bina tikib, fəaliyyətimizi davam etdirərik"

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 18 oktyabr — Sputnik. Qarabağ Azərbaycanın mədəniyyət ocağı olub. Təəssüf ki, Qarabağın ermənilər tərəfindən işğal edilməsi nəticəsində mədəniyyət ocaqlarımız məhv edildi. İşğaldan sonra teatrların müxtəlif yerlərdə fəaliyyəti davam edib. Sputnik Azərbaycan həmin teatrlarla əlaqə saxlayıb.

Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru Yadigar Muradov təəssüratlarını bizimlə bölüşüb: "Bu gün oğlumu hərbi xidmətə yola salanda ürəyim dağa döndü. Hər kəs oğlunu fərəhlə, alqışlarla yola salırdı. 3 oğlum var, artıq birini müharibəyə yola salmışam. Allah qoysa, tezliklə torpaqlarımız işğaldan azad olunar. Nəhayət ki, haqq-ədalət öz yerini tapır. Ermənilər bizim Şuşadakı binanın yerində park tikiblər. İşğaldan azad olunandan sonra hamılıqla birləşib orada bir bina tikib, fəaliyyətimizi davam etdirərik. Yəqin, elə birinci mədəniyyət mərkəzlərini açarlar. Biz də gedərik doğma el-obamıza, teatrımızı inkişaf etdirərik".

Yadigar müəllim əlavə edib ki, rəhbərlik etdiyi teatr Ordumuza dəstək verməyə hazırdır, hətta bununla bağlı prezidentə müraciət ediblər: "İndiki binamız 8-ci mikrorayonda yerləşir. Sual verirlər ki, "Şuşaya qayıdandan sonra Bakıdakı teatr binasını nə edəcəksiniz?" Mən də zarafatla cavab verirəm ki, paytaxtdakı bina bizim qış teatrımız olacaq. Şuşanın qışı sərt olur.

Kollektivimiz prezidentə müraciət elədi. Kollektivimizdən hər kəs getmək istəyir cəbhəyə. Biz həm fiziki, həm də mənəvi baxımdan onlara kömək etməyə hazırıq. Musiqili teatrıq, konsert proqramı ilə hansı hərbi hissəyə getmək lazımdırsa, gedəcəyik".

Yadigar müəllim teatrın tarixindən danışıb: "1938-ci ilin fevral ayında Şuşa Dövlət Kolxoz və Sovxoz Teatrı yaradılıb. 1943-cü ildə kollektivin adı dəyişdirilərək Şuşa Dövlət Musiqli Dram Teatrı olub. Ona Üzeyir Hacıbəyovun adı verilib. 1948-ci ildə Üzeyir Hacıbəyovun adını daşıyırdı. 1949-cu ildə o dövrdəki erməni xislətli rəhbər işçilər maliyyə problemini bəhanə gətirərək teatrı bağladılar. Teatr bağlanandan sonra Xankəndidə Maksim Qorki adına Stepanakert teatrı yaradılıb. Maliyyə problemi var idisə, necə oldu ki, onlar üçün teatr açıldı? O vaxtdan 41 il Şuşada teatr olmayıb. Özfəaliyyət dram teatrları fəaliyyət göstərib".

Şuşada kilsəni biz dağıtmamışıq, amma siz Gəncədə İmamzadəni vurmusuz - Müdafiə Nazirliyi>>

"1980-ci ildə təyinatla getdim Şuşaya. Eyni vaxtda həm Ağdam teatrında aktyor işləyirdim, eyni zamanda Şuşa Mədəni Maarif Texnikumunda müəllim işləyirdim. O zamanlar kollektivi yığdım başıma. 1987-ci ildə Xalq teatrı yaratdıq, 3 il sonra, 1990-cı ildə Şuşa Dövlət Dram Teatrı yaradıldı. O gündən bu günə qədər işləyirik. Təəssüf ki, orada qoyulan tamaşanı oynaya bilmədik. Gündə bir hadisə baş verirdi. Teatrın binası da Şuşanın mərkəzində idi. Torpaqlarımız işğal ediləndən sonra teatrın kollektivinin 80%-i Bakıya gəldi. Kollektiv ilk tamaşasını 1993-cü ilin fevralında Gənc Tamaşaçılar Teatrının binasında göstərdi. 12-13 il orada fəaliyyət göstərəndən sonra köhnə "Salavan" kinoteatrı teatr kimi dəyişdirilərək bizim öhdəmizə verildi. 2018-ci ildə açılışı oldu, ondan sonra fəaliyyətimiz davam edir", - deyə teatrın direktoru əlavə edib.

Füzuli Dövlət Dram Teatrının mətbuat katibi Səbuhi Vaqifoğlu bildirir ki, 1989-cu ildə yenidən fəaliyyətə başlayan Füzuli Dövlət Dram Teatrı rayonun işğal edilməsindən sonra bir müddət Bakıda fəaliyyət göstərib: "2004-cü ildən isə teatr doğma torpağına qayıdaraq Horadizdə fəaliyyətini bərpa edib. Tezliklə Qarabağ azad olunsa, yenidən teatr Füzulinin özündə fəaliyyət göstərər. Rayon işğaldan azad olunduqdan sonra oraya köçmək məsələmiz dövlətin və Mədəniyyət Nazirliyinin verəcəyi qərardan asılı olacaq.

Haşiyə çıxaraq bildirək ki, Füzuli şəhərinin erməni işğalçılarından azad olunması xəbərini Azərbaycan Prezidenti oktyabrın 17-də xalqa müraciətində bəyan etdi.

Ağdam Dövlət Dram Teatrının direktoru Məhəmməd Hüseynov da tezliklə Ağamda teatrın qurulacağı günü gözləyir: "Ağdamda ilk teatr 1902-ci ildə yerli ziyalıların və Əbdürrəhim bəy Haqverdiyevin köməkliyi və yaxından iştirakı ilə yaradılıb. Ağdamlılar ümumiyyətlə teatrsevər insanlar olublar. Təsəvvür edin, 1942-ci ildə Leyli və Məcnun tamaşası nümayiş olunacaqmış. Həmin gün oranın aktyoru, Məcnun rolunun ifaçısı Qaflan Muradovun 21 yaşlı oğlu tamaşa günü dünyasını dəyişib. Aktyor çıxıb tamaşasını oynayıb. Tamaşaçılar bilmirdilər, o oğlu üçün ah-nalə edir, yoxsa öz rolunu oynayır. Dediyim odur ki, Ağdam teatrında xeyli sayda peşəkar aktyorlar fəaliyyət göstərib. Elə əhalisinin özü də teatra rəğbət bəsləyib. Tezliklə azad olsun, biz buna inanırıq. Gedib teatrın binasını orada quraq. Teatr binamız Quzanlıda yerləşir. Amma biz istəyirik ki, binamız Ağdamın mərkəzində olsun".

Sözügedən teatrın baş rejissoru Novruz Cəfərov da duyğularını bizimlə bölüşüb: "Biz papaqlı millətik. Erməni üçün isə yerin fərqi yoxdur. Onların güzəranı harada xoş keçsə, orada yaşamağa hazırdırlar. Amma biz vətənsiz qala bilmirik. Bizim üçün bir balaca yer bəs edər. Təki torpaqlarımız geri dönsün. Ağdamda tamaşalar quraq. Bizim aktyorlarımız Ağdamın Baharlı, Quzanlı qəsəbələrində və Bərdədə yaşayırlar. İnşallah, torpaqlar azad olunar, hamımız Ağdamda yaşayıb, fəaliyyət göstərərik".

Əlaqədar

Qardaş ölkənin məşhurları: "Hər zaman, hər vəziyyətdə yanınızdayıq. Dualarımız sizinlə"
ANİMAFİLM Festivalı bu dəfə uşaqlara Qarabağ həqiqətlərini çatdıracaq
Xocalı dəhşətlərinin canlı şahidi: "Şəhərimiz alınan gün hər şeyimi burada qoyub gedəcəm"
Məşhur futbolçudan Azərbaycan xalqına dəstək - "Erməni, təxribatını dayandır"
Amerikada yaşayan azərbaycanlı qadınlardan möhtəşəm addım

Əsas mövzular