13:20 25 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
MƏDƏNİYYƏT
Qısa URL
83720

"Mən bilirəm, şəhidin rəsmini alan az adam olacaq. Almasınlar, bunu mən özüm üçün edirəm. Evdə o qədər şəhid rəsmi var, elə bilirəm, şəhidlər rəsmdən mənə baxırlar"

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI,  22 avqust — Sputnik. Əllə bir neçə hərəkət edir, sonra qabların içərisindəki tozları kətanın üzərinə boşaldır. Deyirsən, vəssalam, indi qara-qura cızma-qaranı sənət əsəri adlandıracaq. Sonra o kətanı çevirir və heyrətdən donursan - sanki sənə canlı insan baxır.   

Sputnik Azərbaycan-ın budəfəki həmsöhbəti belə qeyri-adi bacarığa malik rəssamdır. Ancaq onu şou göstərənlərdən fərqləndirən güclü bir cəhəti var - Azərbaycan Rəssamlar İttifaqının üzvü, Azərbaycan Ordusunun birinci Tank taborunun Fəxri üzvü Ülkər Əbülfət ömrünün böyük bir hissəsini vətənpərvərlik mövzusunda əsərlər yaratmağa sərf edib.

© Sputnik / Shahperi Abbasova
Rəssam Ülkər Əbülfət

Ülkər sənətə gəlişini müharibə ilə bağlayır: "Uşaqlıqdan fərqli rəsmlər çəkirdim. Anam onları saxlamışdı. Sonradan müharibə başladı. Uşaqlığım Beyləqanda keçib. Beyləqanda müharibəni daha çox hiss etmək olurdu. Hər gün güllə səsləri eşdirdik. Rayondakı 1 nömrəli məktəbin stadionunda bomba partladı, şüşələr üzərimizə töküldü. Həmin dövrlərdə xeyli sayda şəhid gördüm. Başı kəsilmiş insanlar, öldürülmüş uşaqlar gördüm. Bütün bunlar mənim yaradıcılığıma siraət etdi. Bilmirəm, yaşadıqlarımızmı təsir etdi, ya bu mənim daxilimdə əvvəldənmi var idi..."

İstedadlı rəssam qrafika üzərində portretin (qrafika üzərində yapışqan və zərlə) çətinliyindən söhbət açdı: "Yağlı boya ilə çəkirəm, amma məni daha çox qrafika üzərində portret cəlb etdi. Son illər bu janr rəssamlar arasında daha məşhurdur. Bu, daha çox şou xarakteri daşıyır. Yağlı boyaya nisbətən tez başa gəlsə də, bir az təhlükəlidir. Çünki zəri atdığın an zər tutmaya bilər. Bunu adətən kütlənin içində edirik. Tamaşaçıların önündə rüsvay ola bilərsən. Çox şükür ki, hələ mənim başıma gəlməyib. Bundan başqa, işlədiyin portretin xarakterini düzgün vermək lazımdır".

Daha çox şəhidlərimizin, milli qərəmanlarımızın portretlərini hazırlayan rəssam bu janrda işləmək üçün heç kəsdən dərs almadığını bildirdi: "Rəssamlıq Akademiyasını bitirmişəm. Amma bu sahə üzrə Sakit Məmmədovun oğlanları - Nizar və Cəsar Məmmədovlardan daha çox məsləhət almışam. Böyük Britaniya kraliçasının yanında işləmişdilər və mənim diqqətimi çəkmişdi. Hərdən eskiz edirdim, onlardan məsləhət alırdım. Onlar şifahi olaraq mənə izah etdilər, mən də evdən işlədim. Yəni, bu janrda işləmək üçün heç kəsdən dərs almamışam".

© Sputnik / Shahperi Abbasova
Rəssam Ülkər Əbülfət

Rəssam xanım iddia edir ki, ölkəmizdəki rəssamlar dünyanın ən məşhur rəssamlarına meydan oxuya bilərlər: "Ölkəmizdə bu sahə üzrə dünyanın ən məşhur rəssamları ilə rəqabət aparacaq gücdə sənətkarlar var. Hansılar ki, onlar dünyadakı ən məşhur fırça ustalarına meydan oxuya bilərlər. Mənim də öyrətdiyim şəxslər olub. İndi də müraciət edənlər çoxdur, amma vaxtım olmadığından onları öyrədə bilmirəm. Bu sənətin sirri insan anatomiyasını və  perspektivi yaxşı bilməkdir. Baxırsan, rəssam çəkir, amma xarakteri verə bilmir. Ona görə də hazırladığı portret uğursuz alınır".

Rəssamın ən möhtəşəm əsərlərindən biri də yəhudi əsilli Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun 3 metrlik əsəridir. Ülkər xanım Dağ yəhudilərinin sinaqoqunun foyesində yerləşən möhtəşəm əsərin yaranma tarixini bizimlə bölüşdü:

"İdeya özümündür. Fonda Şuşa qalasının təsvirini verdim. Onun üzərində çox çalışdım. Əsərdəki T-72 tankını çəkmək üçün tankı araşdırdım. Bununla bağlı xeyli araşdırma apardım. Getdim, o tankı canlı gördüm. Girdim tankın içinə. Tankın içi çox darısqal idi, həm də çox isti. Düşünün, zabitlərimiz, əsgərlərimiz hərbi geyimdə o tankın içində saatlarla qalırlar. Qışın soyuğunda, yayın istisində onun içində olurlar. Mən o tankı görməsəydim, tankı hiss etməsəydim, onu çəkə bilməzdim. Uşaqlıqdan milli qəhrəmanımızın rəsmlərinə baxırdım. O, bir dəfə demişdi ki, "mən azərbaycanlı olmasam da, bu torpaqda yaşayıram, bu torpağı qoruyacam. Müharibə bitməsə, getməyəcəm". Elə əsərimin də adı "Mən bu torpaqda yaşayıram" adlanır".

© Sputnik / Shahperi Abbasova
Rəssam Ülkər Əbülfət

Qəhrəmanımız sözügedən əsərə görə medalla təltif olunub: "23 yaşında gənc bir şəhidimizin üzündə çəkdiyi əzab-əziyyəti verməyə çalışdım. Onun simasını videodan götürdüm. Onun üzərində çox eskiz etdim. Şəhid olduğu aya uyğun havanı və təbiəti göstərdim. Arxasında Şuşa qalasını, sol tərəfdə vurduğu iki tankın görüntüsünü verdim. Çünki o, bir atışla iki tankı vurub. Həmin əsərin üzərində 6 ay işləmişəm. Əslində 1 il çalışmalı idim. Sadəcə, vaxt çox az idi. Beynəlxalq Muğam Mərkəzində təşkil olunun sərgidə o əsər də nümayiş olunmalı idi. Həmin sərgidə İsrailin səfiri, İsraildan gələn qonaqlar var idi. Təntənəli açılış oldu. İsrail dövləti tərəfindən medalla təltif olundum".

600-dən artıq şəhid portreti yaradan rəssam qardaş ölkə Türkiyənin də şəhidlərinin portretini hazırlayıb:

"Allahverdi Bağırovun, Mübariz İbrahimovun, Polad Həşimov və s. şəhidlərimizin portretlərini hazırlamışam. Bundan başqa, Türkiyənin 15 iyul şəhidlərinin portretlərini çəkmişəm. Evimizdə bütün günü şəhidlərimizin rəsmini işləyirəm. Bunu mənə heç kəs demir. Mən özüm sevərək edirəm. Mən bilirəm, şəhidin rəsmini alan az adam olacaq. Almasınlar, bunu mən özüm üçün edirəm. Evdə o qədər şəhid rəsmi var, elə bilirəm, şəhidlər rəsmdən mənə baxırlar. Həddindən artıq çətindir. Gecə yatanda da o gözlər mənə baxır".

"Beş əsərimi Rəcəb Tayyib Ərdoğana hədiyyə etdim. Həmin vaxt özü orada yox idi, əsərlərimi Türkiyə Böyük Millət Məclisi başçısı Mustafa Şentopa təqdim etdim. 500-dən artıq jurnalı çap etdirdim. 75 ölkədən nümayəndə var idi, mən həmin ölkələrin nümayəndələrinə jurnalı təqdim etdim. Jurnal vasitəsi ilə Xocalı həqiqətlərini dünyaya car çəkmək istədim", - deyə əlavə etdi.

© Sputnik / Shahperi Abbasova
Rəssam Ülkər Əbülfət

Vətənpərvər rəssam bütün bunlarla yanaşı, vətənəpərvərlik mövzusunda tədbirlər də təşkil edir. "Bu yaxınlarda İstanbulda çıxış edəndə qəhərdən boğuldum, danışa bilmədim. Görün o şəhidlərin valideynləri, əzizləri nələr çəkirlər. Arzulayıram, növbəti əsərlərimi Qarabağda işləyim. Daha şəhid rəsmi işləmək istəmirəm. Bu, bir əzabdır. Əsgər və zabitlərimiz səngərdə vuruşurlar, qələm və fırça əhli də arxa cəbhədə vuruşmalıdır. Özüm beynəlxalq tədbirlər təşkil etmişəm. 100-dən artıq balaca rəssamımızı diplomla təltif etmişəm. "Qarabağa qayıdış ümidi ilə", "Albert Aqarunovun 50 illiyi, "Xocalı - qan yaddaşı" adlı tədbirlər təşkil etmişəm".

Həmsöhbətimiz Qarabağ həqiqətlərini dünyada tanıtmaq üçün bir çox ölkələrin sərgilərində iştirak edib. Dediyinə görə, həmin sərgilərdə tək deyil, həmkarları ilə iştirak etməyi daha üstün tutur:

"Çalışıram ki, bu tipli sərgilərdə tək iştirak etməyim. Ətrafıma rəssamları toplayıram. Tək iştirak etdiyim vaxtlar da olub. Amma çalışıram ki, bizim sənətkarlarımızı bütün dünya tanısın. Tapşırıqla heç birini qəbul etmirəm. Çünki istəyirəm, yanımdakılar, bizi təbliğ edənlər kiminsə adamı yox, istedadlı sənətkarlar olsun. Qoy dünya görsün ki, bu torpaq necə istedadlar yetişdirib. Əsərlər vasitəsi ilə Qarabağ dərdimizi də dünyaya çatdıraq. Bir tablonun 100 əsrdən çox yaşı var. Xarici bir vətəndaş sərgidən bir tablo alsa, ondan sonra gələn nəsillər də həmin əsərə baxacaq, ermənilərin azərbaycanlılara qarşı etdiyi qətliamdan az da olsa xəbərdar olacaqlar".

Rəssam xanım bu yaxınlarda öz sənət yoldaşları ilə yeni layihəyə hazırlaşır: "Bu yaxınlarda 133 şəhidimizin portreti hazırlanacaq. Təşkilatçılığı mən edirəm. Lahiyə dövlət səviyyəsində olacaq. İnşallah, bu gündən sonra şəhidimiz olmaz, biz də yeni şəhid portretləri çəkmərik. Hazırda Qarabağ mövzusunda tarixi bir əsər hazırlayıram, uzun müddətdir onun üzərində işləyirəm".

© Sputnik / Shahperi Abbasova
Rəssam Ülkər Əbülfət

Ölkəmizi beynəlxalq aləmdə tanıdan rəssam dünyanın bir çox ölkələrindən təkliflər alınb: "Hacı Əzimov Albert Aqarunovun komandiri olub. Hacı Əzimov Aqarunovun xatirəsinin əbədiləşdirilməsi üçün bir sıra addımlar atır. Şəhidin Gənclikdəki heykəlinin hazırlanmasında Əzimovun böyük əməyi var. Əsərləri işləyərkən heç bir maddiyyat ummuram. Şəhidlərin portretlərini hazırlamaq mənim həm də mənəvi borcumdur. Elə insanlar var ki, mənim əl işlərimi öz adlarına çıxmağa çalışırlar. Dünyanın bir çox ölkələrində sərgilərdə olmaqla yanaşı, mənə iş təklifləri də gəlir. Amerikadan, İsraildən, Norveçdən təklif gəlib. Norveçdə sərgi və oranın kraliçası ilə görüş olmalı idi, pandemiyayla əlaqədar qaldı".

100-ə yaxın diplom və fəxri fərmanları olan həmsöhbətimiz 3 medalla da təltif olunub: "Türkiyənin Cizrə bölgəsində beynəlxalq sərgiyə dəvət almışdım. Həmin rəsm sərgisində müxtəlif ölkələrdən rəssamlar iştirak edirdilər. Həmin sərgidə Cizrə valisi tərəfindən medalla təltif olundum. Ora müharibə bölgəsidir, bizim təhlükəsizliyimizi qorumaq üçün xüsusi mühafizə ayrılmışdı".

Əlaqədar

Qabardılmış cizgilər, tanınan tipajlar: Lənkəranın yeganə keramika ustası
Gənc heykəltaraş bu dəfə polkovnikin xatirəsini əbədiləşdirib
Bəhruz Kəngərlilər, bir əsrin fərqi - qara əllər, simasız üzlər
“Ailəsinə bağışlaya bilərəm” – Gənc heykəltəraş 4 günə generalın büstünü hazırlayıb
“Kirpi” davamçıları: Azərbaycanın yeni nəsil karikaturaçısı

Əsas mövzular