00:47 31 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
MƏDƏNİYYƏT
Qısa URL
25 0 0

Eldar Əliyevin vəfatı ilə əlaqədar "La Scala" teatrının nəşr etdiyi nekroloqda İtaliyada ən möhtəşəm illərini yaşamış, dünya opera ulduzları ilə bir səhnədə çıxış etmiş məşhur azərbaycanlı vokalçının xatirəsi dərin hüznlə anılır

BAKI, 17 avqust — Sputnik. Bənzərsiz səs tembri ilə dünya opera səhnələrini fəth etmiş azərbaycanlı vokalçı Eldar Əliyevin nəşi Bakıya gətiriləcək. 4 avqust 2020-ci il tarixində İtaliyanın Milan şəhərində 49 yaşında vəfat edən sənətkar yüksək ifaçılıq qabiliyyəti, orijinal aktyorluq məharəti və rəngarəng çıxışları ilə "La Scala" (Milan), "Staatsoper" (Berlin), "Opera National de Paris" (Paris), "Teatro dell"Opera di Roma" (Roma), "Teatro La Fenice di Venezia" (Venesiya), "Teatro Real" (Madrid), "Covent Garden" (London), "Nationaltheater München" (Münhen) və s. dünyanın ən möhtəşəm teatrlarının səhnələrində Azərbaycan vokal ifaçılıq məktəbini layiqincə təmsil edib.

O, Bakı şəhərində doğulub boya-başa çatmış, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının tələbəsi olduğu dövrdə ən istedadlı tələbələr arasından seçilərək İtaliyanın tanınmış Lirica Osimo Akademiyasında təhsilini davam etdirməyə dəvət almış vokalçı uzun illər Vətənindən uzaqda yaşasa da, bütün ömrü boyu azərbaycanlı olduğu ilə fəxr etmiş, öz yaradıcılığı, sənət uğurları ilə Azərbaycanın adını uca tutmağa çalışmışdır.

Mərhum 1971-ci il iyunun 28-də Bakı şəhərində doğulub. E. Əliyev dünyanın ən məşhur sənət məbədlərindən hesab edilən "La Scala" teatrında Luçano Pavarotti, Plasido Dominqo, Mirella Freni ilə eyni səhnəni paylaşıb. Eldar Əliyevin vəfatı ilə əlaqədar "La Scala" teatrının nəşr etdiyi nekroloqda İtaliyada ən möhtəşəm illərini yaşamış, dünya opera ulduzları ilə bir səhnədə çıxış etmiş məşhur azərbaycanlı vokalçının xatirəsi dərin hüznlə anılır. Bu günlər İtaliyanın kütləvi informasiya vasitələrində öz sənəti ilə milyonların məhəbbətini qazanmış dünya şöhrətli vokalçı Eldar Əliyevə həsr edilmiş çoxsaylı məqalələr dərc olunub.

Dünya opera sənətinin ulduzu maestro Franko Korellinin, məşhur dirijor, uzun illər "La Scala" teatrının bədii rəhbəri olmuş maestro Rikkardo Mutinin və bir çox İtaliya sənətçilərinin "dahi müğənni" adlandırdıqları Eldar Əliyev Azərbaycanı dünyaya tanıtmaqla bərabər, İtaliya və Azərbaycan arasında mədəni əlaqələrin möhkəmlənməsinə də öz töhfəsini verib.

Qeyd edək ki, Azərbaycan və İtaliyanın musiqi mədəniyyətini özündə birləşdirən Eldar Əliyevin dəfn mərasiminin Bakı şəhərində hər iki ölkənin rəsmi nümayəndələrinin, sənətsevərlərinin iştirakı ilə xüsusi karantin rejimi qaydalarına müvafiq olaraq keçirilməsi və böyük vokalçının xatirəsinin yaşadılması Azərbaycan Hökuməti tərəfindən təşkil ediləcək.

Əsas mövzular