Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Bəhruz Kəngərlilər, bir əsrin fərqi - qara əllər, simasız üzlər

Abunə olmaq
"Cizgilər çəkildikdə əsərin qəhrəmanı kiməsə oxşamağa başlayır. Bu zaman mənim üçün maraq itir" - Bəhruz Kəngərli

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 2 avqust — Sputnik. Dünya müxtəlif rənglərə boyanıb. Rəssamlar bizdən fərqli olaraq bu rəngləri, onların harmoniyasını daha gözəl anlayır və öz təxəyyüllərinə uyğun olaraq müxtəlif sənət nümunələri yaradırlar. Belə rəssamlardan biri də Bəhruz Kəngərlidir.

Yox, biz sizə 1892-ci ildə Naxçıvanda, məşhur Şirəli bəyin ailəsində dünyaya göz açan və gənc yaşında dünyadan köçən Bəhruz Kəngərlidən danışmayacağıq. Bəy oğlu Bəhruz Kəngərlinin əsərləri Azərbaycandan kənara çıxmasa da, onun gənc xələfi Bəhruzun əsərləri xarici ölkələrin sərgi salonlarını və nüfuzlu şəxsi kolleksiyaları bəzəyir.

Sizi tanış edəcəyimiz rəssam 1990-cı ildə doğulub, Bakıdakı rəssamlıq kollecində (keçmiş Ə.Əzimzadə adına rəssamlıq məktəbi), daha sonra isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının bakalavr və magistr pillələrində təhsil alıb. O, “Təklənmiş” stul, “Mələk”ləşən qızcığaz, asılqanda sahibinin “İntizar”ını çəkən milli geyim, "Qayğanaq" və s. əsərlərin müəllifidir.

© Photo : Facebook / Бахруз КенгерлиBəhruz Kəngərli
Bəhruz Kəngərlilər, bir əsrin fərqi - qara əllər, simasız üzlər - Sputnik Azərbaycan
Bəhruz Kəngərli

Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Ziyadxan Əliyev rəssam haqda belə deyir: "Rəssamın daha bir neçə əsərində “qara” əlləri müxtəlif jestlərin ifadəçisi kimi görürük. Bu insan yaşantılarında da təzad mövcuddur, başqa sözlə desək, ələmə-nəşəyə bələnmiş bu zərif əllərdə əllərin daşımağa aciz olduğu mənəvi-psixoloji yükün ovqat yaradıcılığı hiss olunandır. Qənaətimizcə, elə rəssam niyyətinin mayasında da onları təsirli tutumda qabartmaq durur..."

Sputnik Azərbaycan yaratdığı obrazlar, nümunələrlə maraq çəkən, möhtəşəm əsərləri yaradan o boyalı əllərə sahib Bəhruz Kəngərli ilə söhbətləşdi:

- Çox fərqli və spesifik bir janrda yaradırsınız. İzahını bilmək maraqlıdır.

- Əsərlərim bir neçə janrın birləşməsindən yaranıb. Əsərlərimdə daha çox minimalizm və ekspressionizm janrının birləşməsini görmək olar. Ekspressionizm rəssamın nə çəkdiyini deyil, necə çəkdiyini, ruh halını çılğınlığı ilə ifadə edir. Bu janra marağım tələbəlik illərindən yaranıb. Rəssamlığı akademik səviyyədə öyrəndikdən bu janra marağım artıb və hazırda  da özümü bu janrda təkmilləşdirirəm. Burada özümü "öz qabımda" hiss edirəm, artıq bu janrı, bir növ həyat tərzimə çevirmişəm.

© Photo : Facebook / Бахруз КенгерлиBəhruz Kəngərli
Bəhruz Kəngərlilər, bir əsrin fərqi - qara əllər, simasız üzlər - Sputnik Azərbaycan
Bəhruz Kəngərli

- Özünəməxsus dəst-xəttinizlə seçilirsiniz. Maraqlıdır ki, əsərlərinizdə cizgilər yoxdur. Bu nə ilə əlaqədardır?

- Hər rəssam öz prizmasından dünyaya baxışı, individuallığı, dəst-xətti ilə seçilir. Üz cizgilərinin rəsm əsərlərində ifadə olunmamağı isə fərqli nüanslarla əlaqəlidir. Daha sirli, daha mistik görünüşə qatılmaq üçün əsərlərdə üz cizgilərinin ifadə olunmasına ehtiyac görmürəm. Çünki cizgilər çəkildikdə əsərin qəhrəmanı kiməsə oxşamağa başlayır. Bu zaman mənim üçün maraq itir. Yəni mənim dəst-xəttim belədir. Üz cizgilərini ifadə etmədiyim əsərlər isə daha sirli qalır. Bir rəssam olaraq mənim əsarlərimin əsas xarakterik cəhəti üz cizgilərinin ifadə olunmamasıdır. Düşüncəmə görə, hər rəsm çəkən rəssam deyil. Rəssam olmaq üçün gözəl rəsm çəkmək kifayət etmir. Əsərlərimdə müəyyən sirr saxlamağa üstünlük verirəm ki, izləyici özü düşünsün, öz düşüncəsinə görə fikri tamamlasın.

- Çəkdiyiniz janrların mahiyyəti haqda da danışardınız.

© Photo : Facebook / Бахруз КенгерлиBəhruz Kəngərli
Bəhruz Kəngərlilər, bir əsrin fərqi - qara əllər, simasız üzlər - Sputnik Azərbaycan
Bəhruz Kəngərli

- Minimalizm və ekspressionizm tamamilə fərqli janrlardır. Minimalizm azlığın içində çoxluğu axtarmaqdır, ekspressionizm isə rəssamın özünü emosional ifadəsinə söykənir. Əslində mən öncədən hansısa bir janrda çəkməyi, hər-hansı janra aid olmağı düşünməmişəm. Lakin illər keçdikdən sonra bu dalğanın məni haraya aparmasına əmin olmuşam.

- "Yuxu" əsəriniz də çox maraqlıdır...

- "Yuxu" əsərini 2014-cü ildə ərsəyə gətirmişəm. Bir rəssam kimi özümü tapmaqda önəmli rola malik olub. Çünki bu əsərin kompozisiyası daha qəlizdir. Bu qəlizlik 2 kompozisiyanın birləşməsindən əmələ gəlib, onu haradasa ekspromt da adlandırmaq olar. Digər əsərlərimdə olduğu kimi, bu əsərdə də çalışmışam, öz rəng duyumum və palitramdan istifadə edim. Rəssam sadəcə olaraq rəng duyumu ilə insanın ruh halını ifadə edə bilər. Əsərin adını abstraksiya qoyub rəng uyumu ilə insanı cəzb etmək olar. Ümumiyyətlə, deyim ki, nə çəkməkdən əlavə, onu necə ifadə eləmək sualını hər zaman qoyuram. Minimallığın içində çoxluq axtarmaq və onu izləyicilərə təqdim etmək əsas şərtdir.

© Photo : Facebook / Бахруз КенгерлиBəhruz Kəngərli
Bəhruz Kəngərlilər, bir əsrin fərqi - qara əllər, simasız üzlər - Sputnik Azərbaycan
Bəhruz Kəngərli

 - Əsərlərinizin mövzusu nədən qaynaqlanır?

- Heç bir iş birdən-birə ərsəyə gəlmir. Bu günədək müxtəlif sərgilərim olub. Hansı ki, bu sərgilər hər dəfə məndə yeni hisslər yaradır. Bu sərgilər sanki mənim özüm üçün hesabatımdır. İncəsənət hər zaman axtarış tələb edir. Çəkdiyim mövzularımın içində yaşayıram. Həyat tərzim, düşdüyüm situasiyalar, məişət həyatım, cəmiyyətdə olan mövzular, oxuduğum əsərlər, baxdığım filmlər də əsərlərim üçün bir əsas olur. “Qayğanaq” əsərim də bu tipdir. Bu elə bir şeydir ki, onu həm uşaq, həm böyük, həm varlı, həm də kasıb yeyir.

- Mövcud situasiya sizin fəaliyyətinizə necə, təsir edibmi?

- Mövcud situasiya ilə bağlı demək istəyirəm ki, bu, sadəcə insanlığa yönələn bir mesajdır. Koronavirusla bağlı yaranan vəziyyət insani dəyərlərə yenidən baxmağa vadar edən, bütün canlılara münasibətdə yeniləməni məcbur edən bir amilə çevrilib. Bundan başqa, bu zaman həm də insanın özü ilə söhbət etmək üçün bir fürsətidir. Qeyd edim ki, koronavirus bütün sahələrlə yanaşı, bizə də təsirsiz yanaşmayıb. Problem yalnız evdən çölə çıxmaq məhdudiyyətinə bağlı deyil. Düşünürəm ki, karantin rejimi bitdikdən sonra da insanların içində bu qorxu qalacaq.

Xəbər lenti
0