05:44 24 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
MƏDƏNİYYƏT
Qısa URL
40210

"Ürəyimdə yaratmaq istədiyim rollar var, amma deməyəcəm. Çünki oynamayacağım obrazın adını çəkməyin mənası yoxdur".

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 26 iyun — Sputnik. O Azərbaycan teatrının son dövrlər yetişdirdiyi professional, özünü təsdiq etmiş aktrisalardan biridir. Hələ gənc ikən teatr və kino sahəsində özündən söz etdirməyi bacarmışdı. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında müxtəlif mürəkkəb və psixoloji baxımdan olduqca zəhmət tələb edən rollar yaradan aktrisa mənə görə "Məhv olmuş gündəliklər" tamaşasındakı Anjel obrazı ilə ürəkləri fəth etməyi bacarıb.

Həmsöhbətimiz cazibədar və bir o qədər də istedadlı aktrisa Günel Məmmədovadır.

© Sputnik / Murad Orujov
Aktrisa Günel Məmmədova

- Karantin dövrünüz necə keçir?

- Çox darıxdırıcı. Həyatım həddən aktiv olduğuna görə karantində darıxıram. Amma yaradıcılıqdan kənar qalmıram. Qiraətlə məşğulam, bir neçə şeirlər söyləyib yazdırmışam, həm də kiçik vidieolar çəkmişəm, həm yumoristik, həm də düşündürücü. Bir neçəsini də çəkəcəyik. Çalışıram boş qalmayım.

- Yaradıcı adamlar boş qalanda özlərini daha pis hiss edirlər.

Həddindən artıq, həm də mənim kimi aktiv həyatı olan bir adam. İlk dövrdə lap çətin idi. Fitnes ilə məşğul oludum, yaradıcılığıma davam edirdim. İndi-İndi bir az özümə gəlirəm, amma yenə əvvəlki kimi deyil. Teatrsız qalmaq çətindir. İnşallah tezliklə bu bəla bitər, yenidən əvvəlki həyatımıza qayıdarıq.

© Sputnik / Murad Orujov
Aktrisa Günel Məmmədova

- Bu mövsüm Günel Məmmədova potensialından yetəri qədər istifadə edə bildimi?

- Heç vaxt özümdən tam razı olmamışam, amma potensialımı deyə bilərəm ki realizə etdim. Cari teatr mövsümündən yeganə yadda qalan, Cəfər Cabbarlının "Eloğlu" tamaşası oldu ki, mənə uğur gətirdi. Vaqif müəllimin rejisorluğu ilə səhnələşdirildi, partnyorlarıma da öz təşəkkürümü bildirmək istəyirəm. Şövqü müəllim, Elnur Kərimov onlarla bir səhnədə olmaq həqiqətən insana bir qüvvət verir. Yadda qalan yalnız bu və yeni serialım oldu. Tamaşaçılar həmişə məni dram janrında görüblər. Düşündüm ki, bu dəfə fərqli olmaq lazımdır. Sağ olsun Cəfər Axunzadə ki, mənə inanıb ofis işində Günel obrazını həvalə etdi. O da yadda qaldı. Amma ümumilikdə böyük işlər görə bilərdik, karantin imkan vermədi. Kinoda iki filmim ərsəyə gəldi. "Əlvida Şmidt" və "Qış nağılı" filmləri. Onlar da yadda qaldı. Yeni layihələr də var idi. Fikirlər müxtəlifdir. Bəyənənlər də oldu, bəyənməyənlər də oldu. Mən razı qaldım, iş rejimindən, partnyorlardan. Proyekt maraqlı olarsa, ödənişsiz də çəkilərəm.

© Sputnik / Murad Orujov
Aktrisa Günel Məmmədova

- Azərbaycanlı aktyor və aktrisaların ən çox can atdığı Akademik teatrın səhnəsidir və mən tanıyandan siz Gənc Tamaşaçılar teatrındasınız, sıxılmırsınız?

- Akademik Dram teatrında mənim çıxışlarım olur. Əslində kino aktrisası olmaq istəyirdim, məni bura müəllimim Rafiq Əliyev gətirib, sıxılmıram. Sevdiyim işlə məşğul oluram, kollektivdən də razıyam. Başqa teatrlarda da çxışlarım olur. Amma boynuma alıram ki, bir məsələ ilə bağlı Rafiq müəllim təklif edəndə qulaq asmadım və indi peşmanam. Gələcəkdə onu yerinə yetirəcəm. Teatra gəlməyimlə nələrisə qurban verdim. Ümumiyyətlə, sağlamlığımı qurban verdim teatrda. İnsallah öz arzularımı reallaşdıracağam. Zədə almadığım yer yoxdur. Yay , qış demədən çıxış edirdik, yalnız sağlamlığımı qurban vermişəm və peşman da deyiləm . Mən sənətimi sevirəm.

© Sputnik / Murad Orujov
Aktrisa Günel Məmmədova

- Sizi daha çox dramatik rolların ifaçısı kimi tanıyırlar, yaddaşlarda ağlayan aktrisa kimi qalmaq istəmirsiniz?

- Sözün açığı, yaddaşlarda elə qalmaq istəməzdim, amma təsadüfən mənə həmişə elə rollar həvalə edilib. Mənim teatrda ilk rolum komediya olsa da, seriallarda tamaşalarda həmişə dram oynamışam. Rejissorun baxış bucağı var, məni həmişə bu rolda görüblər. Çox istəyərdim komik rollara çəkilim. Görünməyən tərflərim var. Aktyor hər zaman hərtərəfli olmalıdır. Ürəyimdə yaratmaq istədiyim rollar var, amma deməyəcəm. Çünki oynamayacağım obrazın adını çəkməyin mənası yoxdur. Elə obrazlar olub ki, mənim ürəyimdə qalıb, versələr oynaya bilərəm. Cülyettanı mən bu dəqiqə gənclərə verərdim. Elə obrazlar var ki, görünüş imkan verməlidir.

- İndiki dövrdə teatrda problemi nədə görürsən - əsərdə, rejissorda, aktyorda?

- Əsər problemi deyəndə, gəncləri də dəyərləndirmək lazımdır. Rejissor problemində fikrimcə, onlar daha çox rahatlığa qaçırlar, mən narazı deyiləm problemlərdən. Mən əsər pis olsa da ona can gətirməyi özümə borc bilirəm. Əsər pis olanda rejissordan da çox şey asılıdır. Səhnələşdiriləndə tamamilə dəyişilə bilər. Əsər zəif ola bilər, rejissor istəsə hər şey edər. Amma rahatlaşma var bizdə. Mən işlədiyim rejissorlrdan razıyam. Aktyorları eşidirlər.

© Sputnik / Murad Orujov
Aktrisa Günel Məmmədova

- Rafiq müəllimin ölümü ilə Azərbaycan incəsənəti nə itirdi, kimi itirdi?

- Rafiq müəllim çox gözəl aktyor, rejissor olub. Əvvələr bilirsiniz ki, Gənc Tamaşaçılar teatrının rus bölməsi var idi. Neçə illər sonra rus bölməsini o açıb. Rus Dram teatrı üçün çox iş görüb. Mən çox şey itirdim onun ölümü ilə. Bilmirdim o xəstədi, onun ölüm xəbərini almaq mənim üçün şok oldu. Günel Məmmədova olaraq məni bu camiyədə tanıdan o olub. Dördüncü kursda əlimdən tutub Gənc Tamaşaçılar teatrına o gətirdi və həmişə də dəstək oldu. Mən çox pis oluram ki, o mənim bir çox tamaşalarımı görmədi. Heç vaxt tərifləməzdi məni. Deyərdi işinlə məşğul ol. Bir neçə müddət məlum səbəblərdən Gənc Tamaşaçılar teatrına gəlmədi, yanımda ola bilmədi. Onun bir arzusunu uşaqlıq etdim reallaşdırmadım, amma həmin istəyini çalışacağam həyata keçirim.

- Hansı planlarınız var.

- Sözün düzü nəyisə planlaşdırmaq mənə düşmür. Amma yarımçıq işlər var. Hansılar ki, davam etməli idi karantindən sonra onlara start veriləcək. Əsasən kino sahəsindədir. Teatrdan bu aralar uzağam.

Əsas mövzular