CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı "YouTube"dan Azərbaycan xalq mahnısını mənimsəmiş kanalların bağlanmasını tələb edir

© AFP 2023 / MARTIN BUREAUYoutube proqramı, arxiv şəkli
Youtube proqramı, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
İranlı müğənni Fereydun Əsraeyi məşhur Azərbaycan mahnısını fars dilində ifa edərək onu fars mahnısı adı altında paylaşıb və Azərbaycanın Əqli Mülkiyyət Agentliyi "YouTube"dan ifaçının çarxının silinməsini tələb edib.

BAKI, 6 iyun – Sputnik, Kəmalə Əliyeva. Azərbaycanın Əqli Mülkiyyət Agentliyi "YouTube" videohostinqinə məktubla müraciət edib. Qurumun müraciətində Azərbaycan xalq mahnısı “Küçələrə su səpmişəm”in fars mahnısı kimi yerləşdirildiyi kanalların bloklanması tələb olunub.

Agentliyin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bir sıra "YouTube" kanallarında, o cümlədən, chekhabar1234 və Persian Song adlı kanallarda iranlı musiqiçi Fereydun Əsraeyinin (Fereydoun Asraei) ifasında “Dooset daram” adlı mahnı yerləşdirilib. Lakin həmin kanallar mahnının Azərbaycan xalq mahnısı olması barədə məlumatı qeyd etməyiblər.

Agentlik bildirib ki, mahnının musiqisinin bu cür mənimsənilməsi və dolayısı yolla fars musiqisi kimi təqdim olunması kobud hüquq pozuntusudur. Bu, həm də Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Müəlliflik hüququna dair Müqaviləsinin və ÜƏMT-nin İfalar və fonoqramlara dair Müqaviləsinin müddəalarına ziddir.

“Mahnının Azərbaycan xalqının mədəni irsinə məxsusluğu çoxlu sübutlarla təsdiqlənir. “Küçələrə su səpmişəm” mahnısı XX əsrin əvvəllərindən başlayaraq bir sıra Azərbaycan xalq mahnıları toplularına daxil edilmişdir. Misal üçün, görkəmli Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyov və Müslüm Maqomayevin 1927-ci ildə nəşr olunan “Azərbaycan türk el nəğmələri”, Bülbül Məmmədovun 1956-cı ildə nəşr olunan “Azərbaycan Xalq Melodiyaları” (I cild Səid Rüstəmov), görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun 1952-ci ildə nəşr olunan “Azərbaycan xalq mahnıları”, Davud Məmmədbəyovun 1965-ci ildə nəşr olunan “Azərbaycan lirik xalq mahnıları”, Salih Turhanın 1991-ci ildə Türkiyənin Ankara şəhərində nəşr olunan “Azerbaycan halk mahnıları” kitablarında “Küçələrə su səpmişəm” mahnısının notları və sözləri birlikdə çap olunub”, - Agentlik bildirib.

Mahnı eyni zamanda 1954-cü ildə çəkilmiş “Doğma xalqıma” adlı filmdə səsləndirilib. Görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun 1963-cü il 12 iyun tarixli ərizəsi əsasında onun tərəfindən “Küçələrə su səpmişəm” xalq mahnısını yenidən işlənmiş variantı Ümumittifaq Müəllif Hüquqları Agentliyinin Azərbaycan şöbəsində (indiki Əqli Mülkiyyət Agentliyində) kataloqa daxil edilib və qeydə alınıb. Mahnının yenidən işlənmiş variantı Azərbaycanlı müğənni Rəşid Behbudov tərəfindən 1963-cü ildə ifa olunmuş variantı "YouTube" kanalına yüklənib.

“Küçələrə su səpmişəm” xalq mahnısı həmçinin Azərbaycanın məşhur ifaçılarından Bülbül, Şövkət Ələkbərova və başqaları tərəfindən də səsləndirilmiş, maddi daşıyıcılara yazılaraq "YouTube" səhifələrinə yüklənib.

““Küçələrə su səpmişəm” xalq mahnısı iranlı musiqiçi Fereydun Əsraeyi tərəfindən Azərbaycan və fars dillərində ifa olunaraq “Khuneh be Dush” adlı albomda “Dustat daram” adı ilə 8-ci sırada yer alıb. Həmin albom onun razılığı ilə www.amazon.com saytında yerləşdirilib və ən əsası Azərbaycan folklor nümunəsi (by Azeri Folk) kimi qeyd edilib”, - deyə bildirən Agentlik tərəfindən sadalanan faktlar və mənbələr əsasında araşdırmanın nəticələrini əhatə edən təfsilatlı müraciət hazırlanıb.

Müraciətdə "Youtube" portalının müvafiq bölməsinə ünvanlanaraq, chekhabar1234 və Persian Song adlı kanallarında, eləcə də digər kanallarda “Küçələrə su səpmişəm” Azərbaycan xalq mahnısının adı və mənşəyi barədə məlumatların əlavə olunması, əks təqdirdə isə həmin kanalların bağlanılması xahiş edilib.

Xəbər lenti
0