20:05 02 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
MƏDƏNİYYƏT
Qısa URL
1235 0 0

“Müəllimlərim belə, mənə val verirdilər. Doğum günlərimdə də mənə ancaq val hədiyyə etmələrini istəyirdim”

Rahim Muradov, Sputnik Azərbaycan

BAKI, 22 mart — Sputnik. Elə insanlar var ki, nə isə yığmaq, nəyisə toplamaq onların həyatının mənasına çevrilir. Kolleksiyaçılar adlandırılan belə insanlar ən müxtəlif əşyaları toplaya bilərlər.

Lənkəran rayonu Cil kənd sakini Əli Əkbərov də artıq 30 ildən çoxdur ki, musiqi vallarının toplanması ilə məşğuldur. Ömrünün 27 ilini mədəniyyət sahəsində çalışan Ə.Əkbərovun kolleksiyasında çox nadir musiqi valları qorunur.

Sputnik Azərbaycan-ın əməkdaşı Əli Əkbərovun evində olaraq onunla kolleksiyası barədə danışıb

- Lənkəran Regional Mədəniyyət İdarəsinin Şağlaser kənd Sənətkarlıq evinin işçisiyəm. Ömrümün 25 ilini orta məktəbdə musiqi müəllimliyinə sərf etmişəm.1973-cü ildə Cil kəndində doğulmuşam, 1993-cü ildə Bakı Mədəni Maarif Texnikumunu bitirmişəm. Görkəmli opera ifaçısı Mais Salmanov, unudulmaz, gözəl aktyorumuz Mikayıl Mirzə mənim müəllimlərim olublar.

© Sputnik / Rahim Zakiroghlu
Val kolleksiyası

- Siz evinizdə Azərbaycanın musiqi sənətkarlarına aid olan musiqi vallarından ibarət kolleksiya toplamısınız. Bu kolleksiyanı neçə ildir ki, toplamağa başlamısınız və nəyə görə məhz musiqi valları kolleksiyası?

- Əvvəla, mənim musiqiyə, incəsənətə uşaqlıqdan meylim olub. Gözümü açıb babamın evində radiolu patefon görmüşəm. Babamın da bir neçə qədim valı var idi. Mən də həmişə öz musiqi arxivimin olmasını arzulayırdım. Çünki mən radioya, televiziyaya bağlı insan idim. Radioda diktor olmaq kimi arzum olub. İstəyirdim ki, könlümə düşən zaman Yavər xanım, Xan Şuşinski, Seyid Şuşinski və Rübabə xanımın mahnılarını dinləyə bilim. O zaman musiqiyə qulaq asmaq üçün redaksiyaya məktub yazıb xahiş etməli olurdun. Çox vaxt da istədiyimiz mahnılar səsləndirilmirdi. Buna görə də başladım valları toplamağa və bir də ayıldım ki, artıq mənim çoxlu vallarım var.

© Sputnik / Rahim Zakiroghlu
Val kolleksiyası

Qeyd edim ki, musiqi vallarından sonra lentli kasetlər də istehsal edilirdi. Lakin həmin lentlər uzunömürlü olmadığı və lent kasetləri getdikcə keyfiyyətini itirdiyi üçün kasetlərə yazılan mahnıların səsləri pozulurdu. Lakin musiqi valları elə deyil, onlar uzunömürlüdürlər. Musiqi valları 1991-ci ilə kimi istehsal edilib. Çox təəssüf ki, 1991-ci ildən SSRİ-nin “Melodiya” val istehsal edən firması bütün ölkədə olduğu kimi, Bakıda da öz fəaliyyətini dayandırdı.

- Əli müəllim, kolleksiyanızda olan valları neçənci ildən toplamağa başlamısınız? Bu topladıqlarınızın hamısını özünüz əldə etmisiniz, yoxsa hədiyyə edilənlər də var?

© Sputnik / Rahim Zakiroghlu
Val kolleksiyası

- Hələ orta məktəbdə oxuduğum illərdə - 1988-1989-cu illərdən başlayaraq valları yığmağa başladım. Kənddə tanışlardan almışam, qohum-əqrəbalar veriblər, qonşu rayonlardan almışam. Sonra isə Bakıda Mədəni-Maarif Texnikumuna qəbul olandan sonra Bakıda musiqi valları satan mağazaları bir-bir gəzib lazım olan valları alırdım. Hətta elə vaxt olurdu ki, cibimin son pulunu da verib istədiyim valı almışam. Tələbə olanda yoldaşlarım mənim musiqi vallarına olan sevgimi bilib öz rayonlarından əldə etdikləri valları gətirib hədiyyə edirdilər. Müəllimlərim belə, mənə val verirdilər. Doğum günlərimdə də mənə ancaq val hədiyyə etmələrini istəyirdim.

- Hazırda kolleksiyanızda neçə val var?

© Sputnik / Rahim Zakiroghlu
Val kolleksiyası

- Mənim topladığım kolleksiyada 1200-ə qədər val var. Valların çoxu da surət deyil, orijinaldır. Bunların arasında 1930-cu illərdə Qurban Pirimova, Əhməd Bakıxanova və böyük müğənnimiz Bülbülə məxsus olan, eləcə də 1961-ci ilə kimi çıxan bütün vallar var. Kolleksiyamda ən yeni vallar isə 1991-ci ildə buraxılan vallardır.

- Əli müəllim, məşhur müğənnilərdən kiminsə sizin val kolleksiyanız barədə xəbəri olubmu, sizə val toplamaqda şəxsən kömək edibmi?

© Sputnik / Rahim Zakiroghlu
Val kolleksiyası

- Mən tələbə olduğum 1990-cı illərdə Azərbaycanın görkəmli tar ifaçısı Bəhram Mansurovun oğlu Eldar Mansurovun evində dəfələrlə qonaq olmuşam. Bəhram müəllimin sənəti və valları ilə maraqlandığım üçün Eldar müəllim vaxtı ilə atasının ifa etdiyi musiqilərin yazıldığı valları mənə hədiyyə etdi. Bəhram müəllimin rəhbərlik etdiyi “İnstrumental xalq çalğı alətləri ansamblı” olub və bu ansamblın müşayiəti ilə oxuyan Həqiqət xanım, Sara xanım, Şövkət xanım, Canəli Əkbərov, Gülxar Həsənovanın da vallarını Eldar müəllim mənə hədiyyə etmişdi. Günü bu gün də Bəhram müəllimin tələbəsi olmuş Vamiq Məmmədəliyev mənimlə əlaqə saxlayır, gözəl müğənnimiz Təranə Vəlizadə bu gün də mənim kolleksiyamla maraqlanır. Təranə xanımın Eyvaz müəllimlə bir yerdə duet oxuduqları və 1979-cu ildə buraxılan valı hazırda mənim kolleksiyamdadır. Mərhum muğam ustadımız Hacıbaba Hüseynovla görüşmüşəm və “Dəstgah” valını mənə verib. Yəni, bütün bu sadaladığım sənətkarların mənim kolleksiyam haqqında məlumatları var idi. Hətta müəllimim olan Əməkdar artist Mais Salmanovla görüşüb, vallarını mənə hədiyyə etməsini istədim və o da xahişimi yerinə yetirib mənə öz musiqi vallarını hədiyyə etdi.

© Sputnik / Rahim Zakiroghlu
Val kolleksiyası

- Musiqi valları kolleksiyanızı genişləndirib muzey formasına salmaq fikriniz varmı?

- Kolleksiyamı rəsmi muzey şəklinə salmaq üçün heç bir yerə və heç kimsəyə müraciət etməmişəm. Lakin hazırda bu kolleksiyam şəxsi muzey kimi tanınır. Buna görə mənim evimi ziyarət edənlər olur. Amma mən bununla kifayətlənmirəm və kolleksiyamı genişləndirmək üçün hələ də valları toplamaqda davam edirəm. Təbii ki, işimi tam genişləndirmək istərdim. Onu da deyim ki, Lənkəran Mədəniyyət Mərkəzinin rəhbərliyi gələcəkdə mənə kolleksiyamı genişləndirmək üçün köməklik göstəriləcəyinə söz verib.

Əsas mövzular