23:57 07 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
MƏDƏNİYYƏT
Qısa URL
0 0 0

Cəlil Məmmədquluzadənin 150 illiyinə töhfə olaraq ədibin "Danabaş kəndinin əhvalatları" povesti əsasında eyniadlı tamaşa dövlət sifarişi ilə hazırlanıb.

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 17 fevral — Sputnik. Azərbaycanın iki teatrında Cəlil Məmmədquluzadənin əsərləri əsasında hazırlanmış tamaşaların premyeraları baş tutub. Dövlət Gənc Tamaşaçılar Teatrında hazırlanan səhnə əsəri Xalq artisti Cənnət Səlimovanın quruluş verdiyi "Dəli yığıncağı" tamaşasıdır.

Sputnik Azərbaycan xəbər verir ki, tamaşa Cəlil Məmmədquluzadənin 150 illik yubileyi münasibətilə hazırlanıb. Əsərin səhnə redaksiyasının müəllifi İlqar Fəhmi, quruluşçu rəssam Telman Şıxıyev, bəstəkar Firudin Allahverdi, rejissor assistenti Sevda Hacışəmiyevadır. Səhnə əsərində rolları Xalq artisti Yasin Qarayev, Ağaxan Salmanlı, Əməkdar artistlər Şövqi Hüseynov, Nofəl Vəliyev və başqaları ifa ediblər.

© Azerbaijan State Youth Theatre of Young Spectators
Dəli yığıncağı

Ümumilikdə Gənc Tamaşaçılar Teatrının truppasına daxil olan yaşlı, orta və cavan nəsli təmsil edən aktyorların yer aldığı tamaşada Hacı Nayibi Xalq artisti Yasin Qarayev, Fazil Məhəmməd ibn Yaqub Küleynini Əməkdar artist Şövqi Hüseynov, Dəli Molla Abbas ibn Yəqubu Əməkdar artist Nofəl Vəliyev və Ramil Məmmədov, Pırpız Sonanı Aygün Fətullayeva, Doktor Lalbluz obrazını isə Anar Seyfullayev canlandırıb. Fərqli estetikada, müasir dövrün tələblərinə uyğun qurulmuş tamaşada aktyorların məharətli çıxışı səhnə əsərini daha baxımlı edib, tamaşa maraqla qarşılanıb.

Sumqayıt Dövlət Dram Teatrının yaradıcı heyəti də bu mövsüm Mirzə Cəlilə müraciət edib. Cəlil Məmmədquluzadənin 150 illiyinə töhfə olaraq ədibin "Danabaş kəndinin əhvalatları" povesti əsasında eyniadlı tamaşa dövlət sifarişi ilə hazırlanıb.

Tamaşa XIX əsrin sonlarındakı Azərbaycan kəndinin feodal-patriarxal mühitini, zülm və özbaşınalığı, xürafatı bütün dolğunluğu ilə əks etdirir. Ad rəmzi olaraq yolunu azmış Xudayar bəyin əməllərini, pul üçün İslam qanunlarını ayaqlar altına salan qaziləri, kərbəlayiləri, həmçinin bütövlükdə zülmət və qaranlığa bələnmiş mühitin cəhalət məngənəsində sıxıb əzdiyi kəndliləri səciyyələndirir.

© Sumgait State Drama Theatre
"Danabaş kəndinin əhvalatları”

Əsərin səhnələşdirəni və quruluşçu rejissoru Əməkdar artist Namis Şirməmmədov, tamaşanın quruluşçu rəssamları - Elşən Sərxanoğlu və Şahin Hüseynli rejissor ideyasına və əsərin ali məqsədinə uyğun bədii dekorasiyanın öhdəsindən uğurla gəliblər. Rollarda Əməkdar artistlər İlahə Səfərova, Sədaqət Nuriyeva, Cəlal Məmmədov, Mövsüm Hüseynov, aktyorlar - Habil Xanlarov, Dağlar Rüstəmov, İlahə Səfərova, Kamran Muradlı, Akif Mirzəyev, Yalçın Səlimov, Cavanşir Eyyubzadə, Rövşad Əsgərov, İlham Səfərli, Ceyhun Məhərrəmov, Siyavuş Mahmudov, Elmir Mehdiyev, Ramazan Xanlarov, Vaqif Səmədzadə, Orxan Firudinov, Mətanət Əmirullayeva, Mətləb Səfərli və Fizuli Qərənizadə çıxış edirlər. Tamaşa izləyicilərə "Haqqın, ədalətin yanında ol" mesajını ötürür.

Səhnə əsərinin ictimai baxışında bədii şura üzvləri, teatrın yaradıcı heyəti iştirak ediblər. Teatrın direktoru Əməkdar artist Mübariz Həmidov ilk öncə tamaşanı ərsəyə gətirən kollektivi təbrik edib, Mirzə Cəlil yaradıcılığının aktuallığından danışıb, klassik əsərlərin gənclərin tərbiyəsində oynadığı önəmli rolu vurğulayıb. Bədii şura üzvləri, Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov, teatrın baş rejissoru Xalq artisti Firudin Məhərrəmov və başqaları yeni tamaşanın bədii-estetikasından, aktyor improvizələrinin dəqiqliyindən, tamaşanın bədii tərtibat həllinin uğurundan bəhs ediblər. Çıxışlarda əsərin ideyasının bugünkü qloballaşan cəmiyyətdə hüquq azadlığı, sosial ədalət prinsipləri ilə səsləşdiyi diqqətə çatdırılıb.

Əsas mövzular