01:25 28 May 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
MƏDƏNİYYƏT
Qısa URL
889 0 0

"Ən böyük psixoloji dramlarda belə həll olunmayan nöqtələr kukla vasitəsi ilə həll olunur. İnsanın edə bilmədiyini kukla edir"

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 5 fevral — Sputnik. "Hans Xristian Andersenin "Kibrit satan qız" əsəri əsasında eyni adlı tamaşanın hazırlığına start vermişik".

Bu haqda Sputnik Azərbaycan-a müsahibəsində Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında səhnə əsərinə quruluş verən rejissor Elşad Rəhimzadə bildirib: "Tamaşanın səhnələşdirəni özüməm. Hüzn və qəmli notlar üzərində qurulmuş bir əsər yazıçının ilk qələmə aldığı nağıldır. Əsər balaca qızcığazın kibrit satmaqla həyatını qurub yaşamasından bəhs edir. Hadisələr Milad bayramı ərəfəsində baş verir. Bu balaca qızcığaz hər gün evindən çıxaraq əlində 4-5 kibrit qutusu ilə şəhərdə dolaşır. Ətrafda hər şey bayram əhval-ruhiyyəsində olur və bu qızı heç kim görmür. Hamı bayramla bağlı müxtəlif hədiyyələr, əşyalar alsa da, onların içində kibrit yoxdur. Bu qız da gözəl ailəsinin olmasını arzulayır. Onun yaşında olan uşaqların bayrama sevinməsi qızı daha da həyata bağlayır. O, hər şeyin yaxşı olacağı xəyalları ilə yaşayır. Amma təəssüf ki, əlində olan kibritləri sata bilməməsi, sonda isə elə kibritləri yandıraraq isinməsi belə ona kömək etmir".

Əsər haqqında məlumat verən rejissor digər suallarımızı da cavablandırdı.

© Sputnik / Kamal Almuradlı
Rejissor Elşad Rəhimzadə

- Sizcə, əsər nə qədər aktualdır?

- Uşaqların həyatda nəyəsə nail olmaq üçün əziyyətə qatlanmağı tamaşanın əsas ideyasıdır. Bu, çox vacibdir. Hazırkı cəmiyyətimizdə içi mən qarışıq heç kim övladına əziyyət vermək istəmir. Uşaqların tökdükləri oyuncağı yığışdırmaq belə böyük problemə səbəb olur. Bir müddət sonra isə uşaqlarda ciddi kaprizlər əmələ gəlir - çantam ağırdır, mənə kimsə tərs baxdı... Valideynlər uşaq vaxtından onlara yol göstərməlidirlər.

- Deyəsən, övladınızdan çox çəkmisiniz?

- Evdə oyuncaq həddən artıq çoxdur. Oyuncağı az olan uşaq qonaq gələndə, fikir verirəm ki, səliqə ilə yığır, xüsusi qayğı göstərir. Məncə, indidən övladlarımızı "işləməyən dişləməz" devizinə öyrətmək lazımdır.

© Sputnik / Kamal Almuradlı
Rejissor Elşad Rəhimzadə

- Bu sizin Kukla teatrında neçənci işinizdir?

- İndiyə kimi burada 18 tamaşa hazırlamışam. Bu, sayca 19-cu olacaq.

- Sonuncu tamaşanız nə vaxt olub?

- Səkkiz il öncə.

- Bəs niyə bu qədər uzun müddət fasilə verdiniz?

- Bilirsiniz, rejissorun bir yönümlü olması gələcəkdə onu bir ştampın əsiri edir. Mən digər teatrlarda da tamaşa hazırlamaq qərarına gəldim. Dəvətlə Gənc Tamaşaçılar və əyalət teatrlarında tamaşalara quruluş verdim. O tamaşalarımda da kukla elementləri var. Ümumiyyətlə, Avropada bu bir dəb halını alıb. Ən böyük psixoloji dramlarda belə həll olunmayan nöqtələr kukla vasitəsi ilə həll olunur. İnsanın edə bilmədiyini kukla edir.

- Sizcə, hazırkı dövrdə əyləncəyə meyilli olan uşaqları düşündürmək mümkün olacaqmı?

© Sputnik / Kamal Almuradlı
Rejissor Elşad Rəhimzadə

- Teatr xüsusi bir məkandır. Burada uşaq əyləncə ilə yanaşı, həm də düşünməlidir. Ən azından, teatrdan çıxanda bir gün həmin tamaşa haqqında fikirləşməlidir. Nəticə çıxarmalıdır. Bugünki animasiya filmlərinin mütləq əksəriyyəti əyləncədir. Konkret olaraq uşaq üçün seçim yoxdur. Bizim teatrlarımızda ənənə var idi. Düzdür, o ənənəni birinci mən pozmuşam. Amma uşağa mütləq nəticə göstərmək lazımdır. Onlarda emosiya oyatmaq lazımdır. Bu gün informasiya o qədər genişdir ki... Uşaq daxil olur "Youtube" şəbəkəsinə, ən bahalı filmə baxır. Bizim istəyimiz odur ki, tamaşaya baxıb filan nağıl qəhrəmanının tərəfindəyəm desin. Düz və səhvi anlasın.

Qeyd edək ki, teatrda paralel olaraq Namiq Ağayevin quruluşunda "Balaca qara balıq", Anar Məmmədovun quruluşunda isə "Qızıl balıq" tamaşası hazırlanır.

Əlaqədar

Bir qarın çörəyə görə edam - qanunu "Şah Mat" qoymayıb
Üç nikahdankənar oğulu varlı ərə necə sırımalı - italyan qadının hekayəsi Bakıda
Əfsanəmizin yadigarı Moskvaya gedir – Xalq artistinin yaradıcılıq gecəsi keçiriləcək
Hidayət müəllim, Şakir Şəkəroviç və “Bulaq” – Əfsanəvi Səməndər Rzayev yad edildi
Azərbaycanda teatr adını dəyişdi

Əsas mövzular