03:43 29 Fevral 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
MƏDƏNİYYƏT
Qısa URL
18 0 0

Xalq artisti Afaq Bəşirqızı ilə yanaşı, tamaşada Əməkdar artist Şövqi Hüseynov, Rauf Babayev, Əmrah Dadaşov, Nicat Əli, Səmədzadə Xasiyev, orkestr, xor və balet artistləri də iştirak edəcəklər.

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 17 yanvar — Sputnik. 110-cu mövsümünü yaşayan Azərbaycan Dövlət Akademik Musiqili Teatrının yaradıcı heyəti yeni tamaşalar üzərində işləyir, bəzi səhnə əsərlərinin son məşqləri davam edir. Onlardan biri də Xalq artisti, Sumqayıt Dövlət Dram Teatrının baş rejissoru Firudin Məhərrəmovun quruluşunda, bəstəkar Ceyhun Allahverdi və libretto müəllifi Pərviz Seyidlinin "İstintaq" əsəridir.

Sputnik Azərbaycan xəbər verir ki, tamaşada xalqımızın vətənpərvər ruhlu aydınları tərəfindən 1906-cı ildə yaradılmış "Difai" təşkilatının fəaliyyətindən və həmin dövrün hadisələri fonunda bolşevizmin zülmünə məruz qalan, mühacirət həyatı yaşayan ən fəal difaiçilərdən biri Nağı bəy Şeyxzamanlının xanımı Səlimə xanımın repressiya illərində çəkdiyi iztirablarından bəhs edilir.

Tamaşada "Şöhrət" ordenli Xalq artisti Afaq Bəşirqızı Səlimə xanım obrazını canlandırmaqla onu sevənlərin qarşısına tam fərqli ampulada çıxacaq, repressiyaya məruz qalan ailələrdə qadınların çəkdiyi əzab-əziyyətləri tamaşaçılara çatdıracaq.

Əsərin quruluşçu dirijoru Səməd Süleymanlı, quruluşçu rəssamı Elşən Sərxanoğlu, geyim üzrə rəssamı Yelena Almazova, rejissor assistenti Elməddin Dadaşovdur. Tamaşada plastik hərəkətlərlə qurulan səhnələrin müəllifi beynəlxalq müsabiqələr laureatı, Əməkdar artist Emin Əliyevdir.

Tamaşanın quruluşçu rejissoru Xalq artisti F.Məhərrəmov bildirdi ki, əsərin qəribə və çox təsirli bir süjet xətti var: "Burada ermənilərin dəyirmanına su tökən çar generallarına və onların müşavirlərinə qarşı fərdi mübarizə aparan difaiçilərdən biri olan Nağı bəy Şeyxzamanlının həyat yoldaşı Səlimə xanımın əzab dolu həyatından bəhs olunur. Səlimə xanım Türkiyədə mühacirət həyatı sürən həyat yoldaşından fərqli olaraq Azərbaycanda qaldığı üçün 37-ci ildə həbs olunur və ən dəhşətlisi odur ki, onun istintaq prosesini bolşevik ideologiyasının təsiri altında öz xalqına qarşı manqurtlaşan azərbaycanlı zabit aparır. Verilən işgəncələrə, edilən zülmlərə baxmayaraq müstəqillik ideyalarına sadiq qalan, difaiçilərin siyahısını satqınlara verməyən Səlimə xanım isə əsər boyu bu gənc azərbaycanlı zabitlə mübarizəsini davam etdirir və sonda hadisələrin gedişatını tam fərqli məcraya yönəldə bilir. Səlimə xanımın sayəsində gənc zabit gec də olsa öz bağışlanmaz səhvini anlayır və onu bu işə sövq edən erməni cəlladlarından qisasını alır… Vətənpərvərlik mövzusunda hazırlanan bu layihə ümumilikdə Azərbaycanın mübariz qadınlarının düşmənə qarşı barışmaz mövqeyini sərgiləyir".

Qeyd edək ki, Xalq artisti Afaq Bəşirqızı ilə yanaşı, tamaşada Əməkdar artist Şövqi Hüseynov, Rauf Babayev, Əmrah Dadaşov, Nicat Əli, Səmədzadə Xasiyev, orkestr, xor və balet artistləri də iştirak edəcəklər.

Əsas mövzular