Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Mənsum İbrahimov: "Hər şeyi adlarına çıxırlar, bircə ona gücləri çatmır"

© © Sputnik / Kamal AlmuradlıMənsum İbrahimov
Mənsum İbrahimov - Sputnik Azərbaycan
Abunə olmaq
"Cəmiyyətdə gedən proseslərə vətəndaş olaraq, ictimai xadim olaraq biganə qala bilmərəm. Həmişə öz münasibətimi bildirmişəm. Hər zaman istəmişəm ki, ölkəmizdə hər şey insanların ürəyincə olsun"

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 6 yanvar — Sputnik. O, Azərbaycanda tək-tük ifaçılardandır ki, adı çəkiləndə insanda pozitiv hisslər yaranır. Həm ifası, həm gülər üzü ilə minlərlə insanın ürəyini fəth etmiş Mənsum İbrahimov. Azərbaycan səhnəsinin Məcnunu, ölkəmizi xaricdə layiqincə təmsil edən, Milli Konservatoriyanın professoru, Xalq artisti, sevimli muğam ifaçımız Mənsum İbrahimov müsahibə almaq istəyimizi məmnuniyyətlə qəbul etdi. Vaxt itirmədən gün təyin etdik. Onunla görüşümüz Milli Konservatoriyada baş tutdu.

- Mənsum müəllim, Azərbaycanda muğam sənəti hazırda özünün intibah dövrünü yaşayır. Bu yöndə keçirilən muğam müsabiqəsinin rolu danılmazdır. Sizcə, bu müsabiqənin müsbət və çatışmayan tərəfi hansılar idi?

- Heydər Əliyev Fondu fəaliyyətə başladığı gündən muğamımızın ikinci inkişaf dövrü başladı. Həmin dövrdə mütəmadi olaraq mədəniyyətlə bağlı layihələr -  "Muğam gecələri", "Qarabağ xanəndələri muğam toplusu" və 2005-ci ildən başlayaraq isə muğam televiziya müsabiqəsi keçirilməyə başladı. Bu günə qədər 7 müsabiqə baş tutub. Həmçinin 5 beynəlxalq müsabiqə keçirilib. Bunlar hamısı, əlbəttə ki, ölkəmizin Birinci Vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə reallaşıb.

Onu deyə bilərəm ki, bu müsabiqələrin muğamımızda müstəsna xidməti var. Bu gün, baxın, səhnələrdə, efirlərdə, dövlət tədbirlərində oxuyanların 70-80 faizi bu müsabiqənin iştirakçılarıdır. Adətən, muğam sənətinə ildə iki-üç ifaçı gələrdi. Amma bu layihələrin yekununda hər dəfə 20 ifaçı təqdim edə bilmişik. Say hesabı ilə götürsək, 7 ilə 140 ifaçı deməkdir. Təbii ki, bunların hamısı sənətdə olmaya bilər. Amma böyük əksəriyyəti sənətdədir, fəxri adlar alıblar, dövlət televiziyasının, Opera və Balet Teatrının solistləridir. Artıq onların bəziləri ustad kimi gənclər yetişdirirlər.

- Deyə bilərik ki, muğam da "gəncləşir".

- Yeni səslərin gəlməyi muğamımızın inkişafını sürətləndirdi. Mən bir münsif kimi, həmin müsabiqələrdə iştirak etdən şəxs kimi deyə bilərəm ki, muğam müsabiqəsinin rolu əvəzedilməzdir. Burada təkcə muğam inkişaf etmirdi. Hər dəfə klassik şairlərimizin qəzəllərinin oxunması, dünyasını dəyişmiş sənətkarlar haqqında videomaterialın verilməsi, milli geyimlərin, milli alətlərin təbliği xalqmızın bu sahədə maariflənməsinə səbəb olurdu. Bununla da gənclər arasında muğam sevilməyə başladı.

Həmin vaxta qədər dinləyicilərimizin əksəriyyəti yaşlı nəsil idi. Amma indi gənclərimizdə muğama sevgi yaranıb. Hər bir işdə olduğu kimi, çatışmayan cəhətlər də var. Amma müsabiqədən-müsabiqəyə təkmilləşirik. Yeni təkliflər veririk. Misal üçün, İran İslam Respublikasında olan həmvətənlərimizdən hər dəfə bir ifaçı dəvət edirik. Sonuncu müsabiqədə isə iki nəfər cəlb etmişdik. Onlardan biri Təbrizdən, digəri isə Ərdəbildən idi. Bu da orada yaşayan azərbaycanlıların böyük marağına səbəb olmuşdu.

© © Sputnik / Kamal AlmuradlıMənsum İbrahimov
Mənsum İbrahimov: Hər şeyi adlarına çıxırlar, bircə ona gücləri çatmır - Sputnik Azərbaycan
Mənsum İbrahimov

- Cənubi Azərbaycandan Bakıda muğam təhsili almaq istəyən varmı?

- Çox sayda soydaşımız Milli Konservatoriyada təhsil almaq üçün müraciət edir. Onların məktəbləri olmadığına görə bizə ümid yeri kimi baxırlar. Dəfələrlə olur ki, gedirik Təbrizə və ustad dərsləri keçirik. Mən düşünürəm ki, daha çox təbliğata ehtiyac var. Bədxah qonşularımız bizim xalq mahnılarını öz adlarına çıxırlar. Muğama gücləri çatmır. Çünki oxuyanları yoxdur. Heç kimə nəsə qadağa etmək olmur. İstədikləri vaxt internet üzərindən mahnılarımızı götürüb mənimsəyirlər. Bunun qarşısını almaq üçün dünyaya tanıtmaq lazımdır.

- Azərbaycana yad elementlər musiqimizi zəbt etdi. Bu işdə televiziyaların dırnaqarası xidmətləri çox oldu. Dövrə bölsək, misal üçün, 10 il əvvəl və indiki dövr arasında nə kimi dəyişiklik oldu?

- Əvvəllər bir ara şərq musiqisi adı ilə - hind, ərəb, fars mahnıları bizim musiqimizə ayaq açmışdı. Bunu da bayağı ifaçılar edirdilər. Hələ o vaxt Üzeyir Hacıbəyov muğamın proqramını hazırlayanda klassik Azərbaycan modeli yaratmışdı. Muğam müsabiqəsində də muğamımızın saflığı qorunurdu. Yəqin, şahidi olardınız, ifaçılardan kimsə yad nəfəs ifa edəndə biz hamımız ona iradımızı bildirib düzəliş edirdik. Bu prosesdə tamaşaçılar da çox maariflənirdilər. Ona görə də indi müsbət mənada fərq hiss olunur.

- Bu yaxınlarda ANS ÇM radiosunun açılması ilə bağlı ölkə rəhbərinə müraciət etmisiniz. Nəzərə alsaq ki, həmin radio bir neçə ildir fəaliyyətini dayandırıb, ortaya sual çıxır - niyə indi müraciət etməyi qərara aldınız?

- İlk növbədə onu deyim ki, bu radio bizim Milli qəhrəmanımız, vətənpərvər Çingiz Mustafayevin adını daşıyırdı. Düşünürəm ki, o radio bağlanmamalı idi. Orada ən çox vətənpərvərlik təbliğ olunurdu. Milli-mənəvi dəyərlərə söykənən verilişlər təqdim olunurdu. Eyni zamanda cəmiyyətdə gedən proseslərə vətəndaş olaraq, ictimai xadim olaraq biganə qala bilmərəm. Həmişə öz münasibətimi bildirmişəm. Hər zaman istəmişəm ki, ölkəmizdə hər şey insanların ürəyincə olsun. Çox böyük məmnuniyyətlə bu çağırışa qoşuldum.

© Sputnik / Kamal AlmuradlıMənsum İbrahimov
Mənsum İbrahimov: Hər şeyi adlarına çıxırlar, bircə ona gücləri çatmır - Sputnik Azərbaycan
Mənsum İbrahimov

- Bir müddət muğam ifaçıları ilə xarici musiqiçilərin duet ifasına rast gəlirdik. Bu həm də bir dəb halını almışdı. Bəs sizin belə bir fikriniz varmı?

- Bilirsiniz ki, bizim hörmətli rektorumuz, professor Siyavuş Kəriminin latın amerikalı musiqiçilərlə layihəsi var. Bir neçə il öncə onlar Azərbaycana dəvət olunmuşdular. Biz həmin musiqiçilərlə bir neçə dəfə konsert vermişik. İki il öncə Argentinanın ölkəmizdəki səfirliyi bizə müraciət etdi. Onların 4 nəfərdən ibarət "Flamenko" qrupu var. Bizimlə sintez oxumaq istədiklərini bildirdilər. "Mahur", "Bayatı-Şiraz" və "Çahargah" muğamlarını seçib onlarla birgə məşq etdik. İki kompozisiya təqdim etdik. Həmçinin 17 ildir ki, biz simfonik muğam oxuyuruq. Misalçün, braziliyalılar müşayiət edirlər, biz oxuyuruq. Yaxud Romanın simfonik orkestrinin müşayiəti ilə "Rast" simfonik muğamını, "Qarabağ" şikəstəsi oratoriyasını ifa etmişəm.

- Mənsum müəllim, arxada qoyduğumuz il yaddaşınızda necə qaldı və yeni ildən gözləntiləriniz nədir?

- 2019-cu il mənim yaddaşımda çox gözəl qaldı. On beş ölkədə "Qarabağ" muğam qrupu ilə Azərbaycanı təmsil etdik. İmadəddin Nəsiminin yubileyi ilə əlaqədar olaraq 6 konsert çıxışımız olub. Həmçinin Azərbaycanın müxtəlif bölgələrində konsert proqramlarımız olub. Yaradıcılıq baxımından məhsuldar və zəngin il idi. 2020-ci ildən ilk növbədə xalqımız, millətimiz üçün gözəl il gözləyirik. Qarabağın azad olunmasını arzulayrıq. Bu il mənim üçün həm də onunla əlamətdar olacaq ki, 60 illik yubileyimi qeyd edəcəm. Yaradıcılıq öhdəlik deyil. Çalışacağıq ki, yaddaqalan il olsun. Hamıya həmrəylik arzulayıram. Çünki güc birlikdədir.

Xəbər lenti
0