21:59 20 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8907
Elçin Babayev suvenir hazırlayarkən

Romantikadan pul qazanan bərbər: "Arağı boşaldıb, şüşənin içində iş görürəm" - FOTO

© Sputnik / Rahim Zakiroghlu
MƏDƏNİYYƏT
Qısa URL
Sözlə deyə bilmədiklərimizin izharı - sənət (16)
87230

"Hər-hansı bir tullantını görəndə düşünürəm ki, bunu hansısa detal kimi istifadə edə bilərəmmi. Tullantılardan iş görəndə çox maraqlı alınır"

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 3 oktyabr — Sputnik. İnsan sevdiyi işin dalınca getdikdə, xoşladığı işi gördükdə dünyanı da gözəl görür. Astara şəhər sakini Elçin Babayevin sənəti bərbərlikdir. Amma o, bu işindən əlavə, gəmilər də düzəldir.

Sputnik Azərbaycan-ın müxbiri ilə söhbətində Elçin ilk suvenirini 2013-cü ildə hazırladığını bildirdi: "Bu işi boş vaxtlarımda görürəm. Hobbimdir, ondan həzz alıram. İlk dəfə özüm üçün kibrit çöplərindən balaca bir yelkənli gəmi düzəltmişdim. Onu sonra bir dostuma hədiyyə etdim. Sonra birini də düzəltdim, o isə satıldı. Gördüm ki, yaxşı pul qazanmaq olar, satmaq niyyəti ilə də düzəltməyə başladım.

Astarada suvenir düzəldən bərbər Elçin Babayev
© Sputnik / Rahim Zakiroghlu
Astarada suvenir düzəldən bərbər Elçin Babayev

Mənə bu sənəti heç kim öyrətməyib, elə bil, Allah mənə vergi verib. Uşaqlıqdan buna həvəsim var idi, xırda ölçülərdə düzəldirdim. Özümün çox xoşum gəldiyi üçün ən çox yelkənli gəmilər düzəldirəm. Həm də gəmilər istər qadın, istərsə də kişi müştərilərin marağına səbəb olur. Hamı ofisində və ya evində yelkənli gəmi suvenirinin olmasını istəyir. Qaldı ki digər suvenirlərə - ev maketləri, Astarada olan məscidlərin maketləri, divar saatları da düzəltmişəm".

Sənətkarın fikrincə, kənardan asan görünsə də, əslində, fiqurları düzəltmək yorucu və çətin işdir.

"Mənim dənizlərdən, okeandan çox xoşum gəlir. Onlardan bəhs edən filmləri sevirəm. Bu gəmiləri düzəldəndə də böyük həvəslə işləyirəm. Bu günə kimi 300-dən artıq müxtəlif ölçülərdə gəmi düzəltmişəm. Düzəltdiyim suvenirlərin içərisində elə ən çox satılanı da onlardır", - deyə Elçin bildirir.

Gəmiləri düzəltmək bərbərdən çox vaxt tələb edir: "Maketi bir-bir kibrit çöplərindən yığıram. Hamısını bir-bir kəsib düzürəm. Maketin yaradılmasına çox maddi vəsait lazım olmur, amma əziyyəti çox olur. Orta ölçülü yelkənli gəminin maketinin hazırlanmasına 20 gün və ya bir ay sərf edirəm. Bu müddətdən artıq vaxt aparırsa, işləyə bilmirəm. Çünki çox işləyəndə zehni cəhətdən yoruluram".

Elçin Babayevin gəmi suveniri
© Sputnik / Rahim Zakiroghlu
Elçin Babayevin gəmi suveniri

Elçin suvenirlərin əksəriyyətini kibrit və diş çöplərindən, dondurma çubuqlarından düzəltsə də, tullantı məhsullarından da istifadə edir. Kibrit çöplərini, rəng və lakı dükandan alır: "Məsələn, bu gəminin göyərtəsindəki bu taxta palma ağacının qopub düşən budağıdır. Onu elə formaya salmışam ki, baxan onun hansı ağacın budağı olduğunu bilməyəcək. Gəminin altındakı dayağı isə köhnə asılqandan söküb düzəltmişəm. Mən ümumiyyətlə hər-hansı bir tullantını görəndə düşünürəm ki, bunu hansısa detal kimi istifadə edə bilərəmmi. Tullantılardan iş görəndə çox maraqlı alınır. Təzə material ala bilərəm, lakin müştərilərimiz də görürlər ki, onların atdıqları tullantılardan mən maraqlı maketlər yaradıram".

"Hərdən sifariş olanda bəzi suvenirlər üçün fon da düzəldirəm. Balıqqulağından, kərpic və ya şüşə butulka qırıntılarından, kiçik muncuqlardan və balaca çay daşlarından insan rəsminin fonunu yaradıram. Bəzən sifariş olmayanda da belə kompozisiya düzəldib dükana yığıram, müştəri çıxır, satılır", - deyə bərbər əl işlərini göstərir.

E.Babayev sərgilərdə iştirak edib, xeyrindən də razıdır: "Mənim öz sərgim olmayıb, amma bəzi sərgilərdə əl işlərimi təqdim eləmişəm. Bakıda da əl işlərim nümayiş olunub. Sərgilərə getməkdə məqsədim odur ki, əl işlərim daha yaxşı tanınsın. Çünki mən hansısa suvenirimi bir kimsəyə satsam, həmin şəxs aparıb evində, ya da ofisində saxlayacaq, vəssalam. Uzağı, həmin adamın evinə qonaq gələnlər görəcəklər. Amma sərgidə əl işlərimə baxanlar çox olur və işlərim tanınır.

Elə də olub ki, düzəldib satdığım və ya sifarişlə hazırladığım gəmi suvenirlərinin arasında biri çox gözəl alınıb, amma mən onu istəmədən satmışam. Bəzi əl işlərim də olub ki, satandan sonra onun üçün çox darıxmışam. Hazırladığım bütün suvenirlər mənim üçün çox əzizdir. Hətta bu gün çəkdiyiniz fotoları nə vaxtsa yenidən internetdə görsəm, düşünəcəyəm ki, belə bir gözəl gəmi hazırlamışdım və darıxacağam.

Həmişə düşünürəm ki, əgər hazırladığım suvenir mənim xoşuma gəlməsə, müştərilərim də bəyənməyəcəklər. Maketləri də hansısa şəklə baxmaqla yox, sırf beynimdə o gəminin formasını və dizaynını canlandırmaqla hazırlayıram".

Elçin Babayevin gəmi suveniri
© Sputnik / Rahim Zakiroghlu
Elçin Babayevin gəmi suveniri

Maraqlıdır ki, görünüşcə daha mürəkkəb və gözəl olan şüşə butulkalardakı gəmiləri Elçinə sifariş etmirlər: "Onları sadəcə düzəldib dükanda satmaq üçün rəflərə qoyuram. Divar saatları da elə, amma divar saatlarını alan çox olur. Elə vaxt olur ki, marketə gedib maraqlı forması olan şüşə butulkalarda içkiləri alıram ki, içərisində gəmi maketini yığım. İşlərimin arasında elələri var ki, araq butulkalarıdır. Mən o arağı boşaldıb, şüşənin içərisində iş görürəm.

Çoxları şüşəni kəsib, əvvəlcədən yığdığım gəmini içərisinə qoyduğumu düşünürlər. Bunlar qırılmamış və ya kəsilməmiş bütöv şüşədir, bütün detallarını onun içərisində yığıram. Gəmiləri pinsetlə şüşə butulkaların içərisində yığıram. Yığanda da elə edirəm ki, yapışqan şüşənin kənarlarına yapışmasın. Butulkaların içərisində gəmi maketlərinin yığılması işi çox çətin olmasa da, zehni cəhətdən yorucu olur. Mən butulkanı əldə edən kimi düzəltmirəm. Bir həftə oturub bunun içərisində gəmini necə yığacağımı düşünürəm. Daha sonra bunun dizaynını fikirləşirəm, ardınca isə 1-2 saat ərzində gəmini butulka içərisində yığıram. Lakin butulka ilə işlədiyim vaxt kimsə yanımda olarsa və ya kimsə söhbət edib fikrimi dağıdarsa, mən həmin işi görə bilmirəm".

Mövzu:
Sözlə deyə bilmədiklərimizin izharı - sənət (16)

Əlaqədar

Stradivari bilsə, ikinci dəfə ölərdi - azərbaycanlı müəllimdən qeyri-adi təklif
Ayağımızın altında yatan sərvət - Biz ondan da xəbərsizik
Darısqal eyvandan dünyaya yayılan sənət: O əsərləri heç kim düzəldə bilmir - FOTOLAR
Musiqiyə bənzər sənət – Dəmirçi emalatxanasına səyahət
Teqlər:
hobbi, suvenir, sənət, bərbər

Əsas mövzular