03:07 16 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0263
  • EUR1.8818
Televizor, arxiv şəkli

"Çevir bizim kanala" - Gör nə xariqələr var

CC0 / wilkernet / woman
MƏDƏNİYYƏT
Qısa URL
208720

Yeni mövsümdə Azərbaycan telekanallarından biri tam xəbər stilinə keçir, digəri isə dünyaya səs salan şoularla tamaşaçı qazanmağı hədəfləyir

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 5 sentyabr — Sputnik. Sentyabr ayından etibarən Azərbaycanda fəaliyyət göstərən televiziyalar yeni mövsümə start verir. Yerli kanallarımızda hansı dəyişikliklər olacağı, həmçinin yeni layihələrlə bağlı Sputnik Azərbaycan televiziyaların mətbuat xidmətləri ilə əlaqə saxlayıb.

Azərbaycan televiziyasının mətbuat xidmətindən bildirildi ki, "Azərbaycan Televiziya və Radio Verilişləri" (AzTV) Qapalı Səhmdar Cəmiyyəti ötən mövsümdə olduğu kimi, növbəti mövsümə də yeni layihələr və yeni studiyalarla başlayır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
© Official website of President of Azerbaijan Republic

Belə ki, "Axşam şousu", "Qazan-Manqal" və sair əyləncəli verilişlərlə yanaşı, "Çıxışa doğru" yeni tok-şouda sosial məsələlər, internet və media, informasiya təhlükəsizliyi kimi mövzular ətrafında fikir mübadiləsi aparılacaq. "Azərbaycan deyəndə" adlı yeni layihədə isə dünya azərbaycanlılarının fəaliyyəti, təşkilatı səviyyəsi, ümumiyyətlə, dünyada Azərbaycanın təbliğatından söz açılacaq. "Hədəf" siyasi-analitik verilişində ölkədəki ictimai-siyasi mövzülar müzakirəyə çıxarılacaq.

Tamaşaçılar ölkə və dünya iqtisadiyyatında baş verən ən vacib iqtisadi yeniliklər barədə həftə içi 5 gün "İqtisadiyyat xəbərləri"ndən məlumat ala biləcəklər.

Yuxarıda sadalanan verilişlərin böyük əksəriyyəti yeni studiyalardan yayımlanacaq. Çünki ötən mövsümdə olduğu kimi, yeni mövsümdə də yeni studiyalar qurulur, digərləri isə yenidən tərtib olunur.

Yeniliklərdən biri də budur ki, həftə içi 5 gün axşam saatlarında tam yeni formatda "Xəbərlər"in ingilis dilində buraxılışı təqdim olunacaq. Bununla Azərbaycan həqiqət və reallıqlarının dünyaya çatdırılması, beynəlxalq ekspertlərin ən aktual məsələlərlə bağlı münasibət və təhlilləri sayəsində Azərbaycan qlobal informasiya axınına qoşulacaq. Aparıcılardan tutmuş təqdimata qədər, ümumiyyətlə bütün sahələrdə yeniliklər bu mövsüm də davam etdiriləcək.

"İdman Azərbaycan" kanalında "Aktual idman" tok-şousunun dövriliyini sabitləşdirmək və bu proqramı hər ayın sonunda efirə vermək planlaşdırılır. Azərbaycanın əfsanəvi idmançılarına həsr olunan "İdman korifeylərimiz", habelə beynəlxalq miqyasda tanınan əcnəbi atletlərdən bəhs edən "İdmanı sevdirənlər" başlıqları ilə portret verilişlərin yeni buraxılışları, televiziya filmləri hazırlanacaq.

Müxtəlif növlər üzrə dünya və qitə çempionatları, "Formula-1" turnirləri, eyni zamanda qitənin ayrı-ayrı federasiyalarının ən mötəbər yarışları, ölkəmizin milli çempionatları məhz bu kanalda azarkeşlərə təqdim olunacaq.

Sözsüz ki, futbol da il ərzində telekanalın efirində diqqət mərkəzində olacaq. Dünyanın ən mötəbər turnirlərindən sayılan - UEFA Çempionlar Liqası, Avroliqa, İspaniya La Liqası, Almaniya Bundesliqası və İngiltərə Premyer-liqasının oyunlarından reportajlar, yəqin ki, azarkeşləri daha çox maraqlandırır. Bu yarışların hər birindən canlı yayımlar əvvəlki kimi davam etdiriləcək, eyni zamanda hər bir turun yekunları "Avropadan futbol" analitik proqramlarında müzakirə olunacaq.

Vaxtilə Azərbaycan Premyer-Liqasının da oyunları ilə bağlı belə bir praktika tətbiq olunurdu. Növbəti mövsümdən həmin verilişin bərpa edilməsi planlaşdırılır. Bununla bağlı Peşəkar Futbol Liqası ilə danışıqlardan sonra ilkin razılıq əldə edilib.

Qeyd edək ki, planetimizdə ən çöx maraq doğuran yarışlardan biri - futbol üzrə Dünya çempionatının yayımı 2014 və 2018-ci illərdə "İdman-Azərbaycan" kanalına həvalə edilmişdi. Növbəti mövsümün daha bir mötəbər idman tədbiri - futbol üzrə Avropa çempionatının qrup və pley-off oyunlarının da "İdman-Azərbaycan" kanalında göstəriləcəyi gözlənilir.

Azərbaycan Televiziyası Mədəniyyət kanalı sentyabr-dekabr aylarında nəzərdə tutulmuş tədbirləri işıqlandıracaq. Belə ki, "Koroğlu" operası, "Azərbaycan Opera İnciləri" filminin təqdimatı, "Məhsəti" operasının premyerası, Bal rəqsləri günü, Milli parkda Avropa bəstəkarlarının əsərlərindən ibarət konsert, 8-13 oktyabr II Azərbaycan Xalq Mahnıları festivalı, Xalq artisti Lütfiyar İmanovun yaradıcılıq gecəsi, Əməkdar artist Sahibə Əhmədovanın yaradıcılıq gecəsi, Şövkət Ələkbərovanın yaradıcılıq gecəsi, Milli Müstəqillik gününə həsr edilmiş tədbir, Bayraq gününə həsr olunmuş tədbir, Şövkət Məmmədovanın yaradıcılığına həsr olunmuş gecə, II Orqan musiqi festivalı, Milli Dirçəliş Günü, Nərminə Məmmədovanın yaradıcılıq gecəsi, Əməkdar artist Fərid Əliyevin solo konserti, Əfsər Cavanşirov adına "Bənövşə" ümumrespublika uşaq xoru müsabiqəsi, Azərbaycan Vokalçılar festivalı, Yeni il karnavalı tədbirləri tamaşaçılara təqdim olunacaq.

İctimai Televiziya və Radio Yayımları Şirkəti də mövsümə yeniliklərlə start verir. Mətbuat xidmətindən verilən məlumata görə, bir-birindən maraqlı, xarici lisenziyalı və yerli layihələrlə tamaşaçıların görüşünə gələcək İTV auditoriyanı öz fərqli dəst-xətti ilə sevindirəcək. Belə ki, "Fatehin divanı" və "Ötən günlər" adlı tok-şoular efir məkanına yenilik bəxş edəcək.

Yeni mövsümün əsas layihələrindən sayılan və bütün dünyada məşhur olan "SƏS" musiqi şousudur ki, onu da tamaşaçılar bu mövsümdə İctimai Televiziyanın efirində "SƏS UŞAQLAR" olaraq izləyə biləcəklər.

Televiziya mühitinə yeni nəfəs gətirəcək daha bir təzə lisenziyalı proqram isə olduqca rəngarəngdir. Bu, dünyanın məşhur "Thank God You're Here" layihəsinin adaptasiya olunmuş versiyasıdır ki, bu da "Haradasan bu vaxtacan?" adlanır. (Qeyd edək ki, "Fremantle" şirkətinə məxsus sözügedən layihə Türkiyədə "Bak hele bak", Rusiyada isə "Слава богу, ты пришел" adı ilə məşhur olub.)

Bundan başqa, İTV Azərbaycanda ilk dəfə 3D prime-time layihə də təqdim edəcək.

Yeni mövsümdən gənclər üçün nəzərdə tutulan məşhur "MAG" layihəsi də təzə formatda İctimai Televiziyada yayımlanacaq. Lisenziyalı intellektual oyunlar olan "61!", "Əlaçı", "Breyn Rinq", "Nə? Harada? Nə zaman?" proqramlarının da yayımı davam edəcək.

Həmçinin sosial, təhsil, kulturoloji, araşdırma yönümlü gündəlik prime-time tok-şou olan "Sabaha saxlamayaq" yeni mövzularla tamaşaçıların görüşünə gələcək.

Serial həvəskarları bu mövsüm televiziyanın efirində dram janrında, gərgin və maraqlı süjet xəttinə malik "Kür nəğmə" adlı həftəlik serial izləyə biləcəklər.

Bundan əlavə, "Bizim restoran" həftəlik yumoristik serialının yayımı da davam edəcək.

Kino həvəskarlarını 2019-2020-ci illərdə maraqlı yeniliklər gözləyir. Belə ki, "Sony Pictures" şirkəti ilə rəsmi əməkdaşlıq çərçivəsində İTV yayım hüququnu əldə etdiyi bir sıra yeni, maraqlı və ən baxımlı lisenziyalı filmləri ekrana gətirəcək.

İTV tərəfindən BBC şirkətinin son illərdə istehsal olunan ən maraqlı və müxtəlif janrları əhatə edən tarixi, təbiət, bioqrafik mövzulu sənədli filmləri də alınıb. Bunlar arasında uşaqlar üçün nəzərdə tutulan "All about animals" (Heyvanlar haqda hər şey) layihəsi də yer alır.

Azərbaycanda yayım hüququ yalnız İTV-yə məxsus olan "Maşa və ayı" cizgi filmi də yeni mövsümdən doğma dilimizdə balacaların görüşünə gələcək. Həmçinin bu mövsümdən etibarən balaca tamaşaçılara öyrədici xarakterli "Fikslər" cizgi serialı da təqdim olunacaq. Qeyd edək ki, peşəkar səviyyədə dublyaj olunan filmlərdə səslənən mahnılar da tərcümə ilə ifa edilib.

Balacaların rəğbətini qazanan "7 şüşə" layihəsinin yayımı da təzə mövsümdən davam edəcək.

Ümumiyyətlə, ötən il istehsalatına başlanan və tamaşaçıların rəğbətini qazanan müxtəlif verilişlərin yayımı bu mövsüm də davam edəcək.

Şənbə və bazar günlərində proqram şəbəkəsində maarifləndirici, araşdırma, əyləncə proqramlarının yayımı nəzərdə tutulub. Belə ki, bu ildən muğamımıza həsr olunan həftəlik layihələrə başlanacaq.

Tamaşaçıların maraqla izlədiyi "Ozan məclisi" verilişi də yayımını davam etdirəcək.

Proqram şəbəkəsində yerli sənədli və televiziya filmlərinin çəkilişinə də yer ayrılıb ki, bunlardan da ilki Yelenendorfun əsasının qoyulmasının 200 illiyinə həsr olunmuş "Yelenendorfdan Göygölədək" filmidir. Filmin müəllifi Müsəllim Həsənov, rejissoru isə Mirsadiq Ağayevdir.

"Vətən dili" adlanan digər layihə isə Azərbaycan əlifbasının yaranışına həsr olunan fundamental araşdırma filmidir. Çəkilişləri Bakı, Şamaxı, Qoridə gerçəkləşdirilən filmin müəllifi və aparıcısı Orxan Fikrətoğlu, rejissoru Nəsimi Əliyevdir.

Bundan başqa, tamaşaçılar son 70 ildə Azərbaycanda baş verən cinayət hadisələri haqqında tarixi araşdırma xarakterli "İstintaq davam edir" adlı verilişi də izləyə biləcəklər.

Həmçinin 2019-cu il "Nəsimi ili" elan olunduğundan İTV-də bu mövzuda silsilə filmlər nümayiş ediləcək.

İctimai-siyasi əhəmiyyətli "Diqqət Mərkəzi - Yekun", sosial yönümlü məlumatların mütəmadi çatdırılması istiqamətində "Xəbərimiz var" öz efirlərini yeni mövsümdə də davam etdirəcək.

Bu mövsümdə Orxan Fikrətoğlu, DJ Fateh, Dadaşlinski Dadaş Dadaş oğlu, Vüsalə Məmmədova, Azər Süleymanlı, İlahə Şıxlinskaya, Tamerlan Vahabov, Heydər Mirzə, Flora Xəlilzadə, Qorxmaz Tofiqoğlu, Azər Aydəmir, Könül Arifqızı, Saleh Bağırov, Alidə Mustafayeva, Ceyhun Əli, Tural Yusifov, Səma Abıyeva və başqa məşhur simalar İTV-nin efirində tamaşaçıların görüşünə gələcəklər.

"Lider" televiziyası öz auditoriyasına yeni format təqdim etməyi planlaşdırır. Televiziyadan verilən məlumata görə, yeni mövsümdə Lider Televiziyasının 80 faiz efirini "Lider Xəbər" departamenti təmin edəcək. Belə ki, istər xəbərlərin efir sayının artması, istərsə analitik-siyasi verilişlərin çoxluğu bu mövsüm Lider Televiziyasının xəbər formatlı kanal olmasını təmin edib. Bu mövsüm 9-dan 11-ə qədər xəbər formatlı Səda Səhər, ardınca 13, 15, 17, 19 xəbərləri olacaq. Gənclərə həsr olunan siyasi-analitik "Gələcəyə doğru", "Vətənim Azərbaycan" verilişləri tamaşaçılara xidmət edəcək.

Bundan başqa, "Səs" analitik-siyasi verilişi, "Sədadan sonra", "Geosiyasət", "Mövqe", "Seçim", "Status",  "Panoram" verilişləri "Lider"in efirində olacaq. Yeni layihələrə gəldikdə isə tamaşaçılar ölkənin əsas analitiklərini "Lider"in efirində görəcəklər. Bəhruz Quliyev və Arzu Nağıyev "Lider"də siyasi veriliş aparacaqlar. İdman siyasətinə həsr olunan yeni "Arena" verilişi Azərbaycan teleməkanında tam fərqli formatda idman verilişlərinin şahına çevriləcək.

Musiqili-əyləncəli verilişlər "Lider"in efir setkasında tam azaldılıb. İki musiqili veriliş saxlanılıb ki, onlardan biri aşıq yaradıcılığına, digəri isə muğama həsr olunan verilişlərdir. 

ARB kanalı da TV izləyicilərini yeniliklərlə sevindirəcək. Televiziyadan Sputnik Azərbaycan-a bildiriblər ki, ARB telekanalında bu mövsüm yeni seriallar olacaq. Ötən mövsüm sevilərək izlənilən və tamaşaçılar tərəfindən olduqca böyük rəğbət qazanan "Uçurum" serialı bu mövsüm də davam edəcək. Bundan əlavə, "Atılmışlar" və "Yad Gəlin" serialları da bu mövsüm tamaşaçıların ixtiyarında olacaq.

"Bununla yanaşı, yeni mövsümə fərqli layihələrlə gəlirik. Həftə içi və həftə sonu çox maraqlı proqramlarımız olacaq. Tanınmış aktyorlardan Ülvi Həsənov, Həsrət Həsrətov və müğənni Əli Mirəliyev "Üç Əlli" proqramı ilə tamaşaçıların qarşısında olacaqlar. Elgiz Əkbər yeni layihə təqdim edəcək. Bir sözlə, çox maraqlı və möhtəşəm bir mövsüm olacağına inanırıq", - deyə telekanaldan bildiriblər.

Teqlər:
film, serial, xəbərlər, şou, veriliş, yerli kanallar, telekanallar, televiziya məkanı, televiziya

Əsas mövzular