CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mövsümlər yenilənir, bəs işlərimiz?

CC0 / Werner Moser / AuditoriumТеатральный зал
Театральный зал - Sputnik Azərbaycan
Abunə olmaq
Hər mövsümdə 2-3 yeni tamaşa təqdim olunsa da, həmin tamaşalar məzmun və quruluşuna görə digərlərindən fərqlənmir

Bir müddət sonra yeni mövsüm başlayacaq. Sosial şəbəkə paylaşımlarından da göründüyü kimi, mədəniyyət, incəsənət adamlarımızın çoxu istirahətdə, əyləncədədirlər. Nə gözəl, nə xoş! Bəs bu istirahət zamanı topladıqları enerjini yeni mövsümdə hansı işlərə xərcləyəcəklər?

Bunun üçün ötən illərə nəzər salanda görürük ki, barmaqla sayılası qədər az adam istisna olmaqla, hər il dincəlib, qayıdıb gələndə heç bir yeni iş görməyiblər. Ümumiyyətlə, tez-tez Şekspirin bu fikrini təkrarlayıram: aktyor zamanın güzgüsüdür. Mən bu ifadəni biraz ümumiləşdirib demək istəyirəm ki, incəsənət adamları zamanın və mühitin güzgüsüdür. Necə ki, bu xalq bu zamanda heç bir yenilik etmir, qurmağı, yaratmağı, inşa etməyi sevmir, yaxud bacarmır, onun sənət adamları da ona bənzəyir.

Микрофон - Sputnik Azərbaycan
YAZARLAR
Kiçik bir videonun bütün TV və mediaya verdiyi ibrət dərsi

Telekanallarda hər mövsüm təkrarlanan bayağı şoular, bəsit, məzmunsuz və mövzusuz komik filmlər, cansıxıcı, ucuz büdcəli, ordan-burdan götürülən ailə-məişət mövzulu seriallar yenə təkrarlanacaq. Bundan əvvəlki mövsüm başlayanda da belə oldu. Ondan əvvəlki də elə idi. Görəsən, bu eynilikdən özləri sıxılmır? Yaradıcı adam təbiət etibarı ilə hər şeydən tez bezməli, daim yeni macəralara can atmalı, axtarışlarda olmalıdır axı. Yoxsa söhbət bizim mühitimizdən gedəndə təbiətin qanunları da keçmir?!

Teatr da eyni vəziyyətdədir. Hər mövsümdə 2-3 yeni tamaşa təqdim olunsa da, həmin tamaşalar məzmun və quruluşuna görə digərlərindən fərqlənmir. Ümumişlək, standart teatr nəzəriyyələri, klassik rus metodları əsasında aktyor və rejissor işi ilə qurulmuş eyni səpkili tamaşalar uzun illərdir ki, davam etməkdədir. Görünüşə görə bu il də davam edəcək. Bütün dünyada ölkələrin və xalqlarını taleyini dəyişdirən, ictimai və siyasi vəziyyətə təsir etmək gücünə sahib nəhəng mədəniyyət sahəsi olan teatr da bizim sərhədlərimiz daxilində öz gücünü və mahiyyətini itirə bilir. Bir şeyləri itirməkdə, söndürməkdə, tükətməkdə, məhv etməkdə mahirik! Qurmağı, yaratmağı, gücləndirməyi, ucaltmağı bacarmasaq da, bunu bacarırıq. Bu, biraz da özünə əziyyət verməməkdir. Axı sökmək həmişə tikməkdən daha asan olur!

“Tanrıya 14 məktub” tamaşası - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Tanrıya yazılan 14 cansıxıcı məktub...

Yeni filmlərin anonsları da gözə dəymir. Ortalıqda olanlar da tarixə qalmayacaq, kommersiya məqsədli, az əvvəl də qeyd etdiyim kimi, bəsit, məzmunsuz və mövzusuz komik filmlərdir. Bir vətəndaş və bir sənət adamı kimi kinostudiyanın işi mənə maraqlıdır. Bu nəm qoxulu, uçuq-sökük binada qərar tutan kino tariximizin ən qədim studiyası hansı yeniliklərə imza atıb? Və hansı yeniliklərə imza atmağı planlaşdırır?

Həmişə maddiyyatdan gileylənən rejissorlar, aktyor və aktrisalar üçün bu ilin mart ayından etibarən maddi problemlər də müəyyən qədər həllini tapdı. Teatrlarda maaş artırıldı, əlavə olaraq, hər teatra və kinostudiyaya maddi vəsait ayrıldı. Bəs bu ayrılan vəsaitlərin hesabatı alındımı? Çox güman ki, Mədəniyyət nazirliyi əməkdaşlarının, teatr və kinostudiya rəhbərlərinin bir maşını, bir evi daha artıb. Niyə bir teatr tamaşası, bir kino artsın ki? Mədəni dirçəliş onların nəyinə lazımdır? Bütün arzu, məqsəd və amallarını maddi maraqlar üzərində qurmuş bu adamları gətirib mədəniyyətin üstündə səlahiyyətləndirəndə nə gözləyirdiniz ki?

Xoş istirahətlər, hörmətli sənət adamları! Yeni mövsümlərdən birində köhnəliyinizə qayıtmağınızdan utanacağınızı, yeni dövr üçün yeni düzən tələb edəcəyinizi, yeni uğurlara imza atacağınızı arzu, ümid və güman edirəm!

Xəbər lenti
0