CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Milli Kino Günündə üç film nümayiş olunacaq

© Pexels PixabayKinoteatr, arxiv şəkli
Kinoteatr, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Milli Kino Günündə "O olmasın, bu olsun", "Qaynana", "Dəli Kür", "Yenilməz batalyon" və sair filmlərə quruluş vermiş tanınmış Azərbaycan rejissoru Hüseyn Seyidzadənin yaradıcılıq otağının açılışı da nəzərdə tutulur

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 30 iyul — Sputnik. Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 2 avqust 2019-cu il tarixində saat 18:00-da Nizami Kino Mərkəzində Milli Kino Gününə həsr olunmuş yubiley tədbiri keçiriləcək.

Sputnik Azərbaycan xəbər verir ki, mədəniyyət və incəsənət xadimlərinin, kino ictimaiyyətinin və həvəskarlarının iştirak edəcəyi mərasimdə dövlət studiyalarında son illər ərzində görülmüş işlər haqqında video-çarxlar vasitəsilə məlumatın verilməsi və bir qrup kino xadiminin mükafatlandırılması nəzərdə tutulub.

Tədbirdə həmçinin dövlət sifarişi ilə istehsal olunmuş, gənc rejissorlar Kamal Yaşarın "Dan yeli", Pərviz Həsənovun "Soraq", eləcə də Orxan Ağazadənin müstəqil şəkildə çəkdiyi "Oturacaqlar" qısametrajlı bədii filmləri nümayiş etdiriləcək.

Azərbaycanfilm kinostudiyasından verilən məlumata görə, Milli Kino Günündə "O olmasın, bu olsun", "Qaynana", "Dəli Kür", "Yenilməz batalyon" və sair filmlərə quruluş vermiş tanınmış Azərbaycan rejissoru Hüseyn Seyidzadənin yaradıcılıq otağının açılışı da nəzərdə tutulur.

Qeyd edək ki, bu il Azərbaycan kinosunun 121 yaşı qeyd olunacaq. Azərbaycan kino sənətinin tarixi 1898-ci ildən başlayır. Lümyer qardaşları ilk filmi nümayiş etdirdikdən sonra 1898-ci ildə fotoqraf Mişon Bakıda "Balaxanıda neft fontanı" və "Bibiheybət neft mədənində yanğın" adlı xronikal süjetləri lentə almaqla milli kinomatoqrafiyamızın əsasını qoyub.

2001-ci ildən mərhum Prezident Heydər Əliyevin sərəncamı ilə avqustun 2-si Azərbaycanda Milli Kino Günü kimi rəsmiləşdirilib.

Xəbər lenti
0