17:19 19 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0271
  • EUR1.9142
Bakı kinoteatrının binası

"Kino çıxardanlar"ın baş çıxara bilmədikləri məsələ: yüzdən çox obyekt necə yox oldu

© Sputnik / Irade JELIL
MƏDƏNİYYƏT
Qısa URL
2154 0 0

Bakı Şəhər İcra Hakimiyyətinin siyahısı ilə faktiki fəaliyyət göstərən obyektlərin sayı düz gəlmir

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 10 iyul — Sputnik. İnsanların gərgin iş həftəsindən sonra öz istirahətlərini təmin etmək üçün baş çəkdikləri yerlərdən biri də kinoteatrlardır.

Yaxın keçmişdə istər yerli, istər xarici filmlərin afişaları asılan kimi ərazidə yaşayan əhali izdihamla kinoteatrlara axışar, bilet almaq üçün növbəyə düzülərdi.

Sovetlər İttifaqının süqutu ilə sanki kinoteatrlar da dağılmağa başladı. Uzun müddət baxımsız, diqqətsiz qalan bu sahə son illərdə özəl sektor üçün gəlirli sahəyə çevrildi. Bəs dövlətin balansında olan kinoteatrların aqibəti necə oldu? Bununla bağlı Sputnik Azərbaycan araşdırma apardı. Məlum oldu ki, Dövlət Statistika Komitəsinin 2017-ci il hesabatına əsasən, 2005-ci ildə ümumi sayı 21 olan kinoteatrlardan 12 il sonraya 5-i özəl olmaqla 9-u qalıb.

Bakı kinoteatrının binası
© Sputnik / Irade JELIL
"Bakı" kinoteatrının binası

2012-ci ildə Mədəniyyət və Turizm nazirinin müavini olmuş Ədalət Vəliyev AZƏRTAC-a müsahibəsi zamanı: "Bu ilin (2012 - red.) sentyabrınadək Azərbaycanın bütün bölgələrində eyni vaxtda 120-yə yaxın kinoteatr və kinoteatr tipli müəssisə bərpa olunaraq istifadəyə veriləcəkdir", - deyə bildirmişdi. Amma həmin vaxtdan 7 il ötsə də, ölkədə ümumilikdə 120 yox, heç 12 kinoteatr fəaliyyət göstərmir.

Maraqlısı budur ki, vaxtilə Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafıya şöbəsinin sektor müdiri olmuş Yusif Şeyxov bundan 9 il öncə müsahibəsində:"Kinoteatrlar 2006-cı ildə çıxmış dövlət proqramına əsasən özəlləşdirilib.

Nazirliyin tabeliyində cəmi bir neçə kinoteatr qalıb ki, bunlar da "Vətən", "Nizami" və Qazaxda, Ağcabədidəki kinoteatrlardır", – deyib. Ancaq Mədəniyyət Nazirliyinin rəsmi saytında mədəniyyət müəssisələri bölümündə yalnız "Nizami" kinoteatrı haqqında məlumat yerləşdirilib.Bu kinoteatrdan söz düşmüşkən, kompleks 75 il əvvəl yaradılıb və dövlət tərəfindən maliyyələşdirilmiş böyük yenidənqurma layihəsindən sonra, 2011-ci ildə fəaliyyətini bərpa edib. Kinoteatrda 500 yer və dünyanın ən böyük ekranı var. Nümayiş proqramı, demək olar ki, 50 faiz yerli filmlərdən, Türkiyə istehsalı olan filmlərdən, eləcə də rus və ya türk dilində səsləndirilmiş Hollivud filmlərindən ibarətdir.

Bakı Şəhər İcra Hakimiyyətinin rəsmi saytı isə tabeliyində 10 kinoteatr olduğunu yazır. Bunlar "Azərbaycan", "Araz", "Nizami", "Nərimanov", "Şuşa", "Dostluq", "İzmir", "Bakı", "Təbriz" və "Vətən"dir. Bildiyimiz kimi, göstərilən siyahıda yalnız "Azərbaycan" və "Nizami" kinoteatrları təyinatı üzrə fəaliyyət göstərir. Yerdə qalan kino müəssisələri isə özəlləşərək təyinatını dəyişib. Çayxanaya, xırda alver obyektinə çevrilib.

Bakı kinoteatrının binası
© Sputnik / Irade JELIL
"Bakı" kinoteatrının binası

Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətova ünvanladığımız "Hal-hazırda nazirliyin tabeliyində nə qədər kinoteatr fəaliyyət göstərir?" sualına cavab olaraq bildirdi ki: "Yalnız "Nizami" kinoteatrı balansımızdadır. "Şəfəq" kinoteatrı isə Pantomim Teatrına verilib".

Bölgələrdə kinoteatrların vəziyyəti ilə bağlı suala isə nazir yetkilisi regionlarda dövlət balansında heç bir kinoteatrın olmadığını vurğuladı.

Qeyd edək ki, Azərbaycanda özəl sektorda fəaliyyət göstərən kinoteatrlar ayrıca deyil, yalnız böyük ticarət mərkəzlərində, eləcə də otel tərkibindədir.

Əsas mövzular