11:10 19 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0271
  • EUR1.9142
Beyin, arxiv şəkli

Dahilər niyə dəli olurlar - Dörd mühüm versiya

© Sputnik / Ruslan Krivobok
MƏDƏNİYYƏT
Qısa URL
Orxan BAHADIRSOY
4786 0 0

Bu kimi saysız-hesabsız tarixi faktları oxuduqca bu sual məni həmişə düşündürüb: istedadlı və bilikli insanların bu qeyri-adi xarakterləri, fobiyaları, əyləncələri nədən yaranır?

BAKI, 8 aprel — Sputnik. Dahilərin həyatları ilə maraqlananda, demək olar ki, hər birinin hansısa ruhi-psixoloji probleminə, nədənsə asılılığına, ağılalmaz vərdişlərinə və s. rast gəlirik. Dahi fizik Nikola Teslanın zinət əşyalarından, körpülərdən və seksdən qorxması, riyaziyyatçı Con Nəşin hallisünasiyalar görməsi, yazıçı Markes de Sadın seksual asılılığı və qeyri-adi seksual fantaziyaları, aktyor-rejissor və teatr nəzəriyyəçisi Antonin Artaudun pişiklərlə danışması və özünü ac saxlaması, rejissor Alfred Hiçkokun yumurtadan qorxması, rəssam Van Qoqun öz qulağını kəsməsi və digər bu kimi çoxsaylı misallar çəkmək olar.

Bernardo Bertoluççi
© Sputnik / Yekaterina Chesnokova

Albert Eynşteynlə bağlı dillərdə dolaşan maraqlı bir əhvalat da var: bir gün Eynşteyn harasa getməli olur və laboratoriyasının qapısına "Eynşteyn bir saat sonra burada olacaq" yazısı yapışdırıb gedir ki, gələnlər onu gözləsinlər. Bir saat sonra Eynşteyn geri qayıdır və qapının üstündəki yazını oxuyub qapının önündə oturaraq gözləməyə başlayır. Bir az sonra dövrün digər alimlərindən biri laboratoriyaya gəlir və Eynşteynin qapının önündə oturduğunu görür. Nə baş verdiyini soruşanda Eynşteyn qapının üstündəki yazını göstərib deyir: "Eynşteyn bir saat sonra burada olacaq".

Bu kimi saysız-hesabsız tarixi faktları oxuduqca bu sual məni həmişə düşündürüb: istedadlı və bilikli insanların bu qeyri-adi xarakterləri, fobiyaları, əyləncələri nədən yaranır? Tesla niyə quşlarla danışırdı? Nyuton niyə özünü və kəşflərini gizlədir, əlyazmalarını yandırırdı? Bukovski niyə içki və seks aludəçisi idi? Kafka niyə özünü təkliyə məhkum etmişdi? Henrix von Kleist niyə öz qəbrini də qazıb özünü güllələmişdi? Bu "niyə"lərin cavablarını tapmışam desəm, yalan olar. Amma bu barədə mənim də acizanə bir neçə qənaətim var.

Birinci qənaətim odur ki, böyük işlər üçün proqramlaşdırılmış beyinlər kiçik işlərdən imtina edir və ona görə də quşlarla danışmaq, təkliyə qapılmaq kimi xüsusiyyətlər yaranır. Eynşteyn kimi nəhəng beyin niyə qapıya o yazını özünün vurduğunu və özünün Eynşteyn olduğunu unutsun ki? Mən bunun səbəbini beyninin nəzəriyyələr və isbatlar üzərində həddən artıq məşğul olduğunu, kiçik məsələlər barədə düşünməkdən imtina etdiyini fikirləşirəm.

İkinci qənaətim odur ki, həddən artıq zehni enerji sərfiyyatı fiziki enerjinin getdikcə depolanması bu iki enerjinin arasında disbalans yaradır. Yorğun beyin amma enerjili bədən – insan üçün iki yol ayrıcı. Bu vaxt insan düşünmədən fiziki enerjisini sərf edəcək yer axtarır. Belə olan halda ən sadə yol seksdir. Seksual münasibətin sıx-sıx baş verməsi insanın yeni fantaziyalar qurmasına gətirib çıxarır və bu proses Markez de Sadları, Çarlz Bukovskiləri yetirir.

Üçüncü qənaətim odur ki, dünya və insan haqqında həqiqətləri bilmək həddən artıq ağrıvericidir. Böyük beyinlər həyat haqqında daha çox həqiqəti bilirlər və zaman-zaman bu həqiqətləri bilməyin ağrısı dözülməz həddə çatır. Belə olan halda Stefan Sveyqin, Valter Benjaminin, Henrix von Kleistin intiharı doğulur. Onlar hamıdan daha çox həqiqəti bildikləri üçün və bunu heç kəsə deyə bilmədikləri (yaxud da bunu kimsənin anlamadığı) üçün intihar etdilər.

Dördüncü və sonuncu qənaətim odur ki, qorxular insan beyninin düşünmə qabiliyyətini artırır. Adı təkamül yaxud ilahi bir hikmət olsun, nəticədə bu beyinlər əvvəlcədən daha çox düşünmək üçün proqramlaşdırılmışdılar. Bu düşünmə qabiliyyətinin itməməsi və daimi inkişafı üçün onlara qorxu hissinin verilməsi vacib amil idi. Nəticədə Hiçkokun yumurta qorxusu, Teslanın zinət əşyaları və körpü qorxusu yaranır.

Son olaraq isə elm və sənət hər şeyin üstündə dayanır. Bir şeylər yarada bilirsənsə, dəli olmaq nədir ki? Necə deyərlər, hər şeyə dəyər...

Əlaqədar

Dahilərin iz buraxdığı təhsil ocağına "əl gəzdirmək" zamanı yetişib
İnanılmaz musiqisi ilə bütün dünyanı fəth edən 90 yaşlı dahi - VİDEO
Teqlər:
şüur, beyin, insan, alim, dahi

Əsas mövzular