Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Novruz Novruzlunun xələfi: "Bundan sonra ona fəxri ad verilsə belə, heç nə dəyişməyəcək"

© Sputnik / Murad Orujov“Savalan” qrupunun rəhbəri İffət Əsgərov
“Savalan” qrupunun rəhbəri İffət Əsgərov - Sputnik Azərbaycan
Abunə olmaq
İffət Əsgərov: "İnanmıram ki, qrupa yeni müğənni dəvət edək, amma Novruzun ruhu kimdəsə olarsa, əlbəttə, o zaman həmin şəxsi özümüz qrupa dəvət edərik"

Nigar Məhərrəm, Sputnik Azərbaycan

BAKI, 4 yanvar — Sputnik. Azərbaycanda öz xüsusi üslubu ilə seçilən qruplardan biri də "Savalan"dır. Bədii rəhbəri və solisti, unudulmaz sənətkar Novruz Novruzlunun vəfatından sonra qrupun yeni rəhbəri İffət Əsgərov hesab edilir. "Danışmağı sevən deyiləm, işimiz olanda göstəririk" - deyən bu insan hər zaman təmkinli, səbirli olmağa çalışır.

© Sputnik / Murad Orujov“Savalan” qrupunun rəhbəri İffət Əsgərov
Novruz Novruzlunun xələfi: Bundan sonra ona fəxri ad verilsə belə, heç nə dəyişməyəcək - Sputnik Azərbaycan
“Savalan” qrupunun rəhbəri İffət Əsgərov

Sputnik Azərbaycan-ın əməkdaşı daha çox ilahi ifalarla tanınan "Savalan" qrupunun yeni rəhbəri İffət Əsgərovla həmsöhbət olub. Qrupun gələcək fəaliyyəti haqda danışılıb:

- Novruz Novruzludan sonra qrupun rəhbəri vəzifəsini üzərinizə götürmüsünüz. Bu məsuliyyətli vəzifəni icra etmək çətin deyil?

- Rəhbər sözü bir az rəsmi səslənir. Belə deməyək. Sadəcə olaraq, Novruzun vəfatından sonra uşaqlar da dedi ki, köhnə "Savalan"dan bir İffət qalıb. O səbəbdən bu işi mən icra edirəm. Amma deyim ki, hələ də məndə rəhbər hissi formalaşmayıb. Ümumiyyətlə, heç vaxt məndə belə bir hiss olmayıb, rəhbər olmaq istəməmişəm. Hazırda qrupda hamımızın statusu eynidir. Birgə işləyib çalışacağıq ki, "Savalan" qrupunu yaşadaq.

- Növbəti ildən etibarən qrupdan hansı yeniliklər gözlənilir, yeni solist kim olacaq?

- İnanmıram ki, qrupa yeni müğənni dəvət edək. Amma Novruzun ruhu kimdəsə olarsa, əlbəttə, o zaman həmin şəxsi özümüz qrupa dəvət edərik. Burada yaş məsələsi bizim üçün heç də önəmli deyil. Əsas odur ki, həmin şəxsin ruhu və düşüncəsi gözəl olsun.

- Vaxtilə qrupa "Savalan" adını təklif edən İshaq Ozanoğlu Novruz Novruzovlunun vəfatından sonra deyib ki, "qrupa rəhbər seçildikdə, mənim də fikrim alınsaydı, daha gözəl olardı". Sonradan bu məsələ ilə bağlı İshaq Ozanoğlu ilə danışdınız?

Savalan qrupun üzvü Novruz Novruzlu  - Sputnik Azərbaycan
Azərbaycan mədəniyyətinə ağır itki üz verib

- Öncədən İshaq Ozanoğlu ilə şəxsi tanışlığım olmayıb. Bildiyimə görə, o, uzun illərdir Azərbaycanı tərk edib. Onun fikirlərini oxuduqdan sonra "Whatsap" vasitəsilə tanış olub danışdıq. İshaq Ozanoğlu qrupa uğurlar arzuladı. Lakin rəhbər seçimi haqda heç bir fikir bildirmədi.

- Bir müddət əvvəl Cavad qrupu tərk edərək xaricə köçdü. Fəxrəddin Salim və Həlimət Sultan isə qrupdan ayrıldı. Qrupda parçalanmaya səbəb nədir?

- O vaxt Fəxrəddin qrupdan ayrılanda dedi ki, "vaxtım yoxdur, elmi işlər yazıram". Göründüyü kimi işlə bağlı səbəblərdir. Həlimət Sultan ilə isə son zamanlar ara-sıra qrup olaraq bir araya gəlirik.

- Eyvaz Həşimovun qrupa gəlişi nə kimi töhfələr verdi?

- Gözəl oxuma ruhu vardı deyə, Eyvazı qrupumuza dəvət etdik. Ona qədər isə "Savalan" qrupunda, demək olar ki, ritm aləti olmayıb. Elə ritmdə Novruz özü çalırdı. Lakin Eyvazın gəlişi bir sıra yeni töhfələr verdi. Eyvaz həm repertuar baxımdan, həm də maraqlı fikirləri ilə bizi qane edirdi. O, ruh etibarı ilə bizə çox yaxındır.

© Sputnik / Murad Orujov“Savalan” qrupunun rəhbəri İffət Əsgərov
Novruz Novruzlunun xələfi: Bundan sonra ona fəxri ad verilsə belə, heç nə dəyişməyəcək - Sputnik Azərbaycan
“Savalan” qrupunun rəhbəri İffət Əsgərov

- Novruz Novruzlu 40 il çalışdığı Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında bir dəfə konsert verdi. Lakin konsert günü afişalar cırıldı. Bütün bunlarla bağlı Novruz bəy nə deyirdi?

- O heç nə deməzdi, bizə bildirməzdi. Bu hadisə ilə bağlı olaraq da Novruzdan nəsə eşitməmişəm.

- Novruz bəyi insanlarda gördüyü daha çox nələr bezdirirdi?

- Qeyri-səmimi münasibəti onu çox qıcıqlandırırdı. Ya da kiminsə işini bilməməsi onu qıcıqlandırardı. Bir də görürsən ki, səhnədə konsert verməyə hazırlaşırsan, amma oradakı işcilərin heç birinin işlərindən xəbəri yoxdur. Bu kimi hadisələr onu hövsələdən çıxarırdı. Amma tamaşaçılarından heç vaxt gileylənməzdi.

- Sizcə, Novruz Novruzlu onu tanıyanların xatirində necə qaldı?

- Novruzu tanıyan hər kəs onu sevirdi. Dünyasını dəyişdikdən sonra da kimdənsə bir kəlmə eşitmədim ki, ondan incik olduğunu desin.

- Bəs, ölümündən sonra ona Xalq artisti adının verilməsi üçün müraciət edəcəksiniz?

- Özü ad verilməsi məsələsini sevmirdi. Bundan sonra ad verilsə də, verilməsə də, bir şey dəyişməyəcək.

- Novruz Novruzlunun xatirə gecəsi harada keçiriləcək?

- Yanvarda Novruz üçün xatirə gecəsi keçirmək üçün nə edə bilərik, gücümüz nəyə çatacaq, bunu müəyyənləşdirmiş olacağıq. Hələ ki, xatirə gecəsinin harada keçiriləcəyini dəqiqləşdirməmişik.

- Yerli tədbirlərdən daha çox qazanırsınız, yoxsa, xarici tədbirlərdən?

Savalan qrupun üzvü Novruz Novruzlu  - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
"Savalan" qrupunun yeni bədii rəhbəri bəlli oldu

- Daha çox səfərlərdən qazanmışıq. Xarici səfərlərdən əldə etdiyimiz qazanclar bizi qane edir. Lakin səfərlərimiz hər ay olmur. İldə bir-iki dəfə xarici səfərimiz olur. Bunadək isə hərəmiz bir işlə məşğul olub pul qazanırıq. Məsələn, mən aranjemanla məşğul oluram. Müğənnilərdən səsyazmaları qəbul edib, aranjeman edirəm. Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində fəaliyyət göstərən Folklor İnstitutunda studiya var, 4-5 ildir orada çalışıram. Aylıq olaraq oradan 200 manat maaş alıram.

- Hansı ölkələrdə daha isti münasibətlə qarşılanırsız?

- 2006-cı ildə Cavad qrupu tərk edən ərəfədə "Savalan"a gəlmişəm. Artıq neydə ifa edən olmadığı üçün onu kamança ilə əvəz etmək qərara alındı. O vaxta qədər də səfərlər olub. 2006-cı ildən etibarən isə Türkiyə, Hollandiya və digər Avropa ölkələrinə səfər etmişik. Türkiyə və Amerikada daha böyük diqqət və münasibət görmüşük. Lakin Azərbaycanda "Savalan" mistik musiqisinin dinləyicisi olduqca azdır. Səbəb bəlkə də efirlərdə gedən bayağı musiqilərdir.

- Sizcə, Azərbaycanda ilahi mahnılar ifaçısı Sami Yusif sevildiyi halda, niyə sizi bir o qədər də dinləyən yoxdur?

- Sami Yusif dəbdədir deyə çox dinlənilir. Millət olaraq başa düşüb-düşməmək, sevib- sevməməkdən asılı olmayaraq, belə bir psixologiyamız var ki, kim dəbdədirsə, ona qulaq asırıq. Düşüncə budur ki, dəbdirsə, ona qulaq asmaq lazımdır. Hansısa ifaçını dəbə salan sponsor və prodüseridir. Lakin bu vaxtadək "Savalan"ın sponsoru, prodüseri olmayıb. Biz də istəyərdik ki, sponsorumuz, prodüserimiz olsun.

- Qrupun fəaliyyəti ilə bağlı Mədəniyyət Nazirliyindən dəstəyiniz varmı?

- Mədəniyyət Nazirliyindən dəstəyimiz yoxdur. Varlığımızdan xəbərləri var, amma hər bir şeyi özümüz edirik, dövlət konsertlərinə də dəvət almırıq.

- Hansı bəstəkarlarla işləyirsiniz?

© Sputnik / Murad Orujov“Savalan” qrupunun rəhbəri İffət Əsgərov
Novruz Novruzlunun xələfi: Bundan sonra ona fəxri ad verilsə belə, heç nə dəyişməyəcək - Sputnik Azərbaycan
“Savalan” qrupunun rəhbəri İffət Əsgərov

- Şahin Musaoğlu ilə işləmişik. Onun "Yalquzaq" və "Qurban Türkün bayrağına" adlı mahnılarını ifa etmişik. O, bu mahnıları təmənnasız olaraq bizə bağışlayıb. Biz kiməsə, yaxud da kimsə bizə nəsə edirsə, bu, təmənnasız olur. Bundan başqa, Tofiq Quliyevin, Rauf Hacıyevin repertuarından da ifalarımız olub.

- Başqa bəstəkarlarla niyə işləmirsiniz?

- Kiminlə işləyək?! Axı bizim könlümüzü oxşayan bəstəkar yoxdur.

- Demək olar ki, "Savalan" sevənləri bu qrupa bağlayan bir səbəb də onun sufizm və Mövlanə ruhuna yaxınlığıdır?

- Bu da səbəb ola bilər. İfalarımızda sufizmin, Mövlanənin ruhu duyulur.

- Toylara necə, gedirsizmi?

- Hansısa məclisə dəvət edib pul təklif etsələr, gedərik. Toy məclislərinə də dəvət edəndə gedirik.

- Bəs, gileyiniz nədəndir?

- Giley şikayətdir, şikayət isə Allaha üsyandır. Allaha üsyan edə bilmərik. Onsuz da qarşımıza nə çıxırsa, Allahdandır. "Qurani-Kərim"də ayə var ki, Allahın izni olmadan ağacdan bir yarpaq da yerə düşə bilməz. Həyatda heç nə səbəbsiz deyil.

- Səhhətiniz necədir?

- Hazırda müalicə alıram. Ürəyin işemiyasından əziyyət çəkirəm. Növbəti dəfə müayinəyə gedəndə əməliyyat olunub-olunmayacağımla bağlı qərar veriləcək. Lakin əməliyyat olarsa, Bakıda etdirmərəm. Bura güvənim yoxdur.

Xəbər lenti
0