21:04 19 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0253
  • EUR1.9349
Xalq artisti Amaliya Pənahovanın vida mərasimi

Amaliya Pənahovanın ölümü və etiraz edən kütlə: Kütləvi qırğına sayğı ilə yanaşın

© Sputnik / Murad Orujov
MƏDƏNİYYƏT
Qısa URL
Orxan BAHADIRSOY
898901

Bir aktyor, bir aktrisa ölürsə, bu, yüzlərlə adam ölür deməkdir

BAKI, 13 noyabr — Sputnik. Noyabr ayının 8-də tanınmış aktrisa Amaliya xanım Pənahova vəfat etdi. Tarixə qısa bir baxışla xatırlamaq lazımdır ki, Amaliya Pənahova Azərbaycan mədəniyyəti üçün kim idi və niyə əfsanəyə çevrildi?

Həm müasir tamaşaçıya, həm də müasir sənət adamlarına pafoslu görünən mərhum aktrisa, əslində, öz dövrü üçün rollarını kifayət qədər təbii ifa edən səhnə ustası hesab edilirdi. Çünki onun səhnəyə qədəm qoyduğu ilk illərdə teatrda çalışan, artıq klassikaya çevrilmiş aktyor və aktrisalarımız dövrün müasirlərinə inandırıcı görünmürdü. Amaliya Pənahova Sovet Azərbaycanının yetirdiyi ilk müasir aktrisalardan biri və bəlkə də birincisi idi.

Görünüşü və səsi ilə həm teatr səhnəsinə, həm də kino kadrlarına yaraşan belə bir aktrisa Amaliya xanımdan əvvəl yox idi. İlyas Əfəndiyev dramaturgiyasını Amaliya Pənahovasız təsəvvür etmək mümkün deyil. Hansı ki, İlyas Əfəndiyev də dramaturgiyada lirik-psixoloji cərəyanın, duyğu, hiss və həyəcan çarpışmalarının banisidir.

Əfəndiyev dramaturgiyası da süni pafoslardan arınmışdı. İki yenilikçi eyni dövrdə bir araya gəlincə, teatr tariximizə əfsanəvi tamaşaların və yeni qəhrəmanların adı yazıldı.

Amaliya Pənahova həm də müstəqillik illərinin ilk özəl teatrının – Bakı Bələdiyyə Teatrının yaradıcısı oldu. Aktrisa bu teatrı həm öz maddi imkanları hesabına, həm də teatra bəslədiyi mənəvi bağlılıqların sayəsində yaratdı və yaşatdı.

Bu gün özünü müasir sənət insanı – müasir aktyor, müasir aktrisa hesab edənlərin Amaliya xanım haqqında "pafoslu aktrisa" demələri bilgi və anlayış yoxsulluğundan qeyri bir şey deyil. Teatr haqqında təkcə "pafos" terminini bilən, sənəti dövrün və mühitin tələblərinə görə təhlil etməyi bacarmayan bu bilgi yoxsulları özlərini bu qədər ifşa etməyəydilər kaş ki!

Təbii pafosun teatrın təməl daşlarından biri olduğunu öyrənmək üçün Aritsoteldən Brextə qədər bütün nəzəriyyəçiləri oxuya bilərlər. Təkcə 20-ci əsrin müxtəlif illərində və müxtəlif ölkələrdə yazılmış teatr nəzəriyyələri də bir-birindən o qədər fərqlidir ki, heç antik yunan teatrı ilə müasir teatr arasında o qədər fərq yoxdur.

Və bu insanlar, həqiqətən, elə zənn edirlər ki, özləri bütün dövrlərin fenomeni olacaqlar? Axı bugünkü danışıq normaları, mimika və jest formaları 50 il sonra üçün çox gülünc görünəcək. Hər canlı dövrə və mühitə uyğun formalaşır. Bu da orta məktəblərin biologiya kitabında var.

Amaliya xanımın vəfat xəbərinin yayılması ilə bu hadisəyə bir siyasətçinin vəfatı kimi yanaşanların hay-küylərinin yayılması bir oldu. Yayılan fikirlərin içində mərhum aktrisanı millət vəkili kimi şərh edənlərin rəyləri çox üzücü idi.

Ortada çox böyük ikiüzlülük var. Sən həm millət vəkili olmağı məlum dövr üçün mənfi cəhət hesab edirsən, həm də illərini səhnəyə, sənətə sərf etmiş bir aktrisanı cəmi 5 illik millət vəkili fəaliyyəti ilə şərh edirsən. Deməli, 50 illik səhnə həyatını 5 illik deputat həyatına asanlıqla qurban verməyi bacarırsan. Bəs hansı sənin sənət anlayışın?

Bir yandan da aktrisanın estetik əməliyyatlarını müzakirəyə qoyanların səs-küyü yayıldı. Bunu tənqid və gülüş obyektinə çevirdilər. Hərçənd, bu qeyri-etik davranışı bizim mühafizəkar cəmiyyətdən gördüyümə təəccüblənmirəm. Artıq bir əsrdən çoxdur ki, bu məmləkətdə teatr və kino sənəti yaranıb, sənətkarlar nəsli yetişib və elə ilk gündən bu günə qədər cəmiyyət onların geyimini, sevgilililərini, evlərini, maşınlarını, pullarını müzakirə edir. Mən, sadəcə ümid edirəm ki, bir gün mühitimiz bu qeyri-etik, ədəbsiz vərdişindən qurtular.

Nəhayət, əgər bir siyasətçi ölürsə, bir siyasətçi ölür deməkdir. Bir mühəndis ölürsə, bir mühəndis ölür deməkdir. Bir həkim ölürsə, bir həkim ölür deməkdir. Və s.

Amma bir aktyor, bir aktrisa ölürsə, bu, yüzlərlə adam ölür deməkdir. Məsələn, Amaliya Pənahovanın ölümü təkcə Amaliya Pənahovanın ölümü deyil. Bu ölüm həm də Zərnisənin, Nargilənin, Nərminin, Zərrinin, Natəvanın, Ofeliyanın və digərlərinin ölümüdür. Xahiş edirəm, bir aktrisa, bir aktyor öləndə, bu kütləvi qırğına sayğı ilə yanaşın.

Əlaqədar

Amaliya Pənahovanın hansı şəraitdə və nədən dünyasını dəyişdiyi məlum oldu
Elxan Qasımov: "Amaliya xanım heç vaxt xəstə olmayıb"
Rafael Dadaşov Amaliya Pənahovanın fədakarlığından danışdı
Amaliya Pənahovanın ölümündən sonra üzə çıxan faktlar həmkarlarını da heyrətə salıb
Teqlər:
Vəfat, xalq, aktyor, aktrisa, Amaliya Pənahova

Əsas mövzular