14:55 19 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0253
  • EUR1.9349
Avropada əhalisi

Lənətə gəlmiş avropalılar!

CC0 / Free-Photos / People
MƏDƏNİYYƏT
Qısa URL
Orxan BAHADIRSOY
1117011

Onlar azaddırlar, çünki sənətə, mədəniyyətə azadlıq veriblər

BAKI, 27 sentyabr — Sputnik. İnkişaf etmiş ölkələrdə normal cəmiyyətin fərdləri öz bütün komplekslərindən azaddırlar. Onların "bu, nə deyər", "o, nə düşünər" deyə dərdləri yoxdur. Bu səbəbdən həmin ölkələrdə insanlar təhsillə, elmlə, yaradıcılıqla məşğuldurlar.

Ən xırda bir misal çəkim: bizim cəmiyyətdə elə insan var ki, çox güclü aktyorluq istedadı var. Amma nəsli-kökü, qonum-qonşusu ona "mütrif" deyər deyə, bu sahədə çalışmaqdan çəkinər. Beləcə, ölkə də öz istedadlı incəsənət xadimini itirər. Ya da başlayarlar yaradıcı insanların şəxsi həyatlarını müzakirəyə çıxarmağa – filan müğənni üç ərə gedib, filan aktrisa lezbiyandır, filan aktyor qaşın alıb, sırğa taxıb, filan yazıçı saqqal saxlayıb, saçına rəng qoyub və s.

Hələ teatrlardan, filmlərdən, kliplərdən danışmıram. Azca erotik səhnə olsa, əxlaqşüvənlər aksiya elan edəcəklər. Bunların bütün əxlaqı bir aktrisanın filmdəki öpüşmə və ya sevişmə səhnəsindən ibarət imiş.

Bəs günahkar kimdir? Lənətə gəlmiş avropalılar! Bizə soyunmağı da, öpüşməyi də, sevişməyi də onlar öyrətdi! Biz ki, amöb kimi bölünə-bölünə çoxalırdıq. Bu avropalılar abır-həyamızı əlimizdən aldılar.

Bir hadisə baş verən kimi ortaya "ana-bacı", "qeyrət-namus" söhbətini atıb, sonra da avropalıları söyürlər. Avropalının anası, bacısı, əxlaqı yoxdur? Əlbəttə, var! Amma onların əxlaq anlayışı ilə Şərq insanının əxlaq anlayışı arasında dərin bir uçurum var. Şərq insanı əxlaq dedikdə cinsiyyət orqanlarını düşünür, avropalı əxlaq dedikdə mənəvi toxluqdan danışır.

Onlar zahirən çılpaq olsalar da, daxilən zəngindirlər. Onlar düşünürlər, sorğulayırlar, öyrənir və öyrədirlər. "Bozun əlli çaları" filminə inkişaf etmiş ölkələrin insanları niyə etiraz etdilər, bilirsiz? "21-ci əsrdə yaşayırıq, pornoqrafik film çəkilir, amma kameradan kişi cinsiyyət orqanını gizlədirlər" dedilər. Bizdə isə, burax o filmə münasibəti, sən heç o filmi çəkmək üçün aktyor-aktrisa, rejissor tapa bilməzsən. Bunları da xaricdən dəvət etsən, elə filmə vəsait ayıracaq yerli sponsor tapa bilməzsən.

Ömrü boyunca yaşadığı cəmiyyətin eybəcərliklərinə, qan davalarına, ancaq ölüm gətirən iyrənc adətlərinə, bu nifrət dolu mentalitetinə bir kəlmə etiraz edə bilməyənlər, rüşvətə, özbaşınalığa sükutla boyun əyənlər, nədənsə, hər fürsətdə çılpaq avropalını söyürlər. Tam olaraq bugünkü yaşam normalarının, rahatlıqlarının böyük bir qismini avropalılara borclu olan, onların bütün elmi-texniki uğurlarından faydalanıb öz yaşayını təmin edən bu adamların bütün düşməni çılpaq avropalılar imiş.

Avropalılar azaddırlar, çünki çox bilirlər. Avropalıların orta məktəb şagirdləri bizim professor, elmlər doktoru almış adamları susdurub yerinə oturdar öz biliyi ilə. Onlar azaddırlar, çünki sənətə, mədəniyyətə azadlıq veriblər. Bir cəmiyyətin mədəniyyəti azaddırsa, o cəmiyyətin hər bir fərdi azad olar. Avropalılar azad olduqları üçün istədikləri vaxt örtünə də, soyuna da bilərlər.

Biz isə düşünməyək, sorğulamayaq, öyrənməyək, amma qapanaq! Oxumayaq, oxutmayaq, gəzməyək, görməyək, amma mütləq qapanaq! Susaq, lap lal olaq, amma qapanaq, ha! Nə olur olsun, savadsızlıqdan törəyən bu qədər fəlakətlər – terror, dini radikalizm, nifrət cinayətləri, ailə-maişət qətlləri, uşaqların ərə verilməsi, bəkarət davaları və s. bütün növ insan faciələri həyatımıza meydan oxusa da, əsas odur ki, qapanaq!

Lənətə gəlmiş əxlaqsız, lüt avropalı kimi azad, xoşbəxt, elmli və mədəni həyat yaşamaq nəyimizə lazımdır! Qapanmalıyıq biz!

Əlaqədar

Bakıda əxlaqsız hərəkətlər edən xalauşaqları saxlanılıb
Azərbaycanlı qadınlar əxlaqsızlıq ittihamı ilə Türkiyədən qovulublar
"Əxlaqsız" baş nazir yenidən səhnədə
Teqlər:
geyinmə, biz, soyunmaq, əxlaq, sənət, mədəniyyət, Avropa

Əsas mövzular