04:38 18 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9267
Türkay Cəfərli

Gənc aktyordan iddia: "Arzuladığım istənilən qadın gec-tez mənimlə sevgili olub"

© Sputnik / Murad Orujov
MƏDƏNİYYƏT
Qısa URL
1016721

Türkay Cəfərli: "Onu desəm, həmin gün mənim öldüyüm gündür"

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 2 sentyabr — Sputnik. Azərbaycanda son illər gənc kinoaktyorların sayı çoxalıb. Xüsusilə sosial şəbəkələrdə tanınıb kamera qarşısına keçənləri də əlavə etsək, filmlərə çəkilən gənclərin sayı kifayət qədərdir. Belə gənc aktyorlardan biri də Mədəniyyət və İncəsənət Universitetinin məzunu, yaratdığı bir neçə obrazla özünü tamaşaçılara sevdirməyi bacarmış Türkay Cəfərlidir. Gənc aktyor Sputnik Azərbaycan-ın suallarını cavablandırıb.

— Aktyorların əksəriyyəti Azərbaycanda çəkilən serialları bəyənmir, amma həmin seriallara çəkilirlər…

Türkay Cəfərli
© Sputnik / Murad Orujov
Türkay Cəfərli

— Doğrudur. Aktyor bir neçə serial təklifinə rədd cavabı verəndən sonra görür ki, iş yoxdur, artıq onu heç yerə dəvət etmirlər. Ondan sonra məcbur olub, gələn serial təkliflərinə "hə" deyir. Bir neçə dəfə "yox" deyəndə rejissorlar həmin aktyorun adını "kaprizli" qoyur, heç bir çəkilişə dəvət etmirlər.

— Sizin seriala münasibətiniz necədir? Film, yoxsa serial?

— Mənim üçün ən böyük hədiyyə filmdir. Aktyorun ən rahat hiss etdiyi və özünü göstərdiyi yer bədii filmdir. İldə 2-3 filmdə çəkilsəm, daha xoşbəxt olaram. Serial ilə bağlı isə qəribə hal yaranıb. Belə ki, serial yayımlananda sevilirsən, serial bitən kimi isə unudulursan. Sosial şəbəkələrdə canlı yayım açanda bəzi izləyicilər yazırlar ki, "tanınan sima olsanız da, sizə baxan azdır, amma özlərini aktyor sayanların izlənmə sayı sizdən qat-qat çoxdur". Onlara izah edirəm ki, mən bayağılıq yox, sənət arxasınca gedirəm. Ona görə mənə o qədər maraq yoxdur.

— Bu gün çəkilən komediyaların səviyyəsi sizi qane edir?

— Komediya yox, 18+ zarafatlar. Maraqlıdır, hamı tənqid edir, amma həmin filmlər kinoteatrlarda izlənmə rekordu vurur. Yaxşı, onda kim baxır həmin komediyalara? Təəssüflər olsun ki, son illər tamaşaçıların zövqü korlanıb. Düşünürəm ki, rəqəmsal texnologiya, internetin mənfi təsirlərindən biri də məhz bizim sahəyə olub. Filmlərin keyfiyyətində və ssenarilərin bayağılığında bu özünü göstərir.

Türkay Cəfərli
© Sputnik / Murad Orujov
Türkay Cəfərli

— Dost olduğunuz rejissorlar var? Dostluğa görə sizi filmlərə dəvət edirlər?

— Xeyir. Əgər istedadın varsa, dost olmadan da dəvətlər olacaq. Amma istedad yoxdursa, rejissora nə desən də, səni dəvət etməyəcək. Rol almaq üçün heç vaxt rejissora, "sən mənim qardaşımsan" deməmişəm. Onu desəm, həmin gün mənim öldüyüm gündür. Şükürlər olsun ki, alnım açıqdır. Müəllimim Vidadi Həsənov həmişə bizə deyirdi ki, "birinci kişi olun, sonra yaxşı ailə başçısı olun, aktyor olmasanız da olar". Bu sözlər mənim üçün dəyərlidir.

— Plastikanız varsa, niyə Dövlət Pantomima Teatrına getmədiniz?

— Getdim. Mənim xarakterim çətindir və qəribədir. Mən olduğum yerdə paxıllıq görürəmsə, ya orada dava etməliyəm, ya da çıxıb getməliyəm. Mən də ikincini seçdim. Hal-hazırda da teatrın kollektivi ilə çox mehribanam və hər biri mənim üçün dəyərlidir. Digər tərəfdən, orada əmək haqqı çox az idi. Bu da mənə sərf eləmirdi.

— Siz həm də reklamlara çəkilirsiniz…

— Bəli, çünki filmlərdə jestlə yox, əsas fikirləri gözlərlə ifadə edirik. Reklam və sosial çarxlarda isə üz jestlərinə üstünlük verilir. Bu da mənə jestlərdən istifadə imkanı verir. Eyni zamanda simaca daha çox tanınmağıma kömək edir.

Türkay Cəfərli
© Sputnik / Murad Orujov
Türkay Cəfərli

— Türkay Cəfərlinin xarizmatik olması sənətində irəliləməyə müsbət təsir göstərir?

— Göstərir. Amma son dönəmlərdə yox. Kişi gözəl olmaz, kişidə şarm olar. Mən görünüşümə görə yox, istedadıma görə tələb olunmağı istəyirəm.

— Məşhurluğunuz şəxsi həyatınıza təsir edir?

— Əlbəttə, edir. 6 ildən çoxdur həyatımda sevdiyim xanım yoxdur. Bir dəfə sevmişəm və ondan sonra sevdiyim qadın olmayıb. Çünki mən bir insandan tez bezirəm. Ən çox sevdiyim hiss isə darıxmaqdır, bir insan üçün darıxmağı çox sevirəm. Amma xanımlar mənə çox yazır, dediklərimi edirlər. Bu da məndə arxayınlıq yaradır. Həm də fikrimcə, qadın yox, kişi sevgilisi ilə daha çox maraqlanmalıdır. Bir də böyük çıxsa da deyəcəm, bu günə kimi arzuladığım istənilən qadın gec-tez mənimlə sevgili olub.

Türkay Cəfərli
© Sputnik / Murad Orujov
Türkay Cəfərli

— Qadından tez bezməyin gələcəkdə ailə həyatı qurmanıza təsir edə bilər?

— Xasiyyətim çətindir. Boynuma ilan salsalar da, dediyim sözdən geri dönmürəm. Hətta mübarizə aparıb, dediyimi qarşı tərəfə də sübut edirəm. Yaxın 5 ildə ailə həyatı qurmaq fikrim yoxdur. Məqsədim karyeramı qurmaqdır. Ondan sonra qarşıma arzuladığım kimi xanım çıxarsa, ailə quraram. Hələ ki, evlənməkdən qorxuram.

Teqlər:
rol, Türkay Cəfərli, serial, rejissor, film, aktyor, reklam

Əsas mövzular