15:24 14 Avqust 2018
Canlı yayım
  • RUB0.0251
  • USD1.7000
  • EUR1.9383
Tural Kərimov

Rejissor: "Çox aşağı məbləğ təklif edirlər, o pula Bakıda heç kirayə qalmaq mümkün deyil"

© Sputnik / Rahim Zakiroğlu
MƏDƏNİYYƏT
Qısa URL
232330

"Üç dəqiqəlik qısametrajlı film üçün 2 ay əlləşirik, çalışırıq"

Rahim Zakiroğlu, Sputnik Azərbayсan

BAKI, 4 avqust — Sputnik. Son zamanlar həvəskar rejissorların sayı artır. Düzdür, əksər rejissorlar həvəskarlıqdan başlayır, sonra peşəkar olurlar. 1992-ci ildə Bakıda doğulan, lakin hazırda Lənkəranda yaşayan Tural Kərimov da özünü rejissor kimi sınayıb. Həvəskar rejissor olan Turalın çəkdiyi 2 qısametrajlı film, artıq ölkə səviyyəli festivalda birinci yerə layiq görülüb.

Tural Kərimov, həmçinin öz üslubunda rep də ifa edir. Elə buna görə də özünə "TourAlone" ləqəbini götürüb. Onun, artıq "Salam olsun cümləmizə" adlı albomu da işıq üzü görüb. Hazırda ikinci "Səsi külək adam" adlı albomunun üzərində iş gedir ki, bu albomun da artıq 3 parçası hazırdır.

Həvəskar rejissor və reper Sputnik Azərbaycan-ın bölgə müxbirinin suallarını cavablandırıb, görəcəyi işlər barəsində danışıb:

— Əvvəlcə istərdik ki, götürdüyünüz "TourAlone" ləqəbinə aydınlıq gətirəsiniz.

— "TourAlone" ləqəbi həm adıma uyğundur, həm də hərfi tərcümədə "tək" və ya "yalnız səyahət" deməkdir. Yəni həyat səyahətinə tək gəlmişəm, dünyadan köçəndə də tək gedəcəyəm.

— Bir neçə işlə məşğulsunuz. Bəs ixtisasınız nədir?

— Biznesin idarə edilməsi ixtisası üzrə oxumuşam, amma öz ixtisasım üzrə işləmirəm. Heç o ixtisası davam etdirmək fikrim də yoxdur. Əvvəldən mədəniyyətə, incəsənətə doğru istiqamətlənəcəyimi bilirdim. Amma nədənsə elə oldu ki, biznesin idarə olunması ixtisasını seçdim və özümü həmin sahədə sınamaq istədim, lakin alınmadı. İstedad məni incəsənətə gətirdi.

— Son zamanlar sosial şəbəkərlərdə "vine"lar daha çox yayılıb, əksəriyyəti də pul qazanmaq üçün "vine" çəkirlər. Siz nəyə görə "vine" deyil, məhz qısametrajlı film çəkməyə üstünlük verdiniz?

— Çünki işlərimdə daha çox keyfiyyət önəm verirəm. Bəlkə də bu bizim inkişafdan dala qalmağımıza gətirib çıxarır. 3 dəqiqəlik qısametrajlı film üçün 2 ay əlləşirik, çalışırıq. Keyfiyyətdən qaçmaq adamı dala salır. Amma "viner"lərə də halal olsun ki, çox video çəkib, paylaşa bilirlər. Məndə o yoxdur. Hətta 6 saniyəlik bir şey olsa da, fikir verəcəyəm ki, keyfiyyətli olsun. Mənim üçün "viner" olmaq önəmli deyil. Həm də qısametrajlı filmlər şəraitsizlikdən çəkiləndir. Həmçinin də qısametrajlı filmlər informasiyanı daha tez çatdırmağa kömək olur. Bu işdə maarifləndirmək məqsədi də var, özümün təcrübə qazanmağım da.

— Özünüzü peşəkar hesab edirsiniz?

— Özümü peşəkar saymıram, bütün bu qısametrajlı filmlər təcrübə qazanmağım üçündür. Düzdür, deməzdim ki, biz asan bir işdən başlamışıq. Qısametrajlı filmi çəkmək o qədər də asan deyil. Bədii filmi uzun-uzadı çatdırmaq üçün çox şey etmək olar. Amma qısametrajlı film elədir ki, qısa şəkildə bir fikri ortaya qoya, tamaşaçıya çatdıra biləsən.

— Bəs, tammetrajlı filmlər çəkmək barədə düşünürsünüz?

— Əlbəttə, gələcəkdə bədii tammetrajlı filmlərdə çalışmaq planda var. Hazırda çəkdiyimiz qısametrajlı filmlərin tərcüməsi ilə məşğuluq. Ən azından gələcəkdə sosial şəbəkələrdə yerləşdirək və yaxud hər hansı başqa festivala göndərək. Bu da xaricdə çalışmaq məqsədi daşıyır. Bundan sonra da çalışacağam ki, çəkdiyimiz filmləri ingilis dilində subtitrlərlə montaj edib, video portallara yerləşdirək ki, daha çox adam baxıb anlasın. Əsas odur!

— İki qısametrajlı filminiz festivalda qalib gəlib. Həmin filmləri çəkəndə məqsədiniz nə idi? Festivalda qalib olmaq, yoxsa sırf izləyiziləri maarifləndirmək?

— "Əsas məqsəd maarifləndirməkdir, təbii ki. Bu ilin may ayında Anarın seçilmiş əsərlərinə həsr edilmiş "Kitab və Qutab" adlı buktreylerim III Buktreylər festivalında qalib oldu. 2 ay sonra da Gənclər və İdman Nazirliyinin və "MZ Production"un birgə təşkilatçılığı ilə keçirilən İnsan hüquqlarına dair qısametrajlı filmlər müsabiqəsində də "Cəza" adlı qısametrajlı filmimiz qalib gəldi. Mən bu hər iki filmin həm rejissoru, həm də ssenaristiyəm. "Kitab və qutab" filmində daha çox mütaliəyə həvəsi artırmışdım. Hətta film çəkənlərin çəkdikləri əsər barədə məlumatsızlığına, paxıllıq mövzularına toxunmuşdum. Çalışmışdım ki, nə çəkdiyimizi başa düşsünlər. Həmçinin çalışdım ki, kitabın bəzən filmdən daha çox maraqlı olduğunu göstərim.

2018-ci ilin may ayında Turalın Kitab və Qutab adlı buktreyleri III Buktreylər festivalında qalib olub
© Foto T.Kərimov tərəfindən təqdim olunub
2018-ci ilin may ayında Turalın "Kitab və Qutab" adlı buktreyleri III Buktreylər festivalında qalib olub

— Bəs, "Cəzada"?

— "Cəza" filmində isə tam fərqli bir mövzuya toxundum. Hətta deyərdim ki, dünyada bu mövzuya çox az toxunulub. Burada mövzu keçmiş məhbusların cəmiyyətə inteqrasiyasıdır. Yəni belə sosial videoçarxları axtarsaq da tapa bilmərik. Tam orijinal ssenari ilə bu mövzuya toxunduq və məncə həmin o 3 dəqiqə ərzində istədiyimizi bəzi insanlara göstərə bildik. Keçmiş məhbusların adından həyata baxışı, çəkdikləri çətinliyi, sosial adaptasiya problemlərini göstərdik.

— Belə başa düşdüm ki, siz rejissorluqla yanaşı ssenari də yazırsınız. Hansı daha çox yaxındır ruhunuza, hansı sahədə özünüzü daha güclü hesab edirsiniz?

— İstər "Cəza"da, istərsə də "Kitab-qutab"da çalışmışam ki, orijinallığı qoruyum. Bu da həqiqətdir ki, adam nədənsə şüuraltı təsirlənir, amma baxan bilir ki, bu Azərbaycan reallığıdır və yaxud belə bir yanaşma heç kim tərəfindən ola bilməzdi və bu sırf orijinal fikirdir. Bu fikri çatdırmaq da bir bacarıq tələb edir. İdeya super ola bilər. Hər şey ssenaridən asılıdır. Ssenari o qədər gözəl olmalıdır ki, hətta sənin zəif rejissorluğun belə, gözəl görünsün. Mənim də iddiam, əsasən, ssenari yazmağadır, ssenaristliyədir. Bu sahədə özümü daha güclü saya bilərəm, nəinki rejissorluqda.

İnsan hüquqlarına dair qısametrajlı filmlər müsabiqəsində I yerə layiq görülmüş Tural Kərimov kinoşünas, rejissor Ayaz Salayevlə
© Foto T.Kərimov tərəfindən təqdim olunub
İnsan hüquqlarına dair qısametrajlı filmlər müsabiqəsində I yerə layiq görülmüş Tural Kərimov kinoşünas, rejissor Ayaz Salayevlə

— Nə kimi çətinliklərlə, problemlərlə üzləşirsiniz?

— Əsas çətinliyimiz bölgədə fəaliyyət göstərməyimizdir. Həm də avadanlıq baxımından çətinliklərimiz var. Hələ də yaradıcı komanda formalaşmayıb. Nə qədər həvəsə iş görsək də, bir müddət sonra maddiyyata bağlılıq yaranır. Yəni müəyyən qədər maddiyyat da olmalıdır ki, inkişaf da olsun və daha yaxşı işlər görə bilək. Digər çətinlik isə odur ki, mühit tam formalaşmayanda bir adam 5 işi görür. Daim çalışmışam ki, ssenari yazdımsa, mümkün şəraitə görə hər işin peşəkarını cəlb edim. Aktyor seçimi baxımından da bir az çətinliklər olur. Elə rollar var ki, həvəskar aktyorlara üz tuturam, amma elə rollar da olur ki, çalışırıq, peşəkar aktyorlara müraciət edək.

— Sizə təmənnasız dəstək və ya yardım edənlər olurmu?

— Çox sağ olsunlar, bu vaxta qədər Lənkəran Dövlət Dram Teatrından köməkliklər olub. Heç bir maddiyyat güdmədən bizə köməklik göstəriblər. Lakin çalışmışam ki, qalib gəldiyim festivallarda aldığım mükafatları düzgün şəkildə bölüşdürüm. Çəkiliş məkanlarını da çox vaxt çalışırıq ki, tanıdığımız yerlərə gedək. Amma çəkiliş üçün xüsusi icazə aldığımız yerlər də olub. Artıq bizi də tanımaya başlayıblar və sağ olsunlar, adımız çəkiləndə bilirlər ki, ortaya keyfiyyətli iş qoyacağıq, ona görə də icazə verirlər. Bəzən çox az məbləğdə qonorar ayırırlar ki, bu çəkilişi edin və sairə. Biz ortaya sənət qoyuruq, ağzımıza gələni deyil, beynimizə gələni çəkirik. Telefonla, ya da "Instagram" üçün bir dəqiqəlik video çəkmirik.

İnsan hüquqlarına dair qısametrajlı filmlər müsabiqəsində T.Kərimovun Cəza filminə baxış
© Foto T.Kərimov tərəfindən təqdim olunub
İnsan hüquqlarına dair qısametrajlı filmlər müsabiqəsində T.Kərimovun "Cəza" filminə baxış

— İşlərinizi izləyib, dəyərləndirənlərdən hansısa təkliflər alırsınız?

— Hər festival bizə dəyərli insanlar qazandırdı və onlardan müəyyən təkliflər gəlib. Hazırda serial ssenarisi ilə bağlı təklif də var. Gələn təkliflərin hamısı Bakıdandır. Bəzi təkliflər də oldu ki, özüm imtina etdim. Açığı deyim, çox aşağı məbləğ təklif edirdilər. Çünki onların dedikləri pula Bakıda heç kirayə qalmaq mümkün deyil. Amma çox dəyərli insanlar tanıdım. İnşallah onların köməkliyi ilə zirvələrə qalxacağıq.

Əlaqədar

Rejissor Elvin Abdulla “EuroAsia İnternational Film Festival”ı haqqında danışır
Populyar serialın rejissoru: "Tamaşaçıların gözləmədiyi bir final olacaq"
Azərbaycanlı aktrisanı zorladığı iddia edilən məşhur rejissor 20 il iş ala bilər
"O rejissorla işləsəm, anamın südü mənə qənim olsun"

Əsas mövzular