21:04 18 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0259
  • USD1.7000
  • EUR1.9550
Yazar, arxiv şəkli

Şair kimdir? Şeir nədir?

CC0 / Pexels / Writer
MƏDƏNİYYƏT
Qısa URL
Orxan BAHADIRSOY
132 0 0

Doğrusu, hərdən özüm də uzun-uzun düşünürəm: şair kimdir, şeir nədir?

BAKI, 5 iyun — Sputnik. Sənət elə bir varlıqdır ki, onu hər zaman, hər yerdə və hər bir nəsnədən yaratmaq olar. Daşdan da, qumdan da, kağızdan da, parçadan da sənət doğulur. Şeir də sözün sənətə çevrilmiş şəklidir və sözdən sənət yaradan adamlar şair adlandırılır. Lakin sözdən sənət yaratmaqla sənətdən söz yaratmaq arasında ciddi fərq var.

Yaxın keçmişdən etibarən 5 iyun Azərbaycanda şairlər günü kimi qeyd olunur. Həm də Mikayıl Müşfiqin doğum günü olan bu tarixin şairlər günü kimi qeyd olunması Gənc Şairlər Birliyinin təklifindən sonra başladı.

Əvvəla, sözdən sənət yaradan bütün şairləri bu gün münasibəti ilə təbrik edirəm. Əslində, şairlər hər gün bir ömür yaşayır və əgər bu yaşamaq yaratmaq adınadırsa, dünya durduqca bütün günlər yaradanlarındır. Amma bu sayılı dünya günlərindən birini də şairlərə ayırmaq qəbahət sayılmaz yəqin. Sənətdən söz yaradanlar isə bu təbrikdən uzaqdadır. Çünki sənətdən söz yaratmağı hər kəs bacarar, sözdən sənət yaratmaq isə sənətkarın işidir.

İndi də gələk sözdən sənət yaratmaqla sənətdən söz yaratmağın fərqinə. Bir söz elə bir sözdür. Bir neçə söz bir cümlədir. Bir neçə cümlə mətndir. Lakin bunların heç biri hələ sənət demək deyil. Bunlar sadəcə danışıq və yazıdır. Bu sözlərin və cümlələrin sənətə çevrilməsi üçün onlar poetik ahəngə, geniş məna çalarlarına, obrazlı təsvirlərə, bənzətmələrə, köçürmələrə, şişirtmələrə və kiçiltmələrə, bədii təyinlərə qovuşmalıdır. Yaradılan şeirdirsə, bura misralar, vəznlər, bölgülər, qafiyələr, hecalar, hətta hərflər belə daxil olur.

Nəticədə, əgər istər bütün sevinclərin, istərsə də kədərlərin ən gözəl, ən qeyri-adi və həm də ən təbii təsviri yaranıbsa, o zaman şeir yaranıb deməkdir. Yəni, sözdən sənət yaranıb. Yox, əgər adi cümlələrə birazca təşbeh, metafora, litota, mübaliğə, epitet əlavə olunub və şeirə bənzəsin deyə cümlələr alt-alta düzülübsə, demək, sənətdən söz yaranıb. Müəllif çalışıb ki, sənət adı ilə söz yaratsın və bunu da oxuculara şeir kimi təqdim eləsin.

Məsələ qafiyədə, misradaxili bölgüdə deyil. Şeirin vəznlərindən biri də sərbəst vəzndir. Amma sərbəst vəznin də məhz sənət üçün məhdudlaşmış normaları var. Burda yaradıcılığa heç bir əngəl qoyulmayıb. Fikir yanlış anlaşılmasın. Söhbət sənət yaratmaqdan gedirsə, hər şeydə olduğu kimi yaradıcılıqda da müəyyən şərtlər var və azadlıq adı ilə bu qaydalar tapdalanarsa, sözdən yaranmış sənət yox, sənətdən yaranmış söz ərsəyə gələr.

Sənət təkcə başqalarının deyə bilmədiklərini demək deyil, həm də başqalarının deyə bilmədiyi tərzdə deməkdir. Müasir şairlərimiz ədəbiyyat nəzəriyyəsini köhnəlik hesab edir, yeniliklər yaratmağa çalışır. Buna kimin nə sözü? Bacara bilən hər kəsin haqqıdır yenilik! Lakin bu yenilik adı ilə sənəti adiləşdirmək cəhdi, sənətkarlıq yox, həyasızlıqdır.

Nə yaxşı ki, bu gün məhz Mikayıl Müşfiqin doğum günüdür. Çünki öz dövründə poeziyada ən böyük yeniliyi elə Müşfiq eləmişdi. O, həm də ayrıca bir vəzn yaratmışdı. Elə bir vəzn ki, ondan sonra heç kim o tərzdə yaza bilmədi. Mikayıl Müşfiqin "Oxu, tar", "Zəfər səsləri" şeirləri bizə məlum olan heç bir vəznə uyğun gəlmir. Bu, tamam başqa vəzn idi və təkcə Müşfiqə aid idi.

Sərbəst vəznlə hecə vəzninin sintezindən yaranmış bu yeni vəzn elə Müşfiq vəzni olaraq tanınmaqdadır. Bu, elə bir yenilik idi ki, qəbul edilməməsi üçün heç bir səbəb yox idi. Nəzəri qaydalar, poetik güc, məna və məzmun, təsvir, ahəng, ritm – hər şey yerli yerində yazılmışdı və yaradılmışdı. Ona görə də qəbul edildi və sevildi.

Məhəllə söhbətlərini, küçə danışıqlarını, yeniyetmə macəralarına bənzər bütün növ çərənnəmələri şeir intonasiyası ilə oxuyub adını yeni sənət növü, inqilab, modern poeziya filan qoymaq ən yaxşı halda məsxərə qazandırar. Bu cür həyasızlıqları sənət də, cəmiyyətdə ələ salar və ən qısa müddətdə unudar. Qalan isə yalnız sənət və sənətkar olacaq!

Gününüz mübarək, şairlər! Təbiniz rəvan olsun!

Əlaqədar

Məşhur şairimizin oğlunu öldürənlərə hökm oxundu
"Xalqın şairi" kimdir?
Dahi şair dünyasını dəyişdi
Parisdə görkəmli şairimizin kitabı təqdim olunub
Şair İlyas Tapdıq vəfat edib
Teqlər:
şeir, şair, söz, sənət

Əsas mövzular