21:11 20 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
MƏDƏNİYYƏT
Qısa URL
267 0 0

Dram yazmağın əsas qaydaları və Əsərinizi qaydalara deyil, qaydaları əsərinizə uyğunlaşdırın!

BAKI, 24 may — Sputnik. Əksər gənc ədiblər dram əsəri yazmaqdan çəkinirlər. Bu barədə həmkarlarımla bir neçə dəfə söhbət etmişəm. Onlar pyes yazmaq istədiklərini, amma nəzəri və praktiki qaydaları bilmədiklərini, təcrübələri olmadığı üçün cəhd etməkdən çəkindiklərini dilə gətirirlər. Bu yazıda pyes yazmaq istəyən hər kəs üçün öz bilik və təcrübələrimi acizanə bölüşmək istəyirəm.

Əslində, istedadı, təxəyyülü və biliyi olan heç bir yazıçı üçün dram yazmaq çətin deyil. Lakin şeir, hekayə, roman yazmaqdan fərqli olaraq, pyes yazmaq üçün teatrı bilmək, teatrı tanımaq, pərdədən avansenaya, projektorlardan rekvizitlərə qədər hər şeyi görmək lazımdır.

Bir pyesi yazmağa başlamaq üçün, əvvəlcə, cərəyan edən hadisələrin məkanını və zamanını dəqiqliklə təyin etməlisiz. Siz məkanı zamana, obrazlarınızı isə həm məkana, həm də zamana uyğunlaşdırmalısınız. Dram əsəri yazarkan ən çox diqqət tələb edən nüans budur.

Obrazlarınızı canlandıran aktyor və aktrisaları görməyə çalışın. Pyesi teatr səhnəsində izləyərək yazın. Obrazların yerini, mimika və jestlərini, danışıq tərzlərini, bədən hərəkətlərini, ədalarını təyin edin. Bu obrazların hər biri hansısa aktyor və aktrisanın ifasında gözünüzün önündə canlanmalıdır. Belə olanda pyesi yazmaqdan həm də həzz alacaqsınız.

Təsvir etdiyiniz heç bir obrazı oxucu və ya tamaşaçı üçün ideal etməyin. Pyes mütaliədən daha çox teatr səhnəsində izlənildiyi üçün, ideallaşmış və ya tamamilə mənfurlaşmış obrazlar tamaşaçıya absurd görünür. Ən mənfi qəhrəmanınızı da onlara sevdirin. Tamamilə mənfur bir xarakter təsvir etsəniz belə, heç olmasa geyimi, danışıq tərzi ilə onu gözəlləşdirin. Ən müsbət qəhrəmanınızın da mənfi cəhətlərini göstərin. Oxucu və ya tamaşaçı yaxşısı və pisi ilə bütün qəhrəmanlarınızı sevməlidir.

Dram əsərində ən kiçik epizod belə, hər hansı məqsədi daşımalıdır. Bütün obrazlarınız müəyyən ideyanın ötürücüsü olmalıdır. Komediya yazırsızsa, güldürmək xətrinə, faciə yazırsızsa, ağlatmaq xətrinə söz uydurmayın. Komediyanı da, faciəni də sizin qəhrəmanlarınız yox, onların yaşadığı hadisələr yaratmalıdır. Sözlə güldürməyə və ya sözlə ağlatmağa deyil, hadisə ilə təsirləndirməyə və düşündürməyə çalışın.

Dialoqlarınız inandırıcı olmalıdır. Söylənən hər bir fikir oxucuya və ya tamaşaçıya bütün mənası ilə nüfuz etməlidir. Siz hər hansı bir qəhrəmanınızın dili ilə uzun-uzadı danışıq verə bilərsiz (teatr dilində buna sözçülük deyilir), amma o uzun danışığın məzmunda əhəmiyyəti olmalıdır. Vaxt aparsın, həcm böyütsün, gülüş yaratsın və ya kövrəltsin deyə lüzumsuz danışıqlarla əsərinizi doldurmayın.

Hər cümləniz "Bu cümlə niyə deyildi?" sualına dəqiq, konkret cavab verməlidir. Obrazların hər hərəkətinin bir anlamı, mahiyyəti olmalıdır. Hətta ən lazımsız hərəkətin və ya sözün də lazımsızlığına bəraət qazandırmalısız. Bunu qəhrəmanınızın xarakterinə uyğun olaraq həll edə bilərsiz.

Siz əsəri konfliktlərlə zənginləşdirmək, maraq və həyəcan yaratmaq istərkən, bütün əməyinizi puç edə bilərsiz. Əgər bu konfliktlərin düzülüşündə qarışıqlılığa yol versəniz, o zaman yazdığınızı sizdən başqa heç kəs anlamayacaq. Dram əsərlərində tez-tez rast gəldiyimiz problemlərdən biri də budur. Konfliktlərin yaranması və həlli ardıcıllıq təşkil etməli, incəliklə işlənilməlidir. Əsərinizin müəyyən hissəsi sözçülüklə, konfliktsiz keçməsin deyə ora süni şəkildə konflikt əlavə etməyin. Müəyyən məna və məqsəd daşıyan sözçülük, süni konfliktdən daha yaxşıdır.

Unutmayın, siz hekayə, povest, roman yox, dram əsəri yazırsız. Dram əsərlərində müəllifin dili ilə verilən cümlələr, yəni remarkalar zamanı, məkanı və hərəkətləri oxucuya (və ya rejissora, aktyora, aktrisaya) çatdırmaq üçündür. Remarkalarda geniş təsvir vasitələrindən istifadə etmək mənasızdır.

20-ci əsrin sonlarına qədər yazılan əksər dram əsərlərində roman təsvirlərinə rast gəlmək olur. Bu pyes üçün uğursuz hesab edilir. Müasir dram əsərində uzun-uzadı bədii təsvirlərə deyil, konkret təsvirlərə üstünlük verilir. Yazdığınız hər pyesin bir teatr tamaşası olduğunu düşünün. O zaman tamaşaçıların sizin yazdığınız təsvirləri bədii dildə oxuduğunu yox, konkret formada gördüyünü anlayacaqsız.

Əgər bir dramaturq öz yazdığı dram əsərinə teatr səhnəsində quruluş verə bilməzsə, demək ki, yazdığı dram əsəri də uğurlu olmayacaq. Müəllif yazdığı mövzunu və məzmunu rejissordan daha dəqiq, daha geniş bildiyi üçün öz əsərinə səhnə quruluşu verməyi də bacarmalıdır. Əlbəttə, bu, bir rejissorluq istedadı deyil! Elə olsaydı, dramaturqlar həm də rejissor olardı.

Lakin müəllif öz pyesinin xəyalən rejissoru olmalıdır. Həm aktyor, həm aktrisa olmağı da bilməlidir. Yaratdığı hər bir qəhrəmanın obrazını öz daxilində yaşamalıdır. Qəhrəmanların keçirdiyi hissləri bir aktyor, aktrisa kimi duymalıdır. Belə olanda, dialoqlar daha real, hadisələr daha inandırıcı, hərəkətlər daha anlamlı olur.

Yaradıcılıqda qaydalar önəmlidir, amma yaradıcılıq qaydaları sevmir. Əgər siz dram əsəri yazanda bütün nəzəri və praktiki qaydaların tətbiqinə yönəlsəniz, sizin pyesiniz uğurlu olmayacaq. Bütün qaydaları bilin və öyrənin, amma düşündüyünüzü və göstərmək istədiyinizi yazın. Əgər sizin əsərinizin mövzusu və məzmunu əhəmiyyətli və maraqlı olarsa, bütün bu qaydalar da əsəri yazdıqca öz yerini tapacaq. Əsərinizi qaydalara deyil, qaydaları əsərinizə uyğunlaşdırın!

Əlaqədar

İki dahimizin yadigarı olan 80 yaşlı dramaturq
Milli Dram Teatrda "Xəcalət"
Əməkdar artist: "Məni imtahandan kəsən müəllim tamaşada ayağımın altına gül qoyub"
Zeynallı: “Azdrama” tamaşaçı qıtlığı yaşamır
Teqlər:
hekayə, janr, dram əsəri, roman, əsər, pyes, komediya, ədib, faciə

Əsas mövzular