05:16 16 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.8748
Elçin Əfəndiyev

Sənət Əfəndiyev hegemoniyasından qurtuldumu?

MƏDƏNİYYƏT
Qısa URL
846 0 0

Bir rejissor öz maddi mənfəətləri uğruna teatr səhnəsini Əfəndiyevlərin yaradıcılığı ilə işğal edirsə, ortada sənətdən və sənət sevgisindən söhbət gedə bilməz!

BAKI, 3 may — Sputnik. Məlum olduğu kimi, yazıçı-dramaturq Elçin Əfəndiyev baş nazirin müavini vəzifəsindən uzaqlaşdırılıb. Xatırladım ki, uzun illər bu vəzifədə çalışan Elçin Əfəndiyev yazıçı-dramaturq İlyas Əfəndiyevin oğludur. İlyas Əfəndiyevin ikinci oğlu Timuçin Əfəndiyev də 1987-ci ildən 2014-cü ilə qədər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru vəzifəsində çalışıb, 2014-cü ildən bu günə qədər isə Bakı Xoreoqrafiya Akademiyasının rektorudur.

Mətləbə keçməzdən əvvəl bir məqamı dönə-dönə vurğulamaq istəyirəm ki, mən nə İlyas Əfəndiyevin, nə də Elçin Əfəndiyevin yaradıcılığını təhlil-tənqid etmək niyyətindəyəm. Hər iki müəllif Azərbaycan ədəbiyyatına, xüsusən də dramaturgiyasına kifayət qədər yeniliklər gətirib və dəyərli əsərlər yazıblar. İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən", "Unuda bilmirəm", "Mənim günahım", "On manatlıq lüstr" pyeslərini, Elçin Əfəndiyevin isə "Şekspir" və "Qatil" pyeslərini buna nümunə göstərmək olar.

Uzun sözün qısası, mənim giley-güzarım bu yazıçılardan və onların yaradıcılığından deyil, Elçin Əfəndiyev baş nazirin müavini olduğu müddət ərzində ona yarınmaq üçün teatrların repertuarını Əfəndiyev imzası ilə dolduran Mədəniyyət Nazirliyindən, teatr direktorlarından və rejissorlarındandır.

Mədəniyyət və İncəsənət Universitetində təhsil aldığım müddət ərzində səhnə danışığından mənə dərs deyən müəllimim, aktyor Azad Şükürovdan bir dəfə soruşdum ki, niyə Timuçin Əfəndiyev Universitetin rektorudur deyə və Elçin Əfəndiyev baş nazirin müavinidir deyə, Universitetin tələbələri Əfəndiyevlərdən pyeslər səhnələşdirməyə məhkum ediliblər və teatr aktyorları, aktrisaları da bu müəlliflərin pyeslərindəki qəhrəmanları canlandırmağa məcbur olunublar? Azad müəllimin cavabı belə oldu ki, "nə İlyas Əfəndiyevin, nə də Elçin Əfəndiyevin əsərlərinin zorla səhnələşdirilməsinə ehtiyacı var. Hər iki dramaturqun səhnələşdirilməyə layiq kifayət qədər pyesləri mövcuddur".

Belə aydın olur ki, həm universitet müəllimləri tələbələrə məcburən Əfəndiyevlərdən əsər götürmələrini tapşırır, həm də Mədəniyyət Nazirliyi, teatr direktorları və rejissorları yarınmaq, yaltaqlanmaq, vəzifə və fəxri ad əldə etmək üçün Əfəndiyevlərin yaradıcılığına müraciət edirlər.

Bu, ilk növbədə sənətə xəyanətdir! Bir rejissor, bir aktyor öz maddi mənfəətləri uğruna teatr səhnəsini Əfəndiyevlərin yaradıcılığı ilə işğal edirsə, ortada sənətdən və sənət sevgisindən söhbət gedə bilməz!

2000-ci ildən indiyə qədər ölkənin müxtəlif teatrlarında və ADMİU-da Əfəndiyevlər qədər səhnələşdirilən başqa bir müəllif tapmaq mümkün deyil. Bu illər ərzində İlyas Əfəndiyevin "Qarabağnamə", "Atayevlər ailəsi", "Mənim günahım", "On manatlıq lüstr", "Məhv olmuş gündəliklər", "Sən həmişə mənimləsən" və başqa pyesləri, Elçin Əfəndiyevin isə "Qatil", "Şekspir", "Cəhənnəm sakinləri", "Arılar arasında", "Teleskop", "Mənim sevimli dəlim", "Sənətkarın taleyi" və başqa əsərləri səhnləşdirilib.

Bu yerdə olduqca gülməli bir məqamı da nəzərinizə çatdırmaq istəyirəm: Akademik Milli Dram Teatrının 2018-ci ilin aprel ayı üçün olan repertuarında Əfəndiyevlərə məxsus dörd tamaşa yer tutduğu halda, 2018-ci ilin may ayı üçün olan repertuarda Əfəndiyev imzası ilə cəmi bir tamaşa var. Çünki aprel ayının 21-dən etibarən Elçin Əfəndiyev baş nazirin müavini vəzifəsində çalışmır.

Görünür, Mədəniyyət Nazirliyi, teatr direktorları və rejissorlar hazır-nəzir dayanıblar ki, yenicə vəzifələrə təyin olunmuş şəxslərdən kimlər pyes yazacaq, onlar da öz maddi mənfəətləri üçün teatr səhnələrini yeni imzaların hegemoniyasına qurban verəcəklər!

Bunlar bir yana, Azər Paşa Nemətov Elçin Əfəndiyevin "Cəhənnəm sakinləri" pyesini yenicə səhnələşdirmişdi. Heyif oldu! Başqa teatrlarda da Əfəndiyevlərə məxsus əsərlərin məşqləri gedirdi. Görəsən, onlar hansı həvəslə təqdimat edəcəklər? Axı vəzifə və fəxri ad daha Elçin Əfəndiyevdən gəlməyəcək!

Əlaqədar

Fikrət Qocaya “Şərəf” ordeni, Timuçin Əfəndiyevə fəxri diplom
Məşhur aktyor: "Azərbaycanda teatr binaları var, amma teatr yoxdur"
Dövlət teatrındakı əlbəyaxa dava yuxarı müstəviyə daşındı
Aktyor: “Bizim teatrda boş yer olmur”
Teqlər:
Mədəniyyət və İncəsənət Universiteti, müəllif, direktor, Elçin Əfəndiyev, dramaturq, dəyişiklik, pyes, səhnə, İlyas Əfəndiyev, fəxri ad, Mədəniyyət Nazirliyi, teatr, rejissor, rektor, yazıçı, aktyor, vəzifə, tamaşa, baş nazirin müavini

Əsas mövzular