20:27 18 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0257
  • EUR1.8876
Asif Abramov

Həyəcan siqnalı: Böyük sərvətimizi məhv edirik

© Photo : Asif Abramovun şəxsi arxivindən
MƏDƏNİYYƏT
Qısa URL
665 0 0

Asif Abramov: "Kinonu tanış-bilişə, qohum-əqrəbaya, qeyri-peşəkarlara həvələ edirik"

Orxan Bahadırsoy, Sputnik Azərbaycan

BAKI, 22 mart — Sputnik. Bir dönəm onun çəkdiyi "Qisas" serialı böyük səs-küyə səbəb oldu. Artıq uzun müddətdir ki, Azərbaycan teleməkanında onun imzası olan seriala, filmə rast gəlmirik. Beləliklə, Sputnik Azərbaycan-ın müsahibi tanınmış rejissor Asif Abramovdur.

— Asif bəy, bizə həm şəxsi, həm də sənət həyatınız haqqında danışın, zəhmət olmasa.

— Mən Asif Abramov. 45 yaşım var. 1972-ci ildə Xaçmaz şəhərində anadan olmuşam. Məktəbi bitirəndən sonra Rusiyada, Saratov şəhərində rejissorluq üzrə təhsil almışam. Bir müddət Saratovun "İftoraya Qorodnaya" telekanalında çalışmışam. Amma həmişə arzum olub ki, Azərbaycana gəlim, burda kino sahəsində işləyim, püxtələşim. Mən gələn vaxtda isə böhran dövrü idi, Azərbaycanda film çəkilmirdi və məcburən televiziyalarda çalışmağa başladım. Azərbaycan Televiziyasında, "Space", "Aba" telekanallarında işlədim və orda müxtəlif verilişlərin aparıcısı və rejissoru oldum.

— Siz Azərbaycana gələndə neçənci illər idi ki, həmin dönəmdə film çəkilmirdi?

— 1993-1994-cü illər "Azərbaycanfilm" kinostudiyasında, ümumiyyətlə, fəaliyyət dayanmışdı. Kinolar istehsal olunmurdu.

— Azərbaycanda kino və serial sahəsindəki fəaliyyətiniz nə vaxt başladı?

— Bir neçə il əvvəl mən Türkiyəyə getmişdim. Müxtəlif serialların çəkilişində iştirak etdim. Öz hesabıma təcrübə toplamağa çalışırdım. Sonradan öyrəndim ki, Azərbaycanda serial sektoru fəaliyyətə başlayır. Mən döndüm Azərbaycana. İlk iki sinopsisimi "Lider" Televiziyasına təqdim etdim. Bəyənildi və həmin televiziyada iki serialım yayımlandı. Biri "Muradına çatan günəş" serialı 2012-cü ildə, digəri "Qisas" serialı 2013-cü ildə çəkildi. "Qisas" serialı tamaşaçılar tərəfindən ən yaxşı serial kimi bəyənildi.

— Hal-hazırda Azərbaycandakı kino və serial sektorunun vəziyyətindən razısınızmı? Hansı problemləri görürsüz bu sahədə?

— Razı deyiləm. Ona görə ki, Azərbaycan kinosunun böyük tarixi var və bizim kinomuz inkişaf edəndə türklərdə keyfiyyətli film yox idi, onların aktyor və aktrisaları bizimkilər kimi professional deyildilər, amma getdikcə onlar püxtələşdilər, inkişaf etdilər, biz isə geriyə getdik. Onlar öz rejissorlarını, aktyorlarını, operatorlarını xaricə göndərdilər oxumağa. Biz isə həvəskar fəaliyyətə başladıq. Kinonu tanış-bilişə, qohum-əqrəbaya, qeyri-peşəkarlara həvələ etdik. Beləliklə keyfiyyətsiz filmlər, seriallar ərsəyə gəldi.

Bir şeyi də deyim ki, Azərbaycan aktyorları Türkiyə aktyorlarından qat-qat istedadlıdırlar. Sadəcə bizim həmin aktyorlara şərait yaratmırlar. Kino və seriallarda həmin istedadlı aktyorları istifadə etmirlər. Çünki onlara bir az çox pul vermək lazım olacaq, amma tanış-biliş, qohum-əqrəbanı çəkəndə az pul çıxacaq. Qıraqdan baxanda isə elə görünür ki, Azərbaycanda professional aktyor yoxdur, istedadlı aktyor yoxdur. Çünki ekranda olanlar peşəkarlar deyil. Bəzi aktyorlarımız isə deyir ki, biz də türk aktyorları kimi 200-300 min alsaydıq, biz də həvəslə oynayardıq. Elə deyil. Həvəs pula baxmır. Əgər insanın istedadı və sənətinə sevgisi varsa, fərqi yoxdur ona 10 manat ver, ya da 100 manat ver, o adam o rolu oynayacaq. Oynamırsa, deməli, öz işinə hörmət etmir.

— Bəs hansı rejissorlarımızın işini bəyənirsiz?

— Bizim çox yaxşı rejissorlarımız var. Elxan Cəfərov var, Ülviyyə Könül var. Bunları yada salmırlar. Çünki Elxan Cəfərovu, Ülviyyə Könülü, Asif Abramovu çağırsalar, bunlara bir az çox pul verməli olacaqlar. Ona görə gənc, yeni başlayan rejissorlara birbaşa kino və serial həvalə edirlər. Sovet vaxtında elə deyildi. Kimsə rejissorluğu oxuyub, bitirib, diplomu əlinə alırdısa, o, heç olmasa hansısa filmdə assistent kimi işləməli idi ki, təcrübə qazansın. İndi isə təcrübəsiz rejissora kino, serial verirlər, o da aktyorla işləyə bilmir, nəticədə zay məhsullar yaranır.

— Bu yaxınlarda iştirak etdiyiniz televiziya verilişlərindən birində sizinlə bərabər qonaq olan Musiqili Teatrın aktrisası Gültac Əlili dedi ki, "Teatr aktyorlarına teatrlaşmış aktyorlar deyib kinoya, seriala çəkmirlər. İddia edirlər ki, onların pafosları var, onlar kino üçün uğurlu deyillər və s". Siz bir rejissor kimi bu barədə nə düşünürsüz?

— Mən o xanımla razıyam. Amma bu, düzgün proses deyil. Azərbaycanın keçmiş kino aktyorlarına, aktrisaların baxanda görürük ki, onların əksəriyyəti teatrdan çıxıblar. Ümumiyyətlə, hər bir aktyorun məktəbi olmalıdır. Məktəb də teatrdır. Teatr müqəddəs bir yerdir və orda oynayan aktyor öz obrazını daha tez qavrayır, daha tez duyur rejissoru. Əfsuslar olsun ki, bizdə əksinədir. Bilirsiz, Türkiyədə hansısa model aktyor olur, niyə də bizdə olmasın deyə düşünürlər, amma bilmirlər ki, o modellər neçə aylıq, bəzən illik kurslar keçirlər, daha sonra kiçik rollarda təcrübələr toplayırlar, sonra gəlib baş obrazlar ifa edirlər. Bizdə də isə heç bir təhsili, təcrübəsi olmayan modeli gətirib birbaşa baş obraza təyin edirlər.

Kino dramaturgiyadan başlayır. Bizdə yaxşı dramaturq, yaxşı ssenarist yoxdur. Aktyorun obraza həvəsinin olması üçün əlində yaxşı material olmalıdır. Mən aktyorları qınamıram. Onların iki qazanc yeri var: teatr və kino. Məcburdurlar ki, pul qazanmaq üçün gedib qeyri-peşəkar adamların filminə, serialına çəkilsinlər.

— Yeri gəlmişkən, teatr aktyorları barədə danışanda çox maraqlı bir məqama toxundunuz ki, sovet dövrü filmlərimizdəki aktyor, aktrisaların böyük qismi teatrdan çıxmışdılar. İndiki rejissorların gileyləndiyi sünilik, pafos onlarda yox idi. Məsələn, Nəsibə Zeynalova teatr səhnəsində parlamışdı və kinomuzun gəlmiş-keçmiş ən təbii ifası olan aktrisasıdır. Niyə indi teatrdan çıxan aktyorlar pafoslu hesab olunur ki?

— Məlik Dadaşov, Həsənağa Turabov, Adil İsgəndərov da teatrdan çıxıblar. Çox da təbii ifaları olan aktyorlardır. İndi isə problem həm də teatr rejissorlarındadır. Çünki o teatr rejissorları da professional deyil. Mən gedirəm Rusiyaya və çox xoşum gəlir. Orda teatra bilet tapılmır. Əldə bilet satırlar 200-300 dollara. Niyə? Çünki Dostoyevskinin, Turgenevin əsərlərini səhnələşdirirlər. O əsərləri elə müasir səhnəyə uyğunlaşdırırlar ki, tamaşaçını da heyrətdə saxlayırlar. Bizim rejissorlar isə monotondurlar, əsər necədirsə, elə də səhnəyə qoyurlar. Universitetdən teatra gələn aktyorlar da həmişə eyni şey görürlər, qəlibə düşürlər.

— Bəs kino və serialda gördüyünüz problemləri aradan qaldırmağın hansı üsulları var? Siz bir rejissor kimi çıxış yolunu nədə görürsüz?

— Birincisi, sovet dövründə Kollegiya Şurası var idi. O heyətdə tanınmış şairlər, tanınmış yazıçılar, tanınmış rejissorlar var idi. Onlar ssenariyə baxırdılar, rəy verirdilər, sonra çəkilirdi. O dövrün komediyalarına baxanda görürük ki, bir söyüş yoxdur, amma qəhqəhə çəkib gülürük. İndiki filmlərdə isə komik süjet, komik hadisə qura bilmirlər və çalışırlar ki, söyüşlə güldürsünlər. Yəni ilk növbədə ssenari probelmi həll olunmalı, yaxşı dramaturqlar yetişməlidir.

İkincisi, film və serialların çəkilişini peşəkarlara həvalə etməlidirlər. Gənc rejissorlar da onların yanında təcrübə keçdikdən sonra fərdi yaradıcılığa başlamalıdırlar. Üçüncüsü, bir günə 45 epizod çəkimirlər. Gün ərzində 8, maksimum 15 epizod çəkilməlidir. Çünki aktyor yorulur, işləyə bilmir. Həm də ki, aktyor bir serialda işləməlidir. Məndə çəkilir, ordan çıxır başqa seriala gedir. Bütün bunlar həll olunmalıdır ki, yaxşı filmlər və seriallar yaransın.

— Bundan bir müddət əvvəl mən də oxşar mövzuda köşə yazısı yazmışdım. Orda bu məsələni xüsusi ilə qeyd etmişdim ki, yeni dramaturqlar nəsli yoxdur və dramaturgiya, əslində, teatrdan başlayır. Əvvəlcə, teatr dramaturgiyasını yaxşı bilmək lazımdır ki, ekran dramaturgiyasında da uğur qazanmaq mümkün olsun. Sizcə haqlıyammı? Teatr dramaturqlarının içindən daha yaxşı ekran dramaturqları yetişməzmi?

— Əlbəttə. Bunlar bir-birinə zidd şeylər deyil. Hərçənd kino dramaturgiyası ilə teatr dramaturgiyası bir-birindən müəyyən qədər fərqlənir. Amma teatr dramaturgiyasını bilən, ekran dramaturgiyasını da asanlıqla öyrənəcək. Mən yenə deyirəm, bunların yetişməsi üçün məktəb olmalıdır. Ümumiyyətlə, Mədəniyyə və İncəsənət Universitetinə getsək, tələbələrə baxsaq, görərik ki, başqa universitetlərə girə bilməyən uşaqlar gəlib orda təhsil alırlar diplom xətrinə. Bu uşaqların içindən yaxşı dramaturq yetişə bilərmi? Yaxşı ssenarist, yaxşı rejissor, yaxşı aktyor yetişə bilərmi? Onlar heç təhsil aldıqları sahəni sevmirlər də. Bu sahənin də ən birinci şərti sevgidir.

Azərbaycan komediya sənəti Yaşar Nuri ilə öldü. Düzdür, Afaq Bəşirqızı var, Arif Quliyev var. Allah can sağlığı versin. Amma Səyavuş Aslan, Yaşar Nuri, Hacıbaba Bağırov, Nəsibə Zeynalovanın ölümü ilə komediya sənəti öz əsas sütunlarını itirdi və yeni səyavuşlar, yeni yaşarlar, yeni nəsibələr yetişmədi. Onların yerinə danışığını, plastikasını idarə edə bilməyən savadsız, istedadsız adamlar gəldi. Elə bilirlər ki, komediya çəkmək asandır. Əslində, komediya çəkmək dram çəkməkdən daha çətindir. Məsələn, bizim çox tanınmış, professional aktyorumuz Cahangir Novruzov Türkiyədə işləyir, aktyorluq üzrə dərs deyir. Olmaz ki, Cahangir müəllimi dəvət edək, şərait yaradaq burda işləsin, burda yaxşı aktyorların yetişməsinə kömək etsin? Axı bizdə istedadlı insanlar var. Onlarla işləyib üzə çıxarmaq lazımdır.

— Asif bəy, siz ssenarist seçəndə, aktyor və aktrisa seçəndə, əsasən nələrə diqqət yetirirsiz?

— Birincisi, rejissor hər bir aktyoru, aktrisanı obraza yaraşdırmalıdır. Mən də əsas buna fikir verirəm. Yoxsa əksər özünə rejissor deyənlər elə kimi gəldi çəkirlər kinoya. Hər yerindən duran kino çəkir. Nəticə də belə olar da. Baxırsan, kino çəkir, həm ssenaristidir, həm rejissorudur, həm operatorudur, həm montajı ona məxsusdur. Hər kəs öz işini görməlidir. Bu yaxınlarda bir gənc rejissordan soruşuram ki, "mütaliə edirsən?", deyir "yox, nəyimə lazımdır kitab oxumaq, baxıram Amerika filmlərinə, ordan götürürəm". Belə rejissor sənəti olmaz axı.

— Hal-hazırda hansı film və ya serial üzərində işləyirsiz?

— Hal-hazırda Azərbaycanda fəaliyyət göstərmirəm. Çünki yoruldum. Yaxşı ssenarilərə burda vəsait tapmaq çətindir. Bu yaxınlarda gənc yazar-dramaturq Orxan Bahadırsoyla birlikdə bir film ssenarisini yazıb bitirdik. Həmin ssenarini Türkiyə film bazarına təqdim etdik, qəbul olundu və filmi Türkiyədə, türk aktyorları ilə çəkəcəyik. Filmin azərbaycanca adı "Taleyimin rəngi", türkcə adı "Kaderimin rəngi"dir. Əslində, biz çox istəyirik ki, filmdə həm azərbaycanlı aktyorlar, həm də türk aktyorlar rol alsın. Lakin bunun üçün büdcənin yarısı Türkiyədən, yarısı Azərbaycandan olmalıdır. Müştərək filmlər üçün tələb belədir.

Biz Türkiyədən lazım olan büdcəni əldə etmişik, amma Azərbaycandan lazım olan büdcə hələ əldə olunmayıb. Mən də ən çox onu istəyirəm ki, Azərbaycandan büdcə tapılsın və filmə Azərbaycan aktyorları, aktrisaları da çəkilsin. Türkiyədə öyrəndim ki, Azərbaycan aktyorları, aktrisaları orda filmə, seriala çəkilmək üçün rejissorlara müraciət edirlər. Amma onlara belə cavab verilir ki, ya ssenaridə azərbaycanlı obrazı olmalıdır, ya da Azərbaycan tərəfdən maliyyə dəstəyi olmalıdır ki, Azərbaycan aktyorları, aktrisaları da çəkilə bilsin. Elə isə həmin bazara çıxmışkən, çox istərdim ki, bizdən də maliyyə dəstəyi olsun və öz aktyorlarımızı, aktrisalarımızı Türkiyə tamaşaçılarına da tanıdaq.

Əfsuslar olsun ki, həmin büdcəni hələ tapmadığımız üçün işə başlamamışıq. Əgər Azərbaycan tərəfdən maliyyə dəstəyi olmasa, məcbur olacağıq ki, tamamilə türk aktyorlarından ibarət heyətlə filmi çəkək. Onda da bizi qınayacaqlar ki, niyə gedib Türkiyədə film çəkir, amma bir nəfər də azərbaycanlı aktyor dəvət etmir?! Amma işin mətbəxini bilmirlər. İşlərin böyük qismi artıq hazırdır. Türkiyə tərəfdən maliyyə var, bəzi aktyorlarla danışıqlar aparılıb, ssenari tərcümə olunub və s.

Digər bir variant da başqa ölkə ilə Türkiyə arasında müştərək film çəkməkdir. Əgər Azərbaycandan maliyyə tapılmasa, çox güman ki, filmə rus aktrisası dəvət edib, Rusiyadan maliyyə dəstəyi alacağıq. Rusiyadan bir təklif də var, əgər alınsa, film həm də Rusiya film bazarına çıxa biləcək.

— Film təkcə Türkiyədə təqdim olunacaq?

— Xeyr. Həm Azərbaycanda, həm Türkiyədə, həm də başqa ölkələrdə nümayişini planlaşdırırıq. Əsasən, Türkiyə bazarı üçün çəkilir, amma Bakıda da təntənəli təqdimat mərasimi keçirəcəyik, filmdə rol alan türk aktyorlarını da təqdimat gecəsinə dəvət edəcəyik.

— Gələcəkdə Azərbaycanda yenidən hansısa serial çəkməyi planlaşdırırsınızmı?

— Serial planlarım çoxdur. Tarixi serial çəkmək istəyirəm. Adını, mövzusunu deməyəcəm, amma olduqca böyük tarixi əhəmiyyətli məzmunu var. Gələcəkdə əgər maliyyə tapsaq, onu çəkməyi çox istərdim.

— Təşəkkür edirəm müsahibə üçün.

— Mən də təşəkkür edirəm. Çox sağ olun.

Əlaqədar

Film və serial sektorunda dərəbəylik: Səlahiyyətli qurumlar hara baxır?
Kinooperator: “İndi çəkilən filmlərin 5 faizini keyfiyyətli saymaq olar”
Populyar cizgi filminin yaradıcısı vəfat etdi
Bahadırsoy: “Ailə-məişət problemlərindən bəhs edən filmlərin vaxtı keçib”
İranlı nazir məşhur türk aktrisasının filmdə çəkilməsinə qarşı çıxdı, çünki...
Teqlər:
Asif Abramov, "Qisas" serialı, aktrisa, sənət, serial, maliyyə, rejissor, kino, film, pul, Türkiyə, aktyor

Əsas mövzular