08:50 03 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
MƏDƏNİYYƏT
Qısa URL
93410

Və ya bakirəlik pərdəsinə açılan "İkinci güllə"

BAKI, 31 yanvar — Sputnik. Bu yaxınlarda nümayiş olunan "İkinci güllə" filmini izlədim. Bu qısametrajlı film böyük mesajlar ehtiva edir. Filmə ötəri yanaşanda, düşünmədən izləyəndə bir kənd adət-ənənəsindən qeyri nəsə görmək mümkün deyil. Sosial şəbəkədə film haqqında yazılan rəylərdən də məlum olur ki, kütlə bu filmdə sadəcə tabulara toxunulmuş qısa məzmun görə bilib.

Filmin məzmunana görə, evlənən cütlük zifaf gecəsinə girir. Qapının önündə yengə nəticəni intizarla gözləməkdədir. Bəyin sağdışı əlində silahla yengənin müjdəli xəbərini gözləyir ki, iki atəş açıb gəlinin bakirə olduğunu bütün kəndə bildirsin. Yengə müjdəli xəbəri verincə sağdış birinci atəşi açır, lakin nə qədər əlləşirsə, ikinci güllə açılmır ki, açılmır.

Hadisə kənd camaatının dilində məsxərəyə çevrilir. Gəlini pozğun, bəyi qeyrətsiz adlandırırlar. Gəlinin atası da əlində balta ilə bakirə çıxmayan qızını öldürmək üçün bəy evinə gəlir. Qızının bakirə olduğunu öyrənincə rahatlayır və sağdışa yarım saat vaxt verir ki, ikinci atəşi də açsın. Xeyli axtarışdan sonra kəndin fahişəsi onlara güllə verir. İkinci atəş açılır, amma göyə yox, gəlinə. Adı əxlaqsıza çıxan, dəqiqələr içində bütün camaatın dilinə düşən, hətta doğma atası belə onu öldürməyə hazır olan qız intihar edir.

Bəy obrazında aktyor Elmin Bədəlovu görürük. Əvvəlcə yorğun olduğunu bildirib gərdəyə girmək istəməsə də, daha sonra sağdışın tənbehindən, cəmiyyətin qınağından qorxub öz kişiliyini göstərməyə məcbur və məhkum olur. O, azad olmağa, öz həyatı ilə bağlı qərarları özü verməyə cəhd edir, amma silahın gülləsi açılmayınca üzərinə qınaq və məsxərə güllələri yağır. Qürurunun alçaldığını görüncə bəy də güllənin açılmadığı üçün həyəcan keçirir və yeni güllə tapmaq üçün təşvişə düşür.

Göstərilən budur, amma ötürülən odur ki, sən nə qədər azad olursan ol, ictimai düşüncənin güllələri mənəviyyatını deşincə sən də axına qapılar və onların istədiyi kimi olmaq üçün vuruşarsan.

Yengə obrazını canlandıran aktrisa Nəsibə Eldarovanın ifasında toy şənliklərində gördüyümüz əli lampalı yengələrin həyəcanları sezilir. Üstünə böyük məsuliyyət düşən, iki gəncin namusuna, ismətinə, qeyrətinə cavabdehlik səlahiyyəti daşıyan yengələrin bütün təlatümləri aktrisa Nəsibə Eldarovanın qapı önündəki bir neçə saniyəlik təlaşlı var-gəllərindən bizə tərəf boylanır. Bu necə intizar, nə cür maraqdır? Güllə açılmayınca yengə də qorxuya düşür. Dəfələrlə təkrarlayır ki, "mən qızın atasına nə cavab verəcəyəm?", "kənd nə fikirləşəcək?". Bir yengə kimi uğursuz, düşərsiz görünməyin, öz nüfuzunu itirməyin qorxusunu yaşayan aktrisanın simasından onun bütün yengə taleyini oxuya bilirik.

Qızın atası rolunda aktyor Vidadi Həsənovu görürük. Güllə açılmayınca namus damarı tapdalanan atanın əlinə balta alıb qızını öldürməyə gedişi, üst-üstə yağdırdığı təhqirləri, qana susadığı gözləri cəmiyyətin bütün potenasial qatillərinə, canilərinə güzgü tutur.

Film boyunca baş verənləri səssizliklə izləyən, ərinə qulluq edən, ev işləri görən, fikirlərini bildirməyə, sevincini və kədərini bölüşməyə heç bir haqqı olmayan qız anası obrazını aktrisa Leyli Vəliyeva canlandırır. Atanın qəzəblə dediyi sözlərdən anlayırıq ki, əgər qızı bakirə çıxmayıbsa, onun pozğunluğunun günahı anasındadır.

Qəribə və təzadlı ittihamdır, amma həqiqətdir. Məgər bu tipdən olan kişilər ömür boyu heç bir haqq tanımadığı, heç bir azadlıq imkanı vermədiyi qadınları bütün ailə-məişət problemlərində müqəssir elan etmirlərmi?

Filmdə aktyor Manaf Dadaşov sağdış obrazını, aktyor Elgün Həmidov isə soldış obrazını canlandırır. Burda kiçik bir nüansa da diqqət edilib. Sağdış dəyərlər, adət-ənənələrə sadiq, mühafizəkar azərbaycanlıdır. O, kiminsə toy gecəsi bakirə çıxmasına iki atəş açmaqla bayram edən və bu işi ilə öyünən şəxsdir. Yəni Manaf Dadaşovun canlandırdığı sağdış xarakteri "palaza bürünüb, ellə sürünən", ona cəmiyyətin öyrətdiyi hər şeyi sorğu-sualsız dəyər kimi qəbul edən sağçıdır.

Lakin Elgün Həmidovun canlandırdığı soldış obrazı isə etiraz edir. Əlbəttə, bu etiraz bir aksiya, bir inqilab səviyyəsində deyil, ola da bilməzdi. Hətta aktyorun ifasından hiss edirik ki, bəzən fikirlərini azad ifadə etməyə, bu sarsaq düşüncəyə qarşı çıxmağa qorxur. Bəzən pıçıldayır, bəzən nələrisə dilinin ucuna gətirib, qırtlağına qaytarır.

Soldış yaxşı bilir ki, etirazını daha yüksək, daha dərin bildirsə, potensial qatillər onun başını kəsər, dərisini soyar. Soldış gərəksiz, hətta zərərli olan adətlərə, ənənələrə, dəyər halına gətirilmiş bütün növ cəfəngiyyatlara qarşı olan solçudur. Sağ və sollar arasındakı uzun sürən savaşa işarə edilən bu xırda nüans əsl rejissor ustalığıdır.

Titrdə qırmızı paltarlı qadın adı ilə təqdim edilən seks işçisini, sadə dildə desək, kəndin fahişəsi obrazını aktrisa Hüsniyyə Mürvətova canlandırır. Kəndi qapı-qapı gəzib güllə tapmayan soldış axırda bu qadının qapısını döyüb ondan güllə istəyir. Qadın əvvəlcə güllə verməkdən imtina edir. Dərinə varanda görürük ki, bu imtina qərəzdən deyil, qəzəbdən doğulur. Bütün adi düşüncələrdə əxlaqsız, pozğun adlandırılan qadın indi onları əxlaqsız, pozğun adlandırılmaqdan xilas etmək istəmir. Nəhayətdə isə könlü rəva vermir və onlara güllə bağışlayır.

Bu, təkcə güllə bağışlamaq deyil, onların bütün qınaqlarını, təhqirlərini, alçaltma münasibətlərini bağışlamaqdır. Bu səhnədən anlaşılır ki, ali düşüncədə əxlaqsızlıq fahişəliklə ölçülmür. Bütün müsbət insani keyfiyyətləri özündə birləşdirən insanlar yaşam tərzindən asılı olmayaraq əxlaqlıdır. Əxlaq, öz prinsiplərinə və qərəzinə görə soldışa güllə verməkdən imtina edən kənd sakinlərində deyil, özünə qarşı bütün növ mənfi münasibətlərə rəğmən onları bağışlayıb xəcalətdən xilas etməyə çalışan qırmızı paltarlı qadındadır.

Film boyunca gəlini görmürük. Rejissor Natiq Rəsul sanki gəlinin üzünə pərdə çəkir. Pərdəsi ixtilaflara, dava-qırğınlara, qınaqlara, təhqirlərə, ölümlərə səbəb olan gəlini tamaşaçıdan gizlədir. Sonda ikinci güllə ilə özünü öldürən məchul qəhrəmanı əbədi bir pərdənin arxasına göndərib onun bir insan kimi varlığı ilə yoxluğu arasında heç bir fərq qoymur.

Bu məqam cəmiyyətin qadına münasibətinin ustalıqla təsviri deyilmi? Könül istərdi ki, ikinci güllənin səsi daha yüksək, daha dəhşətli eşidilsin. Bəlkə də rejissor bununla hindsayağı pafosdan qaçmağa çalışıb. Hər halda, böyük iş üçün kiçik iradların əhəmiyyəti yoxdur.

Son illər çəkilən "Pərdə" filmi başda olmaqla bir neçə dram filmləri var ki, saysız-hesabsız bayağı komediya filmlərinin fonunda xüsusi diqqət çəkir. "Pərdə" filminin ardınca "İkinci güllə" filmi bakirəlik pərdəsi mövzusunda çəkilmiş ikinci müasir Azərbaycan filmidir və elə məzmunu ilə də cəmiyyət üçün tabuya çevrilmiş bakirəlik pərdəsinə açılan ikinci güllədir.

İtalyan əsilli Amerika rejissoru Frank Kapra deyirdi ki, "mən aktyor ağladığında dram filmi yarandığını düşünürdüm, amma tamaşaçı ağladığında dram filmi yaranırmış". "İkinci güllə" filmi bir tamaşaçı kimi məni ağlada bildi. On səkkiz dəqiqə boyunca öz həyatına tikanlı məftillərdən sərhəd çəkən cəmiyyətin yaşayışına və aqibətinə göz yaşı tökdüm. Bu bir xalq kimi faciəmizdir, lakin bir yaradıcı kimi filmin rejissoru və ssenari müəllifi Natiq Rəsulun, ikinci rejissoru və prodüsseri Emin Quliyevin, aktyor və aktrisaların, eləcə də heyətin digər üzvlərinin uğurudur.

Əlaqədar

Bakıda gəlin bir günlük Hürrəm Sultan oldu
Gəlin və baldız eyni gündə yoxa çıxıb
Bu məsələdə kim haqlıdır, gəlin, yoxsa qaynana?
Toy günü gəlin suda boğuldu
17 yaşlı gəlin toy gecəsi öldürüldü
Teqlər:
Natiq Rəsul, soldış, sağdış, bakirə, "İkinci güllə" filmi, fahişə, tamaşaçı, bəy, güllə, gəlin, aktrisa, rejissor, toy, aktyor, Azərbaycan, silah

Əsas mövzular