14:49 24 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
MƏDƏNİYYƏT
Qısa URL
539 0 0

Azərbaycanın yeganə qız diceyi öz peşəsinin çətinliklərini anladıb və bu işlə məşğul olmaq istəyən azərbaycanlılara tövsiyələrini verib

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 7 yanvar — Sputnik. Yaxın zamanlarda Azərbaycanda diceylərin növbəti müsabiqəsi keçiriləcək. Orada respublikamızın ilk qız diceyi, səhnədə "Stasy" adı ilə məşhur olan Anastasiya Tostova da iştirak edəcək. O, Sputnik Azərbaycan-a müsahibəsində özü və fəaliyyəti barədə ətraflı danışıb.

— Anastasiya, siz Azərbaycanın ilk qız diceyisiniz. Bu peşəyə necə gəlmisiniz?

— Uşaqlıqdan musiqiyə böyük həvəsim vardı və həmişə səhnədə çıxış etməyi arzulayırdım. Ona görə də məktəbdə keçirilən bütün tədbirlərdə, konsertlərdə iştirak edirdim. Musiqi həyatımın ayrılmaz hissəsidir. O, mənim üçün həmişə — səhər, günorta, axşam səslənir.

Heç vaxt yeknəsəq və monoton işi sevməmişəm. Mənə elə gəlir ki, əgər işim bu qədər pozitiv, enerjili, insanlarla təmaslı şəkildə olmasaydı, dəli olardım. Diceylik çox maraqlı peşədir. Həmçinin həyat üçün böyük təcrübədir. Çünki hər gün yeni insanlar tanıyırsan, daim yeni musiqiləri bilirsən və hamı düşünür ki, sən "Shazam" musiqili proqramısan.

 Bəs ailəniz sizin seçiminizə necə yanaşdı?

— Ailəm həmişə mənim bütün ilk addımlarımı dəstəkləyib. Mən diceyliyə gələndə hamının gözləri dörd olmuşdu, amma bütün bunlar tezliklə arxa plana keçdi. Valideynlərim də başa düşdülər ki, bu, məndə alınır və ən əsası mən bu işdən böyük zövq alıram, yaxşı qazanıram. Bunlar isə istənilən peşə üçün vacibdir.

 Heç seçiminizdən şikayət etdiyiniz vaxt olmayıb?

— Artıq 6 ildir ki, diceyliklə məşğulam və bu illər ərzində bir dəqiqə belə olmayıb ki, seçimimdən şikayətlənim. Mənim üçün bu, həm hobbi, həm iş, həm də karyeradır.

 Başqa ölkələrdə qız diceylər çoxdur, Azərbaycanda isə yoxdur. Niyə?

— Sizə düzünü deyəcəm, mənə dəfələrlə valideynlər zəng edərək onların qızlarına da bu işi öyrətməyi xahiş ediblər, amma mən həmişə "başımdan eləmişəm". Çünki bu, çox çətin peşədir və hər adam onun çətinliklərinin öhdəsindən gələ bilmir. Eyni zamanda bu işin çox gərgin qrafiki olur. Çox müxtəlif qəbildən olan insanlarla rastlaşırsan. Etiraf edim ki, bu, mənəvi cəhətdən çox çətindir.

 Qızlar arasında rəqibiniz yoxdur, bəs kişiləri öz rəqibiniz hesab edirsiz?

— Əvvəllər oğlanları heç vaxt öz rəqibim hesab etmirdim. Amma yeni zirvələri fəth edərkən yolumda dicey oğlanları gördüm və başa düşdüm ki, karyerada cinsiyyət fərqi yoxdur.

Bizdə çox sayda dicey var və mən hesab edirəm ki, Bakı üçün bu, həddindən artıqdır. Təəssüf ki, onların çoxu musiqiləri təqdim etməyi, aparatlarla və kütlə ilə işləməyi bacarmır. Barmaqla sayılası qədər dicey var ki, öz üzərində işləyir, yeni musiqi parçaları yazır, dünya müsabiqələrində çıxış edir və Bakının klub mədəniyyətini yüksəldir.

 Belə bir qızın gecə klublarında çıxışı qorxulu deyil ki?

— Burada qorxulu heç nə yoxdur. Klublarda çıxış etmək mühafizənin olmadığı toylarda çıxış etməkdən daha təhlükəsizdir. Mən həmişə istənilən adamla, hətta sərxoş vəziyyətlə olan şəxslərlə belə ümumi dil tapmağı bacarıram. Hərdən xoşagəlməz məqamlar da olur, amma onlar həmişə həlli mümkün olan hallardır. Mən peşənin çətinliklərinə çox da fikir verməməyə və onların öhdəsindən gəlməyə çalışıram. Problem sadəcə bir məsələ ilə bağlıdır — qrafiklə. Mən özümü ofis işində təsəvvür edə bilmirəm. Hələ səhər yeddidə heç yuxudan dura bilmərəm…

— Hansı üslubda ifa etmək xoşunuza gəlir?

— Mənim sevimli üslubum — trap və moombahtoon-dır. Amma əlbəttə başqalarını da ifa edirəm. Məsələn, elə qapalı tədbirlər olur ki, orada hamını ayağa qaldırmalıyam və təkcə öz üslubumda mahnılar qoya bilməyəm.

 Siz Bakının klub həyatını necə xarakterizə edərdiniz?

— Çox çətin sualdır. Düzünü desəm, paytaxtın klub həyatı iri addımlarla ideala doğru gedir. Bakıda çoxlu klublar var və onları üç səviyyəyə ayırmaq olar: yüksək, orta və olmaması lazım gələn. İstərdim ki, bizə tez-tez xarici ulduzlar, diceylər, müğənnilər, aktyorlar gəlsin və biz görək ki, hansı istiqamətdə səy göstərməliyik.

 Sizi peşə seçiminizə görə tənqid edənlər çoxdur?

— Əlbəttə, tənqid mənə inkişaf etməyə və yuxarı qalxmağa kömək edir. Mən ünvanıma deyilənləri çox sakit qarşılayıram. Nə qədər insan və nə qədər fikir var. Amma heç kəsin peşə seçiminə görə tənqid etmək hüququ yoxdur. Əgər mən və digər diceylər olmasaydı, toyları və təntənəli tədbirləri kim şənləndirərdi? Biz insanların həyatının ən yaddaqalan anlarında — ad günlərində, toylarda, xınayaxdılarda, yubileylərdə və s. iştirak edirik.

 Gələcəyinizi də bu peşə ilə bağlamaq niyyətindəsiniz?

— İndidən təxmin etmək istəmirəm ki, nə və necə olacaq. Mənim hələ çatmadığım bir çox hədəflər və fəth etmədiyim zirvələr var. O hədəflərə çatmaq və o zirvələri fəth etmək istəyirəm. Hazırda yeni layihələr və batllar üzərində işləyirəm. Mən ixtisasca veterinaram və əgər birdən diceyliklə vidalaşmaq qərarına gəlsəm, işsiz qalmayacam.

 Dicey olmaq istəyən, amma bu istiqamətdə addım atmağa qorxan azərbaycanlı qızlara tövsiyəniz…

— Bakıda dicey olmaq istəyən qızlar ilk növbədə güclü xarakterə malik olmalıdırlar. Əhalinin istənilən təbəqəsi ilə əlaqə qurmağı bacarmalıdırlar və elə etməlidirlər ki, onlar razı qalsınlar. Həmçinin istənilən qrafiki idarə etməyi bacarmalı, qonaqların istənilən musiqi seçiminə təbəssümlə yanaşmalı, daim pozitivə köklənməli, ən əsası isə elə musiqi zövqün olmalıdır ki, sizin tədbirdə heç kəs yerində oturmasın. Əgər bunlar varsa, onda cəsarətli olun. Altı il ərzində işimdə çox şeyə nail olmuşam. İki battlda ikinci yeri tutmuşam və bununla fəxr edirəm. Növbəti müsabiqədə birinci yer mənim olacaq. Əgər özünə əmin olsan və pozitivə köklənsən, onda hər şey alınacaq.

Əlaqədar

Cəmi 12 yaşı var, 44 musiqi alətində ifa edir
Əfsanəvi musiqi qrupu geri qayıdır
Azərbaycanın simli musiqi alətləri
Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı başa çatıb
Bakıda Beynəlxalq Musiqi Festivalı keçiriləcək
Qəbələ festivalında möhtəşəm simfonik musiqi axşamı

Əsas mövzular