22:51 20 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0271
  • EUR1.9142
Dənizkənarı parkda Şaxta baba və Qar qız, arxiv şəkli

O məşhur şəxs evinizə Şaxta Baba kimi gələcək

© Sputnik / Murad Orujov
MƏDƏNİYYƏT
Qısa URL
Orxan BAHADIRSOY
490 0 0

Bizdə aktyorlar, aktrisalar ehtiyacdan dolayı, həm də animatordur

BAKI, 29 noyabr — Sputnik. Qarşıdan yeni il gəlir. Bu yeni ili təkcə uşaqlar həvəslə gözləmir ki, şam ağacı bəzəyib, səmada sayrışan fişəngləri izləyib, dadlı yeməklər yesinlər. Bu yeni ili təkcə böyüklər gözləmir ki, özlərinin yarımçıq qalan işlərini bitirib, arzularını reallaşdırsınlar. Bu yeni ili təkcə şairlər, yazıçılar gözləmir ki, ömürdən keçən illərin hüznünə şeirlər yazıb, yeni il tənhalığına romanlar, hekayələr həsr etsinlər.

Bu yeni ili həm də aktyorlar, aktrisalar gözləyir. Ona görə yox ki, hansısa beynəlxalq mükafatın təqdimetmə mərasimində iştirak edəcəklər. Ona görə yox ki, növbəti ilin Oskar namizədləri arasında adlarını görməyi umurlar. Bizim aktyor və aktrisaların belə arzusu da yoxdur. Çünki bunları arzu etmək də onların ucu-bucağı görünməyən çarəsizliyində bir xoşbəxtlikdir.

Uşaqlığını, yeniyetməliyini dram dərnəklərindən tutmuş, müxtəlif teatrların tamaşaçı auditoriyalarına qədər bütün sənət mühitinə xərcləyən, gəncliyini arzuladığı peşə üzrə təhsil almaq üçün seçdiyi aktyorluq ixtisasını oxumağa sərf edən, cavanlığını rəngarəng həyəcanların ağuşunda müxtəlif teatr tamaşalarına, müxtəlif film və seriallara həsr edən, sonda isə bütün bunların müqabilində ailəsi önündə ac-yalavac görünən sənət fədailərinin yeni ili həvəslə gözləməsinin səbəbi başqadır.

Onlar az da olsa gəlir əldə etmək, illərdir ki, üzünə baxmağa utandıqları ailələrinin önündə az da olsa günahlarını yumaq, onlardan bir şeylər umub-kəslərin — qocaman valideynlərinin, kiçik bacı-qardaşlarının, övladlarının ehtiyaclarını ödəmək ümidləri var.

Hər yeni ildə Şaxta Baba və Qar Qız libaslarında qoşalaşıb eli-obanı məclis-məclis gəzən, aza da, çoxa da şükür edib qane olan, ertəsi gün yenə də tapındığı, sitayiş etdiyi teatr səhnəsinə, film setinə yüyürən bu fədakar adamların yeni ili gözləmək həvəsi öz maddi sıxıntılarından qismən də olsa qurtulmaq ümidlərinə görədir.

Təsəvvür edin, hansısa teatr tamaşasında ifasına valeh olduğunuz, kədərinə üzülüb, sevincinə sevindiyiniz, yumoruna qəhqəhə çəkib, faciəsinə ağladığınız aktyor yeni il gecəsində uşaqlarınızın əylənməsi üçün evinizə dəvət etdiyiniz Şaxta Baba libasının altındadır. Ruhunda Romeolar, Hamletlər, Otellolar, Ferdinandlar, Şpigelberqlər, Per Güntlər, Oqtaylar, Elxanlar, Ariflər, Şeyx Sənanlar, Həsənzadələr yatan o məşhur aktyor içindəki bütün təlatümlərə, təlaşlara, qüssələrə rəğmən bir mistik uşaq qəhrəmanı kimi qarlı dağlar aşaraq, çox ellər dolaşaraq evinizə gəlir.

Yanlarında ağ dona bürünüb, belinə zər bağlayan aktrisalar. Ruhunda Cülyettalar, Ofeliyalar, Dezdemonalar, Luizalar, Amaliyalar, Oselər, Firəngizlər, Solmazlar, Rənalar, Xumarlar, Nargilələr yatan o zərif fədakarlar xəfif təbəssümü ilə uşaqlara gülümsəyir, şam ağacının işıqlarının yanması üçün "alış yolka, yan yolka…" deyə oxuyur… Ağrılı deyilmi?

Bilirəm. Bu da aktyorun, aktrisanın işidir. Amma ömrünü-gününü teatr səhnəsinə, filmə sərf edən, müxtəlif qəhrəmanlar canlandıran aktyorların, aktrisaların işi deyil bu. Animatorların işidir. Bizdə isə aktyorlar, aktrisalar ehtiyacdan dolayı, həm də animatordur.

Bu yeni ilin qapısını sarı it döyür. Vəfa simvoludur. Səbr edin, qurbanlar! Sonuncu nəfəsinizi də qurban verənə qədər səbr edin! Hə, bir də, "Səbr" Allahın neçənci adı idi? Bircə 13 olmasın! Nəhsdir. Bizə düşmür.

Əlaqədar

Türkiyədə ər axtaran bakılı gözəl, aktrisa oldu
Yenidən Pərvin Abıyeva: "Aktrisa və ya müğənnisənsə, deməli fahişəsən..."
İranlı nazir məşhur türk aktrisasının filmdə çəkilməsinə qarşı çıxdı, çünki...
Seksual iddialar məşhur aktyoru və serialı bitirdi
Teqlər:
tamaşaçı, teatr, aktrisa, aktyor, Qar qız, Şaxta Baba, yeni il

Əsas mövzular