13:41 24 Oktyabr 2017
Canlı yayım
Teatr

Ölkəmizdə taleyin ən böyük təzadına şahid oluruq

CC0 / HolgersFotografie / Theater
MƏDƏNİYYƏT
Qısa URL
Orxan BAHADIRSOY
26810

Köçəri teatrın taleyi də adını daşıdığı şəhərin taleyinə bənzəyir

BAKI, 10 oktyabr — Sputnik. İrəvan şəhəri 1918-ci ildə Ermənistana verildi. 1988-ci ilə qədər Ermənistanın müxtəlif şəhərlərində fəaliyyət göstərən, didərgin tale yaşayan İrəvan teatrı, azərbaycanlıların Ermənistandan köçürülməsi prosesi başlayanda Bakıda fəaliyyətini davam etdirməli oldu.

1995-ci ildə Hüseynqulu Sarabski adına mədəniyyət evində məskunlaşdırıldı. İndi həm də Nəriman Nərimanov adına kinoteatrda fəaliyyət göstərən, tamaşaların nümayişi üçün şəraitli binası olmayıb, digər teatrlarda həftədə bir dəfə tamaşa nümayişi haqqı qazanan köçəri teatrın taleyi də adını daşıdığı şəhərin taleyinə bənzəyir.

2000-ci ildə Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı İrəvan şəhərinin Ermənistana verilməsi kimi, bu teatrı 17 ildir ki, öz işğalında saxlayan İftixar Piriyevə verilib. Hansı müqavilə ilə bu direktorluq müddəti təyin olunub? Hansı əsasla İftixar Piriyev bir teatra 17 illik diktatorluq səlahiyyəti qazanıb? Ən əsası isə, hansı ixtiyarla teatrın yaradıcı heyətinə — aktyorlarına, aktrisalarına, rejissorlarına bu qədər əzab verə bilir?

İrəvan teatrındakı təcrübəsi, az qala İftixar Piriyevin yaşı qədər olan sənət adamlarını nə cəsarətlə teatrdan uzaqlaşdıra bilir? Və niyə Mədəniyyət Nazirliyindən, digər yüksək qurumlardan bir nəfər səlahiyyətli şəxs bu direktorun əməllərinə son vermir?

Son dönəm İrəvan Teatrının adı heç vaxt olmadığı qədər məşhurlaşıb. Bakı küçələrində kiçik bir sorğu etsək, bu teatrın heç bir tamaşasını izləməyən, repertuarını tanımayan şəxslər teatrın adını ucuz qalmaqallardan eşitdiklərini deyəcəklər.

Əlbəttə, gəncindən qocasına qədər bütün sənət adamlarını kütləvi şəkildə teatrdan çıxaran, onlara müsahibələrində teatrın direktorunu tərifləmələrini tapşıran, rejissorlara səhnələşdirilməsi üçün yalnız öz pyeslərini təklif edən, ona yarınmayanları, yaltaqlanmayanları müxtəlif böhtanlarla işdən çıxaran şəxsin rəhbərlik etdiyi teatr tamaşaları ilə yox, qalmaqalları ilə tanınar.

Bir müddət əvvəl İrəvan Teatrından çıxarılan aktyor Əjdər Zeynalovun dedikləri: "Əslində, İftixar Piriyevlə aramızdakı soyuqluq çoxdan başlayıb. Onun insanlarla kobud rəftarı, öz yersiz əsərlərinin tamaşaya qoyulması üçün tapşırıqlar verməsi məni və kollektivin başqa nümayəndələrini narahat etdi. İyun ayından mənimlə qərəzli davranmağa başladı. Mən də bu barədə sosial şəbəkələrdə öz tənqidi fikirlərimi yazdım. Görünür, bu fikirlər İftixar Piriyevi əsəbiləşdirib. Bir müddət əvvəl teatrın kollektivini mənə qarşı qaldırdı ki, güya onlar mənimlə işləmək istəmirlər. Onları işdən çıxarmaqla hədələyir, təzyiq göstərir və mənə qarşı çıxmalarını tələb edirdi".

Yenə Zeynalovun dediklərindən: "Sonra başqa bir məsələ atdı ortaya ki, güya mən işə gecikmişəm. Əslində, isə hadisə belə olub: mən saat 09:30-da işə gəldim. Cədvələ imza çəkmək üçün truppa müdirinə yaxınlaşdım. O isə, cədvəlin hələ hazır olmadığını bildirdi. 09:45-də dedilər ki, "cədvəl hazırdır". Gəldim ki, qol çəkim, truppa müdiri bildirdi ki, mən işdən azadam. Səbəbini soruşanda dedi ki, müdiryyətlə aydınlaşdırım. Sonra uşaqlar dedilər ki, mənə töhmət verilib. Güya mən məşqə gecikmişəm, iş ahəngini pozmuşam. Bütün bunlardan sonra İftixar Piriyev işdən çıxarılmağım barədə əmr verib".

Aktyor Əjdər Zeynalovun sözlərinə görə, o, bu əmrdən narazı olduğunu deyəndə direktor İftixar Piriyev belə cavab verib: "Get, hara istəyirsən, şikayət elə".

Aktyora qarşı bu, necə münasibətdir? Oxşar məsələ, mənə rejissor Bəhram Osmanovun "Aktyor nədir axı, onun siyasi baxışı olsun?" fikrini xatırlatdı. Diqqət edin, "aktyor kimdir" də demir, onu lap alçaldır, əşya yerinə qoyur və "aktyor nədir" deyə sual ünvanlayır. Bu sual, əslində, Azərbaycanda bəzi rejissorların, teatr direktorlarının, məmurların, rütbəli və vəzifəli şəxslərin, bəzi hallarda isə sıravi vətəndaşların belə, aktyora münasibətini göz önünə sərgiləyir.

Nəzərinizə çatdırım ki, son dönəmlərdə İrəvan Teatrından bir neçə aktyor, aktrisa uzaqlaşdırılıb. Bəzi hallarda bu sənət adamları özləri teatrdan çıxmaq istəsələr də, məsələnin kökündə yenə də İftixar Piriyevin kollektivə ədalətsiz münasibəti dayanır. Lakin İftixar Piriyev mətbuata açıqlamasında məsələyə belə münasibət bildirir ki, "aktyor Əjdər Zeynalov ona böhtan atır".

İftixar Piriyev çəkinmədən, hətta fəxrlə 17 ildir ki, eyni dövlət müəssisəsinə, xüsusən də sənət ocağına rəhbərlik etdiyini vurğulayır. 17 illik taxtı ilə öyünür. Ardınca isə, taleyin ən böyük təzadını dilə gətirib bildirir ki, o, altı nəfərlik heyətlə Gürcüstanda prezidentin evində qonaq olub.

Gülün, xanımlar və cənablar, gülün. Gülüş ömrü uzadır. Yəqin İftixar Piriyevin təzə komediyasıdır ki, xalq üçün oynayır. Yoxsa buna başqa cür haqq qazandırmaq olmur. Axı, bir teatrın direktoru kollektivin böyük şəhərlərə səfərləri, böyük səhnələrdə çıxışları, beynəlxalq mükafatlar qazanması ilə öyünər. Axı, bir teatrın direktoru hansısa prezidentlə bir süfrə arxasına oturmağı niyə özü üçün fərx bilsin ki? Yoxsa bu teatr direktoruna sənətdən daha çox vəzifə, şan-şöhrət, pul, titul lazımdır?

(Ardı növbəti yazıda)

P. S.

(Müəllifin mövqeyi redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər)

Əlaqədar

Teatr yeni mövsümə sürpriz hazırlayır
ƏSA teatrından daha bir ilk
Aktyor: “Bizim teatrda boş yer olmur”
Opera və Balet Teatrından bəyanat
"Azərbaycan teatrının ləyaqətli tarixi var"
Teqlər:
Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı, İrəvan şəhəri, İftixar Piriyev, aktrisa, rejissor, Ermənistan, aktyor

Əsas mövzular