Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Neftçalalı çoban "O səs Türkiyə"dəki uğurundan danışdı

© Photo : Youtube / Fuat YabancıPərvin Səfərov O Səs Türkiyənin səhnəsində
Pərvin Səfərov O Səs Türkiyənin səhnəsində - Sputnik Azərbaycan
Abunə olmaq
Oxuyan çoban heç vaxt öz peşəsindən utanmadığını deyib

BAKI, 9 oktyabr — Sputnik. Neftçala rayonundan olan çoban Pərvin Səfərov məşhur "O səs Türkiyə" vokal yarışındakı çıxışı ilə hər kəsi valeh edib. Onun yarışda ölməz sənətkarımız Rəşid Behbudovun repertuarından ifa etdiyi "Nazəndə sevgilim" mahnısı münsiflərindən Murad Boz, Hadisə və Gökhan Özoğuzu ona tərəf döndərib. İştirakçının Türkiyə ləhcəsində oxumamasını irad tutaraq dönməyən Yılldız Tilbə isə, Pərvinin səsini və ifasını bəyəndiyini deyib. Pərvin Səfərov Sputnik Azərbaycan-a müsahibəsində layihədə iştirakı, onun ifasına verilən reaksiyalar barədə danışıb.

— Pərvin, siz "O səs Türkiyə" layihəsinə necə düşmüsüz?

— Hər şey tamamilə gözlənilməz oldu. Bir dəfə qoyun otararkən öz ifamı videoya çəkmək və Youtube kanalına yerləşdirmək qərarına gəldim. Bundan sonra çox adam mənə yazmağa başladı. Avqust ayında demək olar ki, bütün Türkiyə KİV-ləri mənimlə bağlı videoçarx yayımladılar və maraqlanmağa başladılar ki, mən kiməm? Mənə müxtəlif Türkiyə şirkətlərindən və telekanallarından təkliflər gəldi. Onlar məni öz verilişlərində görmək və mənimlə müqavilələr bağlamaq istədiklərini bildirdilər. Bütün bunlar mənim üçün gözlənilməz idi. Sonra "O səs Türkiyə" layihəsinini təşkilatçıları mənimlə əlaqə yaradaraq müsabiqədə iştiraka dəvət etdilər və razılaşdım. Dünənə qədər qohumlarımdan, dostlarımdan, tanışlardan heç kəs bilməyib ki, mən o layihənin iştirakçılarından biriyəm. Onlar məndən xahiş etmişdilər ki, çıxışım telekanalda yayımlanmayana qədər heç kəsə heç nə deməyim.

— Sizə bu şouya qatılmağa kim kömək elədi?

— Məni "O səs Türkiyə" layihəsinə prodüser və teleaparıcı Acun Ilıcalı dəvət etdi. Şounun əməkdaşları səs yazıma qulaq asandan sonra dərhal məni dəvət etdilər. Onlar əmin etdilər ki, münsiflər ifamı qiymətləndirəcəklər. Bütün xərclər təşkilatçılar tərəfindən ödənildi, mənim üçün hər cür şərait yaradıldı. Onlar nəinki mənim bilet və otel xərclərimi ödədilər, üstəlik xüsusi avtomobil də ayırdılar ki, şəhəri gəzim. Bütün bunlara görə, onlara təşəkkür edirəm.

— Sizin ifanıza münsiflər necə reaksiya verdi?

— Onlar məmnun idilər və hər biri istəyirdi ki, mən onun komandasına düşüm. Mənsə münsiflərdən birini seçməli idim və seçim zamanı Murad Bozun üzərində dayandım. Onun ifası mənə çox yaxındır və ona görə də istədim onun komandasına düşəm. Və istəyim yerinə yetdi.

— Pərvin, siz nə qədər vaxtdır oxuyursuz?

— Mən uşaqlıqdan oxumuşam və həmişə səhnəyə çıxmağı arzu etmişəm. Özümü ifaçı adlandırmaq istəmirəm, çünki mənə heç kəs bunu öyrətməyib. Sadəcə öz-özümə oxumağı öyrənmişəm və Allah mənə gözəl səs verib. Peşəkar müğənni olmağı arzulayıram və bunun üçün təhsil almalıyam. Rayonda məni tez-tez toylara dəvət edirlər. Amma getməkdən imtina edirəm. Çünki toylarda oxuyaraq səsimi korlamaq istəmirəm və istəmirəm ki, məni toy müğənnisi kimi tanısınlar. Təkcə öz dostlarımın məclislərində oxuyuram, çünki çox xahiş edirlər.

— Siz doğrudan çobansız?

— Bəli, məhz elə indi də qoyun otarıram və sizinlə telefonla danışıram. Oxumağı sevirəm, amma öz işimi də sevirəm. Heç vaxt gördüyüm işdən utanmamışam. Mənim indi 30 yaşım var və uşaqlıqdan bu işlə məşğulam.

— Bir günə məşhurlaşmaq necə hissdir?

— Çıxışımdan sonra mənə müxtəlif ölkələrdən adamlar yazmağa başladılar. Hazırda poçtumda milyon dənə məktub var. Amma onların hamısını oxumağa vaxtım yoxdur. Söz verirəm ki, onların hər birini oxuyub cavab yazacam. Şadam ki, ifam hamının xoşuna gəlib. Yeni mahnılarımla onları sevindirəcəm.

— "O səs Türkiyə"dən sonra nə işlə məşğul olmaq niyyətindəsiz?

— Bunu zaman göstərəcək. Hazırda heç nə deyə bilmərəm. Əgər şounun sonunda mənə Türkiyə, yaxud da Azərbaycanda əməkdaşlıq təklif etsələr, məmnuniyyətlə qəbul edəcəm. Hazırda mənim əsas məqsədim təhsil almaqdır. Ümid edirəm elə adamlar tapılacaq ki, mənə kömək edəcək.

— Artıq növbəti turda oxuyacağınız mahnı seçilib?

— Hələ yox. İki-üç mahnı var ki, onları oxumaq istəyirəm, amma bilmirəm layihənin təşkilatçıları razılaşacaqlar, ya yox. Növbəti tura qədər hələ çox vaxt var.

 

Xəbər lenti
0