17:38 16 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
MƏDƏNİYYƏT
Qısa URL
281 0 0

Bu ölkədə yaşadıqlarımdan nələr hiss etdiyimi sizə necə təsvir edim?

BAKI, 13 iyul — Sputnik. Bildiyiniz kimi, iyul ayının 4-də Almaniyada keçirilən "Next Stage Europe 3" festivalına dəvət almışdım. Festival çərçivəsində Almaniyanın üç şəhərində — Potsdamda, Berlində və Frankfurt (Oder)-də oldum.

Altı günlük səfər zamanı ölkənin ədəbiyyatı, tarixi, incəsənəti, mədəniyyəti ilə yanaşı, sosial-ictimai həyatı ilə də tanış olmağa çalışdım. Ən əsası isə bu suala cavab axtardım: Almaniya həqiqətən də, bizdə deyildiyi kimi, dağılırmı?

İlk gün Berlindən Potsdam şəhərinə gedən qatara minəndə təəccübləndim. Qatara minik üçün hansısa kart göstərmək, jeton salmaq tələb olunmurdu. Düşündüm ki, yəqin nəqliyyat sistemi pulsuzdur. Daha sonra platformalarda qoyulan kiçik bilet aparatlarını gördüm. İnsanlar gediş haqqını ödəyir, bilet alırdılar.

Mən də bilet almaq istədim, elə bu vaxt Höte adına İnstitutun vasitəçisi mənə 37 avroluq bilet verdi və dedi ki, burada bir həftəlik gediş haqqı var, bizim bütün xərclərimiz institut tərəfindən qarşılanır.

Qatara minəndə bileti əlimdə tutmuşdum ki, hər hansı bir cihaza, yaxud şəxsə göstərim, daha sonra bunun da tələb olunmadığını görüb bileti cibimə qoydum. O məsum bilet hələ də cibimdə qalır. Altı gün müddətində Berlin, Potsdam və Frankfurt (Oder) şəhərlərinin avtobus, metro və tramvaylarından istifadə etdim, heç kəs məndən bilet tələb etmədi. Nəhayət, anladım ki, bu, iqtisadiyyatdan öncə mədəniyyətdir. Heç kəs heç bir vasitə ilə sizi ödənişə məcbur etmir, siz isə şəxsi mədəniyyətiniz naminə ödəniş edirsiniz.

Daha sonra yollarda yol polislərinin olmadığını gördüm. Sanki bu ölkədə yol polisi yox idi. Bundan sonra yollardakı hərəkət qaydalarına nə qədər riayət olunduğuna diqqət etdim. Deməli, əgər yoldan heç bir avtomobil keçməzsə belə, piyadalar işıqforun göstərişlərinə əməl edirlər. Əgər yanğınsöndürən, təcili yardım, polis maşınları həyəcan siqnalı ilə hərəkət edirsə, bütün avtomobillər bir kənara çəkilib onlara yol verir. Səkilərdə üç xətt çəkilib: birində uşaqlı valideynlərin, birində velosipedlərin, birində də digər piyadaların hərəkət etməli olduqları barədə nişanlar qoyulub.

Velosiped demişkən, həmişə düşünürdüm ki, bu almanlar niyə bu qədər uzunboy olurlar? Səfər zamanı bu suala da cavab tapdım. Almaniyada avtomobildən çox velosiped var. Uşaqdan qocaya qədər hər kəs velosipedlə hərəkətə daha çox üstünlük verir. Bu, həm onların xərcini azaldır, həm də sağlamlıqlarına faydalıdır. Velosipedin boyun uzanması üçün ən yaxşı idman üsullarından biri olduğunu da bilirsiniz, yəqin.

  • Maksim Qorki teatrı - Small Town Boy tamaşasından əvvəl
    Maksim Qorki teatrı - Small Town Boy tamaşasından əvvəl
    © Sputnik / Orxan Bahadırsoy
  • Maksim Qorki teatrının aktyorları
    Maksim Qorki teatrının aktyorları
    © Photo : Orxan Bahadırsoy
  • Next Stage Europe 3 festivalı
    Next Stage Europe 3 festivalı
    © Sputnik / Orxan Bahadırsoy
  • 1250-ci ildə inşa edilmiş tarixi məkan
    1250-ci ildə inşa edilmiş tarixi məkan
    © Sputnik / Orxan Bahadırsoy
  • Henrix Von Kleistin ev muzeyi və kitabları
    Henrix Von Kleistin ev muzeyi və kitabları
    © Sputnik / Orxan Bahadırsoy
1 / 5
© Sputnik / Orxan Bahadırsoy
Maksim Qorki teatrı - Small Town Boy tamaşasından əvvəl

İki gün ard-arda səhər saat 9-da bizi muzeyə apardılar: biri rəssamlıq və heykəltəraşlıq muzeyi, biri isə teatr və ədəbiyyat muzeyi. Təsəvvür edin ki, səhər saat 9-da hansısa muzeyin girişində insanlar növbəyə düzülmüşdü. Yox, hamısı turist deyildi. Elə almanların özləri də övladlarını, şagirdlərini, tələbələrini muzeylərə gətirirdilər.

Və teatr…! Berlin şəhərində yerləşən Maksim Qorki teatrında iki müxtəlif tamaşanı izlədik. Biri Falk Rixterin "Small Town Boy" əsərinin, biri də Olqa Qryaznovanın "Ruslar yeganə millətdir ki, şam ağacını sevirlər" əsərinin tamaşası idi.

Hər iki tamaşada izdiham var idi. Deyəcəksiniz ki, bizdə də teatrda izdiham olur. Bəli, olur. Lakin bu izdihamı hər tamaşanın birinci, ikinci və üçüncü təqdimatlarında görürük. Üç il, dörd il, beş il repertuarda olan tamaşalarda belə izdiham yaşanmır. Almanlar isə teatrı sevir, qoruyur, bəsləyirlər ki, ondan öyrənsinlər, müdrikləşsinlər, həm ruhları, həm şüurları təmizlənsin. Çünki onlar sənətin, xüsusən də teatrın nə olduğunu bilirlər!

Daha bir qəribə fakt! Potsdam şəhərində yerləşən Hans Otto teatrında Neil Simonun "Ein seltsames Paar" əsərinin tamaşası nümayiş olunurdu. Teatrın direktoru – eyni zamanda "Next Stage Europe 3" festivalının təşkilatçılarından biri Kristafor Hanf bizi – yəni festivala dəvət olunan dramaturqları zala salmaq üçün kassaya yaxınlaşıb bilet aldı.

Fikirləşdim ki, bu, Höte adına İnstitutun məsələsidir və ona görə də direktor işlədiyi teatra dəvət olunan qonaqlar üçün bilet alır. Daha sonra öz əlində də bilet tutub bizimlə birlikdə girişə yaxınlaşdığını, bileti nəzarətçilərə göstərib nəzakətlə gülümsədiyini, onu içəri buraxdıqları üçün təşəkkür etdiyini gördüm. Həmin anda nələr hiss etdiyimi sizə necə təsvir edim? Siz mənim yerimə olun, nələr hiss edərsiniz?

Bütün bunlarla bitmir. Hələ sizə velosipedlərdə gəzən sürücüsüz, mühafizəçisiz nazirdən, millət vəkilindən danışacağam. Almaniya teatrının səhnəsində Almaniya prezidentinin şəklini qoyub onu necə tənqid etmələrindən danışacağam. Dünyanın ən böyük müharibəsindən məğlub çıxmış bir xalqın indiki nəhayətsiz azadlığından danışacağam. Növbəti yazıda…

Əlaqədar

Azərbaycan Prezidenti: “Göstərdik ki, İslam mədəniyyət dinidir"
Bakıda bir neçə ölkənin mədəniyyət günləri keçirilib
Maddiyyət qədər ucuzlaşan mədəniyyət
"Mədəniyyət təcrid oluna bilməz"
Mədəniyyəti əsarətdən xilas etməli
Müharibə mədəniyyəti
Teqlər:
Frankfurt, Potsdam, alman, festival, teatr, bilet, Berlin, polis, Almaniya, küçə

Əsas mövzular