Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

İsgəndər keflənməsəydi, Sevil yaylığını atmasaydı...

© Photo : Akademik Milli Dram TeatrıÖlülər tamaşası
Ölülər tamaşası - Sputnik Azərbaycan
Abunə olmaq
Hansı romanımız Hüseyn Cavidin "İblis", "Afət", "Şeyx Sənan" faciələri kimi ümumbəşəri həqiqətlərə güzgü tutub?

BAKI, 23 may — Sputnik. Son illər bir sıra ədəbiyyat insanının müzakirə etdiyi ən ciddi ədəbi problemlərdən biri də Azərbaycanın 21-ci əsr dramaturgiyasıdır. Ədəbi mühitdə qəribə qruplaşmalar mövcuddur. Əlbəttə, hər kəsin şəxsi işidir, heç kəsi nəsə yaratmağa məcbur etmək olmaz. Lakin qəribə olan odur ki, şeirin ətrafına toplaşan şairlər qrupu var, nəsrin ətrafına toplaşan yazıçılar qrupu var, amma dramın ətrafına toplaşan dramaturqlar qrupu yoxdur.

Payız, arxiv şəkli - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Gənc yaşda ölən dahilər: 20 yaş, 23 yaş...

Dünya ədəbiyyatında dramaturgiyanın tarixi eramızdan əvvələ söykənsə də, Azərbaycan dramaturgiyasının tarixi cəmi 167 il əvvəl Mirzə Fətəli Axundovla başlayıb. Hərçənd, Axundovun pyesləri sadəcə ilk olduğuna görə tarixdə böyük yer tutdu. Bu pyeslər məzmun və ideyası ilə elə də böyük əhəmiyyət daşımırdı.

Əbəs deyil ki, Hüseyn Ərəblinski kimi teatr nəhənginin peşəkar teatrın təməllərini atdığı dövrdə Azərbaycan teatrının repertuarında Qoqolun "Müfəttiş", "Evlənmə", Molyerin "Zorən təbib", Şillerin "Qaçaqlar", Şekspirin "Otello", Tolstoyun "Əvvəlinci şərabçı" kimi bir sıra xarici müəlliflərin əsərləri üstünlük təşkil edirdi. Azərbaycan dramaturgiyasının Azərbaycan teatrı səhnəsində geniş vüsət alması isə Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev və Cəlil Məmmədquluzadədən sonra başladı.

1916-cı ildə Cəlil Məmmədquluzadənin "Ölülər" əsərinin tamaşaya qoyulması ilə Azərbaycan teatrı səhnəsinə əsl pyes gəldi və bu əsər inqilabın təməllərini atdı. Bu əsər həm məzmunu və ideyası ilə yenilik idi, həm də mövzusu ilə aktual problemlərin dramaturji ustalıqla təsviri baxımdan əhəmiyyətli idi.

Elə bir aktuallıq ki, üzərindən bir əsr keçməsinə rəğmən, hələ də əhəmiyyətini itirmir. Bu əsər oxunduğu və teatr səhnəsində oynanıldığı gündən indiyə qədər gözü elmə kor, mövhumata açıq kütləyə əsl sillə təsiri bağışladı. "Ölülər" təkcə Kefli İsgəndər obrazı ilə dillərə düşmədi, eyni zamanda mənəvi ölüləri diriltdi, neçə-neçə aydın nəsillər yetirdi.

Dramaturgiyanın gücü də bundadır. Dram əsərlərinin təsir qüvvəsi daha böyükdür. Həm mütaliəsi rahat, həm teatr səhnəsi üçün münasib, həm də ekranlaşdırma üçün uyğundur. Kefli İsgəndərin əsərdəki kefli xarakterini başqa heç bir janrda bu qədər gözəl təsvir etmək mümkün olmazdı.

Dərdli insan - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Yazıçıya təcavüz etdilər

Daha sonra isə Azərbaycan dramaturgiyasına Cəfər Cabbarlı və Hüseyn Cavid kimi nəhənglər gəldi. Cəfər Cabbarlının "Sevil", "Oqtay Eloğlu", "Od gəlini" kimi dram əsərləri bütün keyfiyyətlərinə görə bu kiçik mühit üçün həqiqi inqilab demək idi. "Sevil" əsərindən sonra oxumağa, işləməyə, özünü bir insan kimi formalaşdırmağa can atan, çadralara bürünməkdən xilas olub elmin və əməyin işığı ilə aydınlanmağa çalışan qadınlar nəsli yetişdi.

Əgər Sevil başını açmasaydı, Oqtay teatr səhnəsinə qadın çıxarmaq uğrunda mübarizə aparmasaydı, Biləgənli Elxan üzünü bütün səadət bayquşlarına tutub o möhtəşəm monoloqu deməsəydi, çox güman ki, qadınlarımız çadralarda gizlənib ər çörəyinə möhtac yaşayır, səhnəmizdə hələ də kişilər qadın rolu oynayır, üzərimizdə səadət bayquşları hegemonluq edirdi.

Hüseyn Cavid dramaturgiyası ilə ədəbiyyatımız adət-ənənə çəpərlərindən xilas olub daha da dünyəviləşdi. Müharibə mövzusunda təkcə bizim dramaturgiyada deyil, bütün dünya dramaturgiyasında ən möhtəşəm əsərlərdən birini məhz Hüseyn Cavid yazdı. Ümumiyyətlə, müharibə mövzulu dram əsərləri məzmun baxımdan hər nə qədər güclü olsa da, heç biri ideya baxımdan Hüseyn Cavidin "İblis" pyesi qədər əhəmiyyətli deyil. İnsanlar arasındakı yersiz ayrıseçkiliklər də "Şeyx Sənan" pyesindəki qədər heç bir dram əsərində belə ustalıqla təsvir olunmayıb.

Bilirəm, bir az orta məktəb dərsliklərində yeri gəldi-gəlmədi pafosla təbliğ-tərənnüm olunan şablon cümlələr qurdum, amma dramaturgiyadan anlayan hər kəs bu fikirlərin əsl həqiqət olduğunu təsdiqləyər. Əlbəttə, həqiqətin şablonu olmaz. Ona nə don geyindirsəniz, yenə də həqiqət olaraq qalacaq.

Bu fikirləri isə əbəs yerə yazmadım. Bizim ədəbiyyatda elə bir janr göstərə bilməzsiniz ki, təsir qüvvəsi dram janrındakı qədər olsun. Məsələn, hansı romanımız Cəlil Məmmədquluzadənin "Ölülər" tragikomediyası kimi dillər əzbəridir və Kefli İsgəndər kimi unudulmaz qəhrəman doğub?

Hansı romanımız "Oqtay Eloğlu" kimi, "Sevil" kimi, "Od gəlini" kimi cəsarət, insan azadlığı, sənətin aliliyi kimi mühüm məsələlərlə zəngindir? Hansı romanımız Hüseyn Cavidin "İblis", "Afət", "Şeyx Sənan" faciələri kimi ümumbəşəri həqiqətlərə güzgü tutub? Hansı romanımız bu pyeslər kimi yenilikçi nəsillər yetirib, insanlara yeni ideyalar bəxş edib? Axı dedim, dram əsərlərinin təsir qüvvəsi daha böyükdür.

Məhz bu baxımdan, dram janrının ətrafına toplaşmaq, yeni dram əsərləri yaratmaq, əlbəttə, bu dram əsərlərində bəşəri ideyaları təbliğ-tərənnüm etmək, həm ədəbi, həm tarixi, həm də insani dəyərlərə görə daha əhəmiyyətlidir. Yeni ədiblər nəslinin dramaturgiyaya laqeydliyi çox üzücü hadisədir. Axı həqiqətən də bugünkü cəmiyyətin Kefli İsgəndər, Sevil, Oqtay, Biləgənli Elxan, Arif, Şeyx Sənan kimi qəhrəmanlara ehtiyacı var…

Xəbər lenti
0