03:32 17 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0222
  • EUR2.0331
MƏDƏNİYYƏT
Qısa URL
12351

"Bu cədvəlin muğam tədris olunan bütün sinif otaqlarından asılmasına, müəllim və şagirdlər arasında yayılmasına ehtiyac var"

Ayaz Yaşılyarpaq, Sputnik Azərbaycan

BAKI, 13 apr — Sputnik. Dəfələrlə fikir vermişəm: o küçədən, o binanın önünündən keçənlər ayaq saxlayır, söhbətlərinə ara verib azacıq aralıdan gələn səsə qulaq kəsilirlər. Bəzən qarmon, tar, fortopiano, nağara və başqa musiqi alətlərindən çıxan səslər bir-birinə qarışır. Amma bu da həzin və yanıqlı zəngulələri batıra bilmir.

Bəmdən zilə doğru pillə-pillə, çətin və əzablı keçilən yol. Bu yolun enişi, yoxuşu, daralmağı, genişlənməyi, sərt döngəsi, qəfil haçalanmağı var. Sıldırım qayalara bənd edilib dərin dərələr üzərində qurulan kanat yollar bunun yanında nədir ki. Bu yol dağın özünü belə, yerindən oynadır, sal daşları muma döndərir…

Vahid Əliyev
© Sputnik / Kamal Almuradlı
Vahid Əliyev

Söhbət insanın içindən — hiss və duyğularından yoğrulub səsə çevrilən yoldan — muğamatdan gedir. Belə bir yoldan keçənlər necə ayaq saxlamasınlar?

Pünhan deyilməyən sirr…

Bizi də o səs sehrinə salıb özünə sarı çəkdi. Beləcə İmişlidəki uşaq incəsənət məktəbinin səs (muğam) şöbəsinin otağına daxil olduq. Muğamın ifası kimi, təlim prosesi də maraqlıdır. Zəngin bir sənətin nə incə məqamları, özəl sirləri varmış…

Musa Əsədov
© Sputnik / Kamal Almuradlı
Musa Əsədov

Müəllim "Qatar" muğamı üstündə Əliağa Vahidin "Gözlərin qarəsinə bir neçə qurban demişəm" misrası ilə başlayan qəzəlini necə ifa etməyi şagirdi Musa Əsədova izah edir. Sonra qaval iki qızın — Fidan və Səbinə Məmmədovaların əlinə keçir. Hələ yetkinlik yaşa çatmamış bacılar "Qoca dağlar"a üz tuturlar. Ömər Nəcəfzadə və İsaq Ocaqovun zil səslə dedikləri bayatı hər kəsi riqqətə gətirir:

Aləm cənnətə dönsə,
Yaddan çıxmaz Qarabağ!

Dərs bitir. Vahid müəllim açıq havaya çıxıb sinə dolusu nəfəs alır, qəlyanını tütünlə doldurur. O, 40 ilə yaxındır ki, beləcə yorulmaq bilmədən əyalətdə muğam sənətinin tədrisi ilə məşğuldur.

Fidan və Səbinə Məmmədova bacıları qavalda ifa edirlər
© Sputnik / Kamal Almuradlı
Fidan və Səbinə Məmmədova bacıları qavalda ifa edirlər

"Yetirmələrim arasında dünya festivalının qalibləri var"

"Hələ 1970-ci illərdə Asəf Zeynallı adına Musiqi Məktəbində oxuyanda qarşıma məqsəd qoymuşdum ki, öz rayonuma qayıdıb, muğam məktəbi açım. Həmin vaxt İmişlidə musiqi məktəbi vardı, amma onun muğam şöbəsi təşkil olunmamışdı. El şənliklərinə xanəndələr başqa yerlərdən dəvət edilirdi" — deyir.

İlk vaxtlar Vahid Əliyev üçün çətin olur. Kəndləri, məktəbləri, fermaları gəzib səsi, istedadı olan uşaq axtarışına çıxır, güc-bəla ilə kiçik dərnək yaradır. Amma ruhdan düşmür. Nəhayət 1979-cu ildə ilk sinif formalaşır. İndi fərəhlə əldə etdiyi nəticələri sadalayır.

O vaxtdan üzü bu yana böyük səhnələrə çıxmış, müsabiqələr qalibi olmuş 54 yetirməsi var: "Onların arasında xalq artisti Simarə İmanova, opera solisti Nəzər Bəylərov, dünya muğam festivalının qalibi Vüqar Tahirov da var. Elə bir il olmayıb ki, şagirdlərimdən kimsə ali və ya orta ixtisas təhsili verilən musiqi məktəbinə qəbul olunmasın. Bəziləri indi mənimlə çiyin-çiyinə çalışır, yaxud ölkəmizin başqa şəhər və rayonlarında muğamın tədrisi ilə məşğuldurlar".

Təcrübəli pedaqoq öz qabaqcıl təcrübəsini də bölüşür: "Mən daha çox əyani vəsaitlərlə dərs keçirəm. Yalnız nəzəri biliklər aşılamaqla xanəndə hazırlamaq olmaz. Köhnə ifaçılar da böyük sənətkarlardan görüb-götürüblər. Ona görə sinif otağında "Muğam xəzinəsi" yaratmışam. "Xəzinə"də muğam ustalarının diskləri, albomları, nümunəvi ifaları toplanılıb. Məsələn, "Bayatı-kürd" barədə danışanda, Ağaxan Abdullayevin ifasını səsləndirirəm".

Muğam dərsi
© Sputnik / Kamal Almuradlı
Muğam dərsi

Əyalət müəllimi muğam cədvəli tərtib edib

Muğamlarımız neçə əsrlərin yadigarıdır. Bu sənəti öyrədən və təbliğ edən insanların, gələcək nəsil qarşısında bir mənəvi öhdəliyi də var — bu da onu yad elementlərdən qorumaqdır. Bəzən fərqli, ənənədən kənar ifalar olur. Bu da zövqləri korlayır, səhv təsəvvürlər formalaşdırır.

Bütün bu mənfi halların qarşısını almaq üçün Vahid Əliyev "Muğam dəstgahlarının və zərb muğamlarının sistemləşdirilmiş cədvəli"ni tərtib edib. Bu cədvəldə əsas 7 muğamın hər birinin hissələri, eləcə də ayrı-ayrı muğam ailələri, kiçik həcmli və zərbi muğamlar öz əksini tapıb.

Sənət bilicisi onun kütləvi yayılmasının gərəkliliyini vurğulayır: "Cədvəli mədəniyyət nazirinə də təqdim etmişəm. Sənətşünaslar, ekspertlər də baxıb, müsbət rəy bildiriblər. Qalır onun çapını və yayılmasını təşkil etmək. Bu cədvəlin muğam tədris olunan bütün sinif otaqlarından asılmasına, müəllim və şagirdlər arasında yayılmasına ehtiyac var".

Muğam dəstgahlarının və zərb muğamlarının sistemləşdirilmiş cədvəli
© Sputnik / Kamal Almuradlı
Muğam dəstgahlarının və zərb muğamlarının sistemləşdirilmiş cədvəli

"Xan əmi bizə baxır"

Vahid Əliyevin daha bir xidməti ölkəmizin uşaq musiqi müəssisələri arasında ilk olaraq bu əyalət məktəbində "muğam muzeyi" təşkil etməsidir. Özü də fiziki və mənəvi cəhətdən köhnəlmiş bir binanın darısqal sinif otağında. Bundan ötrü ilk olaraq döşəmə və divarları xalça-palazla tutub. Deyir, xalılar divara "çırpılıb" geriyə qayıdan səsin, adamın başına "düşməsinə" imkan vermir, onu zərərsiz vəziyyətə gətirir. Üstəlik otağın divar və döşəməsindəki eyibləri gizlədir.

Divar boyu musiqi ədəbiyyatı kitablarını, əşya və alətləri yerləşdirib, əyani vəsaitlər, böyük sənətkarların, ən yaxşı muğam ifaçılarının iri şəkillərini asıb. Demə, təcrübəli peaqoq bu şəkillərlə də uşaqlarda məsuliyyət hissini artırmaq məqsədi güdübmüş: "Məsələn, "Kürdü-şahnaz" muğamını öyrədəndə, əvvəl məlumat verirəm ki, bu muğamın çoxsaylı ifaçıları olub, amma onu Xan Şuşinski daha gözəl oxuyub. Şəklini göstərib uşaqlara deyirəm ki, diqqətli olun, Xan əmi bizə baxır. Birdən nəyisə səhv edərik, oradan dilə gələr, bizi danlayar ki, belə oxumaq olmaz…"

Əlaqədar

Azərbaycan Muğam Caz Hərəkatının memarı
Ağdamda Muğam Mərkəzinin təməli qoyulub
Muğam dünyasının Seyidi
Daş ürəklərdə yanıb daşları sındırdı muğam
Öz ifası ilə muğam ustalarını qorxuya salmış ustad
Teqlər:
"Muğam dəstgahlarının və zərb muğamlarının sistemləşdirilmiş cədvəli", "Muğam xəzinəsi", Vahid Əliyev, muğam, ifa, səhnə, bina, səs

Əsas mövzular