07:43 18 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0621
  • RUB0.0230
MƏDƏNİYYƏT
Qısa URL
9511

Gənc müğənni hesab edir ki, xarici müsabiqələrdənsə, ölkə daxilindəki müsabiqələrdə iştirak etmək yaxşıdır

BAKI, 30 mart — Sputnik. Gənc azərbaycanlı ifaçı Cavid Məmmədov bütün dünyada məşhur olan “Ukraynanın səsi-7” layihəsini tərk edib. Ukraynanın “Bumboks” qrupunun məşhur “İnsanlar” kompozisiyasını möhtəşəm ifa etməsinə baxmayaraq, münsiflər onun şoudan uzaqlaşdırılmasına səs veriblər. Cavid layihəni tərk etməsilə bağlı Sputnik Azərbaycan-ın suallarını cavablandırıb.

— Cavid, sizin pərəstişkarlarınız layihədən çıxmağınıza görə çox mütəəssir olublar. Bəs siz özünüzü necə hiss edirsiz? 

— Hər şey əladır. Mən artıq doğma Gəncədəyəm və istirahət edirəm. Pərəstişkarlarıma da demək istəyirəm ki, mütəəssir olmasınlar. Mənim bu layihədə cəmi 3 çıxışım olub. Axırıncı çıxışıma baxanda gözlərim yaşardı. Hesab edirəm ki, bu, mənim ən yaxşı çıxışım olub. Mən bilirdim ki, keçməyəcəm. Çünki azərbaycanlılar belə beynəlxalq layihələrdə nadir hallarda qabağa gedirlər. Ona görə də, xahiş edirəm ki, heç kəs buna görə üzülməsin.

Cavid Məmmədov
© Photo : KAMIL BUNYATZADE
Cavid Məmmədov

— Çoxları hesab edir ki, münsiflərin seçimi səhv idi…

— Mən nə deyə bilərəm? Təəssüf ki, efirə hər şeyi vermirlər, bəzi yerləri kəsirlər. Mən təəssüf edirəm ki, layihəni belə tez tərk etdim. Çünki özümü bu komandanın tərkib hissəsi hesab edirdim. Bu layihə mənə çox şeyi öyrətdi. Bilirəm ki, bu yolu davam etdirməliyəm. Özümü tərifləməyi sevmirəm, amma hərdən olanı demək lazımdır. Öz çıxışıma baxanda başa düşdüm ki, mənim həqiqətən də istedadım var. 

Düzünü desəm, bu mahnını komanda seçmişdi və mən onu oxumaq istəmirdim. Sonra kompozisiyanın sözlərini oxuyanda başa düşdüm ki, o, mənə bütün həyatımı xatırladır. Mən təbiətən çox hissiyyatlı və səmimi insanam. Bu mahnı ilə bütün hisslərimi çatdırmaq istəyirdim və düşünürəm ki, bunu bacardım. Sadəcə səhnəyə çıxdım və onu hiss etdiyim kimi oxudum. Təəssüf ki, münsiflər məni seçmədilər. Bilmirəm onlar niyə belə etdilər. Düşünürəm ki, yəqin mən onlar üçün yad idim. Hesab edirəm ki, xaricdənsə, ölkə daxilində keçirilən müsabiqələrdə iştirak etmək yaxşıdır. Təəssüf ki, bizdə o səviyyədə şou yoxdur. Nə olur olsun, mən şadam ki,  “Ukraynanın səsi” layihəsində iştirak etmişəm. 

Gənc azərbaycanlı ifaçı Cavid Məmmədov
© Photo : Cavid Məmmədovun şəxsi arxivi
Gənc azərbaycanlı ifaçı Cavid Məmmədov

— Cavid, sizi bu müsabiqədə sıxışdırmırdılar ki? 

— Hər şey əla idi. Elə şeyləri danışmağı sevmirəm. Bizim hər birimiz öz ölkəmizi təmsil edirdik və qələbə uğrunda mübarizə aparırdıq. Mənimlə çox yaxşı davranırdılar. Mən dəstəyə görə bütün təlimçilərə minnətdaram. Onlar mənə çoxlarının arzu etdiyi şansı verdilər, bütün iştirakçılarla dostlaşdım. Onlar Azərbaycan mahnılarına sadəcə heyran olmuşdular. Mən fasilələrdə onlara bir az öz mahnılarımızdan oxuyurdum.

— Əvvəlcə siz Camalanın komandasında olduz, sonra isə Sergey Babkinin. Onların hansı ilə işləmək daha xoş idi?

— Camala çox istedadlı ifaçıdır. O, hətta Azərbaycan mahnılarını da bilir. Mən Sergeylə çox az məşğul olmuşam. Onun komandasında da yaxşı ifaçılar çox idi. 

— İndi nə ilə məşğul olmaq fikrindəsən? 

— Hələlik Gəncədəyəm, amma tezliklə Bakıya gələcəm. Mənim çoxlu tanışlarım yaranıb və onlar mənə kömək edəcəklər. Mən çox istərdim ki, hansısa yerli layihədə iştirak edim. Həmçinin gənc ifaçıların beynəlxalq müsabiqəsi olan “Yeni dalğa”ya ərizə göndərməyi planlaşdırıram. Bu layihənin iştirakçılarına baxanda görürəm ki, onlardan heç nə ilə geri qalmıram. Bu, mənə özümə inanmaq üçün güc verir. Əminəm ki, məndə hər şey alınacaq. 

Əsas mövzular