20:14 15 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8744
Su çərşənbəsi

Bu gün Azərbaycanda su çərşənbəsi qeyd olunur

© Sputnik / Shahperi Abbasova
MƏDƏNİYYƏT
Qısa URL
337260

İlk çərşənbə olan su çərşənbəsi suya tapınma inancı ilə bağlıdır

BAKI, 21 fev — Sputnik. Yazın, Novruzun ilk qaranquşu, müjdəçisi çərşənbələrdir. Novruz qədim ənənələrə söykənən və Azərbaycanın milli ünsürlərini özündə birləşdirən əsas bayramlardan biridir. Bu gün Azərbaycanda ilk çərşənbə — su çərşənbəsi qeyd olunur. Buna el arasında "Əzəl çərşənbə", "Gözəl çərşənbə", "Gül çərşənbə", "Sular Novruzu" da deyilir.

İnanca görə, həmin gün sular təzələnir. Gün doğmazdan öncə kənd yerlərində insanlar bulaq üstünə gedər, əl-üzünü yuyar, bir-birinin üzünə su çiləyər, su üstündən atlanar, evə su gətirərək həmin sudan çay qoyarlar. Deyilənə görə, su çərşənbəsi günü su üstündən keçənlər azar-bezardan uzaq olarlar. Hətta söyləyirlər ki, su çərşənbəsi günü bulaqların şəfası da artar. Bəlkə də buna görə ta qədimlərdə insanlar həmin gün su kənarında, bulaq başında, çay qırağında su çağıran, onun gözəlliyini, qüdrətini, müqəddəsliyini tərənnüm edən nəğmələr oxuyardılar.


İlk çərşənbə olan su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Həmin gün su üstündə müxtəlif mərasimlər keçirilir. Su çərşənbəsi ilə əlaqədar çoxlu sayda inanclar, fallar, türkəçarələr, bayatılar, əfsanələr və rəvayətlər var. Bu çərşənbədə yenicə ana olmuş qadın meydanda dayanıb subay qızlara və övladı olmayan gəlinlərə su verərmiş. İnanca görə həmin il subay qızlar ailə qurar, övladı olmayanlar övlad sahibi olacağına inanardılar.
  • Su çərşənbəsində subay qızlar stəkana su doldurub, saçlarından bir tel qopardaraq ona nişan üzüyü bağlayıb, suya salıb çıxarırlar
    Su çərşənbəsində subay qızlar stəkana su doldurub, saçlarından bir tel qopardaraq ona nişan üzüyü bağlayıb, suya salıb çıxarırlar
    © Sputnik / Shahperi Abbasova
  • Saça və ya sapa bağlanmış üzük stəkanın kənarlarına neçə dəfə dəyib səs çıxarsa xanımlar həmin yaşda ailə quracaqlarına inanarlar
    Saça və ya sapa bağlanmış üzük stəkanın kənarlarına neçə dəfə dəyib səs çıxarsa xanımlar həmin yaşda ailə quracaqlarına inanarlar
    © Sputnik / Shahperi Abbasova
  • Su çərşənbəsi falı
    Su çərşənbəsi falı
    © Sputnik / Shahperi Abbasova
  • Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır
    Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır
    © Sputnik / Shahperi Abbasova
  • Su çərşənbəsi ilə əlaqədar çoxlu sayda inanclar, fallar, türkəçarələr, bayatılar, əfsanələr və rəvayətlər var
    Su çərşənbəsi ilə əlaqədar çoxlu sayda inanclar, fallar, türkəçarələr, bayatılar, əfsanələr və rəvayətlər var
    © Sputnik / Shahperi Abbasova
1 / 5
© Sputnik / Shahperi Abbasova
Su çərşənbəsində subay qızlar stəkana su doldurub, saçlarından bir tel qopardaraq ona nişan üzüyü bağlayıb, suya salıb çıxarırlar

İlk çərşənbənin gəlişi ilə evlərdə təmizlik işləri aparılır. Çünki Novruz həm də təmizliyin, yeniliyin rəmzidir. Bu çərşənbələrdə açılmış süfrələrdə milli təamlar, xonçalar süfrənin bəzəyi olur. Çərşənbələr, həmçinin, dostuq, qayğıkeşlik, mehribanlıq hisslərini də aşılayır. Belə ki, çərşənbələrdə yaşlı insanları, qohumları ziyarət etmək adətdir.

Çərşənbələrin maraqlı əyləncələrindən biri də fala baxmaqdır. Su çərşənbəsində subay qızlar stəkana su doldurub, saçlarından bir tel qopardaraq ona nişan üzüyü bağlayıb, suya salıb çıxarırlar. Saça və ya sapa bağlanmış üzük stəkanın kənarlarına neçə dəfə dəyib səs çıxarsa xanımlar həmin yaşda ailə quracaqlarına inanarlar.

Digər fal da maraqlıdır. Su çərşənbəsi zamanı subay qızlar səhər tezdən heç kimlə danışmadan 2 iynənin arxasına pambıq bağlayıb lal axan suya atırlar. Əgər iynələr bir tərəfə getsə, deməli, sevdikləri insana qovuşacaqlar, əgər ayrı dayansalar bu onların qovuşmayacağına işarədir.

Su çərşənbəsi axşamı süfrəyə mütləq bir qabda su qoyulmalıdır. Şirniyyat, quru meyvələr düzülməlidir. Həmin axşam adətən, mərci plov bişirilməlidir. Çünki Su çərşənbəsində süfrənin bəzəyi lobyalı xörəklər sayılır. Şimal-Qərb bölgəsində isə çərşənbələrdə mütləq yabanı halda bitən göyərtilərdən girs (göyərti, qoz və yumurtadan hazırlanmış içliyi olan, suda bişirilən xəmir xorəyi) bişirilir. Bu gün insanlar bir-biri ilə mehriban davranmalı, arzulamalıdırlar ki, növbəti çərşənbələri də şad-xürrəm keçirsinlər.

Su çərşənbəsinə qoşulan nəğmələrin birində belə bir ifadə var: "Allah, məni su elə, su gözəllər yüküdür". Burada qızların səhənglə bulaqdan su gətirməsinə işarə edilir. Gözəllərin yükü sudan ibarətdir. Qızlar ayna bulaqların gözündən süzülən sudan güzgü kimi istifadə edərək öz əkslərinə baxarlar. Öz gözəlliklərinə, səliqələrinə əmin olandan sonra su yükünü götürüb gedərlər. İgidlər də əllərini qulaqlarının dibinə verərək haraylayarlar: "Sudan gələn sürməli qız…", yaxud da "Küçlərə su səpmişəm, yar gələndə toz olmasın".

Aşıq Ələsgər məşhur qoşmalarının birində deyib: "Çərşənbə günündə çeşmə başında, gözüm bir alagöz xanıma düşdü". Mütəxəssislər güman edirlər ki, aşığın bu şeiri su çərşənbəsi ilə əlaqədardır.

Qədim ənənəyə görə, bizdə qonağı su ilə qarşılayıb, su ilə yola salarlar. İnanca görə, su aydınlıqdır, paklıqdır, insanları xətadan, bəladan qoruyar, qonağın gəldiyi-getdiyi yollara səpilər ki, o, bir də gəlsin.  

Çərşənbələri ruh yüksəkliyi ilə qarşılamaq lazımdır. İnanca görə bayramı hansı əhvah-ruhiyyə ilə qarşılasan, növbəti bayrama kimi günlərin əksəriyyəti həmin əhval-ruhiyyə ilə də davam edəcək.

Dörd çərşənbənin əzəli olan su çərşənbəniz mübarək olsun!

Əlaqədar

Novruz çərşənbələrinin vaxtı açıqlanıb
Novruz bayramı zamanı 9 gün iş olmayacaq
Novruz haqqında bunları bilirdiniz?
Teqlər:
fala baxmaq, Aşıq Ələsgər, Novruz bayramı, çərşənbə, Su çərşənbəsi, Azərbaycan

Əsas mövzular