02:14 12 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
MƏDƏNİYYƏT
Qısa URL
71090

Yaxud yeni nümayiş olunan filmlərin bədbəxt taleyi: "Naxox", "Hoqqa", "Ağanatiq"...

BAKI, 15 fev — Sputnik. Artıq bir neçə ildir ki, Azərbaycanda ard-arda yeni filmlər çəkilir. Televiziyada, radioda, sosial mediada, metroda, marşrutda, kinoteatrların qabağında — az qala hər yerdə bu filmlərin afişaları ilə qarşılaşırıq. Təmtəraqlı qala gecələri, film haqqında ard-arda yayımlanan reklam xarakterli ucuz xəbərlər, baş rol ifaçılarının qalmaqallı açıqlamaları və bu kimi digər şeylər də hər yerdə gözümüzə girməyə çalışır.

Yaxşı bəs bu filmlərdə filmə, sənətə dair nəsə varmı? Bu filmlər tarixdə qalacaqmı? Çəkilən mövzunun verdiyi mesaj nədən ibarətdir? Hadisələr aktuallıq və maarifləndiricilik baxımından nə dərəcədə əhəmiyyətlidir?

Elə düşünməyin ki, mən sovet senzurasının tərəfdarıyam. Əsla! Əksinə, mən sənətə, yaradıcılığa tətbiq olunan bütün növ qadağalara, məhdudiyyətlərə qarşıyam. Yaradıcılığı qəliblərə salmağın, çərçivələrə soxmağın əleyhinəyəm. Amma təkrar edirəm: sənəti və yaradıcılığı.

Son 5 ilin yerli filmlərinin böyük bir qismində sənətdən və yaradıcılıqdan əsər-əlamət olmadığı üçün bu filmlərə hər cür qadağa, məhdudiyyət, qəlib, çərçivə və bu kimi şeylər tətbiq oluna bilər. Məsələn, "Şərikli çörək" filmində balaca qızcığazın öz dizində kömür və yaylıqla kukla düzəltdiyi səhnə bugünkü yerli filmlərin tamamından qat-qat daha böyük yaradıcılıq məhsulu, sənət əsəridir. Təkcə həmin filmin o səhnəsi bugünkü filmlərimizin hamısından daha aktual və maarifləndiricidir.

"Nəsimi" filmində Nəsiminin Topal Teymurla dialoq səhnəsi də, "Yeddi oğul istərəm" filmində Cəlalın güllələnmə səhnəsi də, "Babək" filmində Babəkin oğlu ilə dialoqu səhnəsi də, "Qaynana" filmində Cənnət xalanın gəlini Afətin məşqini izlədiyi səhnə də, "Bəxt üzüyü" filmində Hüseynin monoloq səhnəsi də həmçinin. Bu xırda səhnələrin hər biri ayrılıqda o qədər böyük məzmun, məna, ideya ehtiva edir ki, eyni istedad və əmək səviyyəsini müasir Azərbaycan filminin tamamında görmək mümkün deyil. "My name is İntiqam", "Xoxan", "My Name is İntiqam 2 — Moldova", "Naxox", "Hoqqa", "Ağanatiq", "Həddən artıq uyğunluq", "Gecə qonağı" və digərləri bu qəbildəndir.

Son günlər təqdimatı keçirilən yerli filmlərin əksəriyyətini izlədim. Məsələn, "Naxox" filmində Ağaxan Salmanlının mükəmməl ifasından başqa sənətə, yaradıcılığa aid heç bir şey yoxdur. Olduqca bəsit ssenari, bayağı dialoqlar, zərrə qədər daxili yaşantısı olmayan, sadəcə nitq və bədən hərəkətləri ilə güldürməyə çalışan bərbad aktyor oyunu və s. və i. a.

"Hoqqa" filmini isə filmdən daha çox elə hoqqa adlandırmaq yerinə düşər. Bəli, bu, film deyil. Ssenaristlərin, rejissorun və aktyorların çıxardığı hoqqadır. Acınacaqlısı odur ki, bu filmin rejissoru Cavid Təvəkküldür. Ad sizə tanış gəlmədisə, kömək edə bilərəm: Cavid Təvəkkül məşhur "Azarkeş" filminin rejissorudur. Zarafat deyil. Ciddi sözümdür. "Azarkeş" filmini çəkən adam "Hoqqa"nı da film adıyla insanlara sırımağa çalışıb.

Maraqlısı budur ki, hörmətli rejissorun ssenari ilə bağlı giley-güzar püskürən çıxışlarına tez-tez rast gəlirik. Görəsən, Cavid bəyin nəzərdə tutduğu fövqəladə ssenari bu idimi? Yoxsa… Yoxsa maddi sıxıntıların məcburiyyətimi?

"Ağanatiq" isə müəyyən qədər digər ikisindən daha yaxşı idi. Ən azından bu filmdə komediya bayağı dialoqların üzərində barmaqucu dayanmaqdansa, konkret hadisələrin içində kürsü qurmuşdu. Bir də ki, mövzu müəyyən qədər əhəmiyyətli idi. Məlum cəmiyyətimizin varlı-kasıb qarşıdurması, varlıların tamahı, kasıbların saflığı kimi ümumi və işlənmiş mövzular bir yerə cəmlənsə də, ümumilikdə, digərlərinə nisbətən daha çox film idi.

"My name is İntiqam 2 — Moldova" filmini isə kinoteatrdan deyil, bu yaxınlarda internet portalından izlədim. Əmin oldum ki, İntiqam hər hansı bir sadə vətəndaşın deyil, elə müasir Azərbaycan kinosunun obrazıdır. Çünki müasir Azərbaycan kinosu da İntiqam kimi özünü zirvələrdə zənn edir, amma səfil həyatı yaşayır. Uğur qazanacağına inanır, amma hər dəfə bədbəxtliklə üzləşir. Özünü bir şey zənn edir, amma əslində, İntiqamın təfəkküründən o yana keçə bilməyib.

Bu keyfiyyətsiz, sənətdənkənar məhsullara film dediyim üçün üzr istəyirəm. Axı bu yazını filmin peşəkarları oxuya bilər. Əgər ruh deyə bir şey varsa, kim bilir, bəlkə Həsən Seyidbəylinin, Rasim Ocaqovun, Əlisəttar Atakişiyevin ruhları da bunları görür. Hər halda əminəm ki, bunların heç biri film deyil, amma bizə bu cür sırınır.

Mən isə ən birinci hələ də dünyaya göstərə biləcəyimiz bir film sahibi olmadığımız üçün üzülür, bu sənətdənkənar məhsullara xərclənən vəsaitlərin zay olmasına təəssüf edirəm…

Əlaqədar

Türk filmlərinin əfsanəsi ağır günlər yaşayır
Milyonların sevə-sevə baxdığı "keyfiyyətsiz" film
“Naxox” filminin qala gecəsi keçirildi
Bakıda azyaşlı uşaqlar yaş həddi qoyulmuş filmlərə niyə buraxılır
“Fitnə” sənədli filminin təqdimatı keçirildi
Əsrimizin 100 ən möhtəşəm filmi
Bakıda türk filmlər həftəsi başlayır
Teqlər:
səhnə, sənət, rejissor, kino, film, aktyor

Əsas mövzular